Kənd təsərrüfatı üzrə peşə məktəbləri açılacaq
“Nəinki sıravi fəhlələrə - traktorçu, kombayn ustası, mexanizator, həmçinin savadlı kadrlara ciddi ehtiyac var”
Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbi açılacaq. Təhsil naziri Mikayıl Cabbarov deyib ki, 2017-ci ilin birinci rübündə Qəbələdə yaradılacaq yeni peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı kadr və mütəxəssislər hazırlayacaq.
Peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası aqroxidmətlər kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanacaq. BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni mütəxəssislərin hazırlanması” layihəsi çərçivəsində ilk pilot rayon kimi Qəbələnin seçildiyini vurğulayan M.Cabbarov qeyd edib ki, layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də həqiqətən rayonlarda kənd təsərrüfatı sahələri üzrə ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu deyib: "Düzdür, bölgələrdə peşə məktəbləri var, amma fəaliyyətləri zəifdir. Halbuki kənd təsərrüfatı üzrə təhsilli kadrların hazırlanmasında peşə məktəbi rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Peşə məktəbinin təcrübə sahəsi olmalıdır. Çünki burada praktika çox önəmlidir. Peşə məktəbləri təsərrüfatlarla əlbir fəaliyyət göstərməlidirlər, bilməlidirlər ki, tələbə harada təcrübə keçəcək. Peşə məktəbi öz fəaliyyətini yerli şərait nəzərə alınmaqla qurmalıdır. Rayonda hansı təsərrüfat sahələri geniş yayılıbsa, peşə məktəbi də o sahələr üzrə kadr hazırlığına önəm verməlidir. Peşə məktəbi yerli ehtiyacları öyrənərək fəaliyyət göstərməlidir. Kənd təsərrüfatı sahəsində nəinki sıravi fəhlələrə - traktorçu, kombayn ustası, mexanizator və sairəyə, həmçinin savadlı kadrlara ciddi ehtiyac var. Aqronom da, zootexnik də savadlı, bilikli olmalıdır. Hazırda biz görürük ki, bütün dünya ekoloji fəlakətlə üz-üzədir. Elə kadrlar hazırlanmalıdır ki, onlar təbiətin vura biləcəyi ziyanları vaxtında aradan qaldırmaq gücündə olsunlar. Elmləri, bilikləri sayəsində. Peşə təhsilinin inkişafı, kənd təsərüfatı üçün ixtisaslı kadrların hazırlanması vacib məsələ olduğu üçün Qəbələdə yeni peşə məktəbinin yaradılması təqdirəlayiqdir. Hesab edirəm ki, növbəti illərdə digər rayonlarda da peşə məktəblərinin açılması kənd təsərrüfatı sahəsinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına çox böyük təkan verəcək”.
Yeni yaradılan peşə məktəbindən effektiv nəticələr gözlədiyini vurğulayan professorun sözlərinə görə, bir şərtlə ki, tələbələrə təcrübəli müəllimlər dərs keçsin: "Nəzəriyyə ilə yanaşı, praktikanı mükəmməl bilən insanlar bu məktəbə cəlb olunmalı, dərslər də hər ikisinin vəhdətində tədris olunmalıdır. Traktorçuluğu, kombaynçılığı həvəskar formada öyrənməklə bu sahələrin elmi əsaslarına bələd olmaq arasında çox böyük fərq var. Elmlə təcrübə eyniləşəndə görülən iş də peşəkar olur. Amma burada da təhsilin səviyyəsi digər peşə məktəblərindəki kimi aşağı olacaqsa, artıq əziyyət çəkməyə ehtiyac yoxdur. Kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbinə qəbul şəffaf keçirilməli və sırf bu sahəyə marağı olan uşaqlar cəlb olunmalıdır. Yoxsa ki, adı var, özü yox tendensiyası burada da özünü göstərsə, gözləntilərimiz özünü doğrultmayacaq”. Digər təhsil eksperti Nabatəli Qulamoğlu isə yeni yaradılan peşə məktəbindən ciddi bir perspektiv gözləmədiyini deyib. Ümumiyyətlə, Azərbaycanda peşə məktəblərinin kadr hazırlamaq iqtidarında olmadığını vurğulayan ekspert peşə məktəblərinin illərdir yarıtmaz fəaliyyət göstərdiklərinə diqqət çəkib: "Heç kəsə sirr deyil ki, peşə məktəbləri ciddi nəticələr ortaya qoya bilmir. Adi kadrları belə ölkəyə xaricdən gətirməyə məcbur oluruq. Ölkədə peşə məktəbində kadr hazırlayan mütəxəssislərin hazırlığı, elmi səviyyəsi də yetərli deyil. Eyni zamanda peşə məktəbində kadr hazırlığının effektli olması texnoloji avadanlıqlardan ciddi şəkildə asılıdır. Bu gün ölkədə fəaliyyət göstərən peşə məktəblərində texniki avadanlıqlar yox səviyyəsindədir. Peşə məktəbində olan tələbələr yalnız nəzəri bilgilərlə kifayətlənməli olurlar. Bu da təbii ki, müşahidə edilən nəticələri ortaya qoya bilər. Bu gün yeni peşə məktəbinin açılmasının hər hansısa bir müsbət nəticə verəcəyinə inanmaq çətindir. Sadəcə olaraq ölkədə kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı verilən tapşırıqlar istiqamətində müəyyən görüntülər yaratmaq istəyirlər. Bu, sovet dövründə görüntü xatirinə edilən işlərə bənzəyir. Bu baxımdan ölkədə açılacaq peşə məktəblərinin ciddi perspektivini görmürəm”.
Şəymən