“Kəfənli”, “qanlı balta”, “metroda şalvarsız” aksiya...

Cəmiyyət flaşmob tipli aksiyalara hələ tam hazır deyil“5 il əvvəl cəmiyyət daha aktiv idi. İndi isə dəstəkləməkdən daha çox qınayırlar və ondan da artıq ittiham edirlər”
Bu günlər paytaxtda bir qrup vətəndaş tərəfindən keçirilən "kəfənli” aksiya diqqət çəkir. Bir neçə gün öncə "kəfənli” qadınları baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul etmişdi və şikayətlərini dinləmişdi. Srağagün isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev aksiya iştirakçılarını qəbul edib və 3 saat dinləyib. Aksiya iştirakçıları da onları narahat edən məsələləri DTX rəisinin nəzərinə çatdırıblar.
Şikayətçilərin yüksək rütbəli rəsmilər tərəfindən qəbul edilməsinə məhz "kəfən” geyinmələrinin səbəb olduğu deyilir. Yəni, qadınlar bu üsulla diqqəti cəlb edə biliblər.
Oxşar aksiyalar dünya ölkələrində də keçirilir. Müxtəlif sosial problemlərin işıqlandırılmasına diqqət yönəltməyə çalışan insanlar qeyri-adi aksiya formaları düşünür. Son illər bu tip aksiyalar flaşmob variantında keçirilir və iştirakçılar daha çox insanı aksiyalara cəlb etməyə nail olurlar. Məsələn, iki il əvvəl dünyada ALS xəstələri üçün xeyriyyə aksiyası - "1 vedrə soyuq su” keçirilirdi. Bəzi azərbaycanlı məşhurlar da hətta bu aksiyaya qatılmışdılar. Azərbaycanda isə indiyədək səs-küylü aksiyalardan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin keçirdiyi "Qanlı balta” aksiyası, digəri isə gənclərin metroda şalvarlarını soyunmaq cəhdləri idi. Doğrudur, bu aksiya gözlənildiyi kimi ictimaiyyət tərəfindən kəskin etirazla qarşılandı. Şəhər polisi də belə bir aksiyanın baş tutması üçün keşikdə dayandı. Amma o zaman da bir qrup gənc sosial şəbəkələrdə bu aksiyanın xoşməramlı olduğunu diqqətə çatdırmaq istədilər və yazdılar ki, "Metroda şalvarsız aksiya” bütün dünyada məşhurdur. Dünyanın 25 ölkəsində, 60-dan çox şəhərində keçirilib. Amma aksiyanın konkret hansı hədəfə yönəldiyini doğru-düzgün anlada bilmədiklərindən niyyətləri həyata keçməmiş qaldı. Ara-sıra başqa flaşmobların da şahidi oluruq. Gah kitab oxumaq, gah da əylənməklə bağlı paytaxtın mərkəzi küçələrində maraqlı flaşmoblar keçirilir.
Belə aksiyaların müsbət nəticələrindən danışmaq olarmı və cəmiyyətimiz bu tip aksiyalara nə dərəcədə açıqdır və nə dərəcədə aktivdir?
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında qeyd etdi ki, dəfələrlə qeyri-adi aksiyalar keçirilib, lakin ictimaiyyət tərəfindən aktivlik hiss edilməyib:
- Bəzən insanlar bu aksiyalara sıradan bir tamaşaçı kimi baxır. Aksiyanın aktiv iştirakçısına çevrilmirlər. Bizim üçün hələ də ənənəvi deyil bu cür aksiyalar. Adətən gənclər bu aksiyaları keçirir. Məsələn, siz bu cür aksiyalarda nəinki yaşlı insanları, hətta orta yaşlıları da çox az görərsiniz. İnsanların böyük hissəsi yalnız öz dolanışığı, yaşayışı ilə məşğuldur. Onları öz sosial problemləri düşündürür, başları məişət məsələlərinə qarışıb. İnsanlar sosial çevrələrində baş verənlərlə az maraqlanırlar. Çünki insanlar həmin aksiyalarda özünü, öz problemini görmür. Əgər istəyiriksə, hansısa sosial yönümlü aksiya geniş əks-səda doğursun, iştirakçılarının sayı çox olsun və bir nəticə əldə edilsin, o zaman ümumilikdə ictimaiyyəti narahat edən məsələlərlə bağlı aksiyalar keçirilməlidir. Bizim cəmiyyətə aid, insanlarımızı narahat edən və gələcəyimizə yönəlmiş məsələlər diqqət mərkəzinə gətirilməlidir. Məsələn, niyə bizdə dərisindən bahalı şubalar tikilən heyvanların qətl edilməsi əleyhinə "Kürk geyinilməsin” aksiyası keçirilmir? Və yaxud, sırf özümüzlə, milli kimliyimiz, genefondumuzun təhdid altında olması əleyhinə körpələrin ana südü ilə qidalanması, süni qidalara, qeysəriyyə kəsiyinə, abortlara qarşı tutarlı aksiyalar keçirilmir? Bunlar hamısı bu gün cəmiyyətimizi, sabah da gələcəyimizi təhdid edən problemlərdir. Xatırlayıram ki, bir müddət əvvəl gənclər Səhiyyə Nazirliyi qarşısında ana və
körpə ölümləri ilə bağlı aksiya keçirmək təklifi ilə çıxış etmişdilər. Belə şüar da təklif olunmuşdu: "Biz ölmək istəmirik”. Düşünürəm ki, bu aksiyanı daha da cəlbedici etmək mümkün idi. Bəzən xarici ölkələrdə flaşmob keçirən insanların küçədə, səkidə yerə uzanıb ölüm səhnəsi nümayiş etdirdiklərinin şahidi oluruq. Yəni, etiraz formaları müxtəlif üsullarla çatdırılır, flaşmoblar, başqa növ aksiyalar da bu qəbildəndir. Ancaq bu aksiyalar o zaman effektli olur ki, cəmiyyətin, ölkənin, şəhərin spesifik problemlərinə yönəlsin.
Bu tip aksiyalardan çəkinmək lazım deyil. Dünyada belə aksiyalar insanların özlərini ifadə etməsi, problemlərə diqqət yönəltməsi məqsədilə keçirilir.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, aksiyaların effektivliyi daşıdığı məqsəddən asılıdır:
- İstənilən aksiya məqsədyönlü və ünvanlı olmalıdır. O zaman effekt də verir, nəticəsi də olur. Məsələn, biz "Qanlı balta” aksiyasını jurnalist xanım Sevinc Mənsimli və anasının atası tərəfindən qətlinə etiraz olaraq və cəmiyyətin diqqətini məişət zorakılığına yönəltmək məqsədilə keçirmişdik. Bundan əvvəl də ictimai birlik olaraq biz məişət zorakılığı, gender problemi, qadın hüquqları ilə bağlı müxtəlif məzmunlu aksiyalar keçirmişdik. Ancaq "Qanlı balta” aksiyası sırf jurnalist xanım və anasının qətl edilməsinə etiraz idi. Hesab edirəm ki, nəticəsi də oldu. Aksiyalar mövzuya uyğun və davamlı olmalıdır. Aksiyaların nə dərəcədə diqqət cəlb edəcəyi davamlılığından xüsusilə asılıdır. Bir dəfə aksiya keçirdik, bununla iş bitdi, belə olmamalıdır. Problem varsa, həllini tapmayıbsa, aksiyalar da davamlı olmalıdır və cəmiyyətin diqqətini cəlb etməyə yönəlməlidir. Əsas məqsəd diqqəti problemə yönəltməkdir. Həm də bu tip aksiyalarda müxtəlif tərəfdaşların iştirakı vacibdir. Digər əsas tələb aksiyanın məqsədinin ictimaiyyətə düzgün çatdırılmasıdır və bunda da mətbuat, KİV-lər gərək aktivlik nümayiş etdirsin. Əsas tələblərdən biri də problemin dövlət qurumlarının, rəsmilərin diqqətinə çatdırılmasıdır. Çünki nəticə bilavasitə bundan çox asılıdır.
M.Zeynalova flaşmob və başqa tip aksiyalara ictimaiyyətdən dəstəyin zəif olduğunu da vurğuladı:
- Bizim cəmiyyət flaşmob tipli aksiyalara hələ tam hazır deyil. 5 il əvvəl cəmiyyət daha aktiv idi. İndi isə dəstəkləməkdən daha çox qınayırlar və ondan da artıq ittiham edirlər. İctimaiyyət seyrçi mövqeyində dayanır, yaxud da müzakirə edir. Yəni, bizim cəmiyyət daha çox müşahidəyə və müzakirəyə meyllidir. Aktiv iştirakçı olmaqdan hələ ki, uzaqdır.
Məlahət Rzayeva