"Kərkükün Kürdüstana verilməsinin hüquqi əsası yoxdur”




"Kərkük vilayətinin Kürdüstan Muxtariyyətinin tərkibinə qatılması haqqındakı qərarın hüquqi əsası yoxdur”.

Bunu Sherg.az-a İraqın tərkibindəki türkmənlərin yaşadığı Kərkük vilayətinin Kürdüstan Muxtariyyətinin tərkibinə qatılması haqqında verilən qərara münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, ölkənin ərazisində hər hansı bir dəyişikliyi İraqın parlamenti təyin etməlidir:

"Vilayət ərazisində keçiriləcək referendumun nəticələri demək olar ki, məlumdur. Çünki orada türkmənləri qovub çıxardıblar, yerinə kürdləri yerləşdiriblər. Kərkükdəki sənəd idarəsi də kürdlər tərəfindən darmadağın edilib, oradakı sənədlərin hamısını yandırılıb. Yəni tarixi faktları sübut etmək üçün yeganə mənbə olan sənəd idarəsini məhv ediblər. Kürdlər evlərin və ərazinin çoxunu zorla türkmənlərdən alıb, məskunlaşıblar. Mənə elə gəlir ki, bu məsələlər hər hansı ölkənin ərazisindəki, vilayətlərin bir muxtariyyətdən alınıb, başqasına verilməsi, ölkənin parlamenti tərəfindən həyata keçirilməlidir. Referendumun keçirilməsi haqqında qərarı da parlament qəbul etməlidir. Kürdüstan Muxtariyyətinə bu qədər geniş səlahiyyət verilməyib ki, referendum keçirilməsinə qərar versin. İstənilən halda bu İraq konstitusiyasına ziddir, qeyri-qanunidir. Belə torpaq dəyişilməsi nə türkmənlərin, nə də ərəblərin maraqlarına uyğun deyil. Ona görə də verilən qərarın icrasının mümkünsüz olduğunu hesab edirəm”.

Qeyd edək ki, bu gün İraqın Kərkük vilayət şurasında keçirilən türkmən və ərəb üzvlərinin baykot etdiyi iclas kürd nümayəndələrin planlaşdırdığı kimi keçib. Bununla Kərkük şəhərinin Kürdüstan muxtariyyətinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Bu qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.

Aysel Aslan