Qoz alarkən diqqətli olun: “Suda saxlayıb çəkisini ağırlaşdırırlar”

  • “İçində də kiflənmə prosesi gedib”

Təzə ceviz satışa çıxarılıb. Xüsusən də küçə ticarətində, metrostansiyalarım qarşısında, keçidlərin üzərində alver gedir. Əhali də təzə çevizə şirnikib, alır. Amma bu, yaş çevizdir. Və həmçinin sulandırılmış cevizdir. İşbazlar bunu cevizin çəkisi ağır gəlsin deyə edirlər.

Yəni, biz 1 kiloqram ceviz – qoz alırıqsa, sulandırılması səbəbindən çəkisi ağırlaşır, yarım kiloqram 1 kiloqram “gəlir”. Amma itirdiyimiz təkcə maddiyyat deyil. Suya salınmış, sulanmış qozun tərkibi qısa müddətdə kiflənir, kif göbələkləri əmələ gəlir ki, bu da sağlamlığa ziyandır. Həm pulumuz gedir, həm də canımız. Baha aldığımız qozun bizə heç bir xeyri olmur.  

Qida məsələləri üzrə ekspert Ağa Salamov Sherg.az-a açıqlamasında bildirdi ki, təzə qozun tərkibində nəmlik, rütubət daha çox olur, nəinki tam yetişmişinin tərkibində: 

- Təzə qoz yaş olmalıdır, çünki hələ tam yetişməyib. Qoz o zaman tam yetişmiş olur ki, üst qabığı bərkiyir, qabıq bərkidikcə qozun tərkibindəki su da getdikcə azalır, quruyur. Bu halda qoz daha şirin və faydalı olur. Bəli, satıcılar, işbazlar qozu sulandırırlar. Bir müddət suyun içində saxlayıb nəmləndirirlər. Amma bunu inkar edir və sulu görünməsini belə əsaslandırmağa çalışırlar k guya qozu üst qabığından çıxarmaq üçün suya qoymalıdırlar. Əslində isə ceviz ağacda qalıb yetişdikcə üst yaşıl qabığı özü quruyur, çatlayıb tökülür, qoz çırpılanda da, yerə düşəndə də ən üst qabıq parçalanır, tökülür əsasən, ola bilər azacıq üzərində qalmış olsun. Sadəcə, alverçilər təzə qozu bazara tez çıxarmaq istəyir, ona görə də hələ tam yetişməmiş qozu alır, suya qoyur ki qabığı asan çıxsın, həm də suda qalan qozun çəkisi ağırlaşır. Və bunu da bazara çıxarırlar. Satıcıların 70-80 faizi belə edir. Ona görə də satışdakı cevizlər yaşdır. 

Bəs alıcı bunu necə ayırd etsin, nəm qozlar təzədir, yoxsa süni şəkildə nəmləndirilərək satışa çıxarılıb?

A.Salamov bildirdi ki, bunun da üsulu var: 

- Hər kim təzə qoz almaq istəyirsə, əlini salsın cevizləri altdan çıxarsın, görəcək ki, hamısı yaşdı, orta və alt hissədə olanlardan kif, rütubət qoxusu gəlir. Diqqətlə baxsınlar, hətta görəcəklər ki qozların üzəri kif bağlayıb. Bu, o deməkdir ki qozun içində də kiflənmə prosesi gedib. Belə qoz ziyanlıdır, zəhərlidir. Şəxsən məb ceviz almaq istəyəndə, belə edirəm, bir-ikisini sındırıram, içinə baxıram. Kiflənibsə, almıram. Məsləhət görərdim, təzə qozdur deyə şirniklənib almasınlar. Gözləsinlər, tam yetişsin, tərkibindəki su çəkilsin. Bərkisin, sonra alsınlar. Amma alanda yenə də sındırıb içinə baxsınlar.