Keçmiş polis rəisindən Elmara Vəliyevə qarşı sui-qəsdə REAKSİYA: "...cinayətdir "

Mahmud Hacıyev:"Cinayət hadisəsi baş veribsə, bu istər dövlət məmuruna, istərsə də sıravi vətəndaşlara qarşı törədilsin, cəzalandırılmalıdır"



"Cinayət Məcəlləsində cinayət əməlinin kimə qarşı törədilməsinə fərq qoyulmur”.

Bunu "Sherg.az”a Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun qəhrəmana çevrilməsindən və bu məsələ ilə bağlı itaətsizliyə çağırışlardan danışarkən sabiq polis rəisi Mahmud Hacıyev söyləyib. 

Onun sözlərinə görə, cinayət hadisəsi baş veribsə, bu istər dövlət məmuruna, istərsə də sıravi vətəndaşlara qarşı törədilsin, cəzalandırılmalıdır:


"Baş vermiş sui-qəsdlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirləri görəcəkdir. Hüquqi müstəvidə istintaq aparılacaq, araşdırmalardan sonra cəza tədbirləri müəyyən olunacaq. Bu, həm də Azərbaycan vətəndaşına qarşı törədilmiş cinayətdir. Belə ağır cinayətlərdə xüsusilə prokurorluq orqanları məsələyə qarışır. Çox güman ki, bu hadisəni də prokurorluq araşdıracaq”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb. Bildirilib ki, bu cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aysel Aslan