Keyfiyyətsiz və təhlükəli ərzaqlar var

Orta məktəblərin bufetləri ictimaiyyətə qapalı saxlanır




Bu gün orta məktəblərin bufetlərində vəziyyət ürəkaçan deyil. Valideynlər uşaqlarının məktəbdə qidalanmasından narahatdırlar. Çünki uşaqlar məktəbdə valideyn nəzarətindən kənarda olurlar. Ona görə də uşaqların məktəb bufetindən nəsə alıb yeməyəcəyinə heç kim zəmanət vermir. Məhz bu baxımdan da məktəb bufetlərinin hazırkı durumu ciddi şəkildə nəzarətə götürülməlidir.

Bu gün valideynlər orta məktəblərin bufetlərindən narazıdırlar. Belə ki, orta məktəb bufetlərinin əksəriyyətində natəmizlik baş alıb gedir. Sanitar-gigiyenik qaydalara əməl olunmur. Ən əsas məsələ isə şagirdlərə satılan məhsulların keyfiyyətsiz və vaxtı ötmüş olmasıdır.

Qeyd edək ki, dünən mətbuatda Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılması, həmçinin 11 məktəbin bufet işçisinin cərimə olunması barədə xəbər yayımlanıb. Xəbərdə adı keçən 189-190 nömrəli məktəbin direktoru Ceyran Quliyeva isə məktəbin bufet işçilərinin cərimələnməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Direktor açıqlamasında vurğulayıb ki, ötən gün yayılan informasiyada 190 nömrəli məktəbin bufet işçilərinin cərimələnməsi haqqında məlumat verilib: "Qeyd edim ki, Bakıda 190 nömrəli məktəb fəaliyyət göstərmir. Məktəbin adı 189-190 saylı orta məktəbdir. Bizim məktəbin bufetində heç bir yoxlama aparılmayıb. Nəyə görə belə bir xoşagəlməz hadisələrdə məktəbin adını hallandırırlar? Bu, rəhbərliyi, valideynləri narahat edən məsələdir. Mən Səhiyyə Nazirliyinin "Qaynar Xətt”inə, Təhsil Nazirliyinə bu barədə məlumat vermişəm. Bu informasiya həqiqəti əks etdirmir”.

Bufetlər ictimaiyyətə qapalıdır

Orta məktəb bufetləri ilə bağlı durumu dəyərləndirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, yalnız təhsil nazirinin icazəsindən sonra bufetlərdə monitorinq aparıla bilər: "Nədənsə, orta məktəb bufetləri özlərini ictimaiyyətə qapalı müəssisə elan ediblər”.
Məktəb bufetlərindəki ərzaqların çox keyfiyyətsiz və insan həyatı üçün təhlükəli olduğunu vurğulayan AİB sədri dünyada təhlükəli yeməklərin sayının artdığını deyib: " O cümlədən də çipsilər, konserv olunmuş yeməklərin hamısı arzuolunmaz yeməklərdir. Bunlar xüsusən də uşaqlar üçün çox təhlükəlidir. Təəssüf ki, bu cür yeməklər məktəblərdə uşaqlara verilir. Azərbaycanda olan məktəb bufetlərinin demək olar ki, hamısı özəl qurumlara tabedir. Ona görə də orada özbaşınalıq yaranır və bufetlər nəzarətsiz qalır. Kim nə gəldi satır, uşaqlar da heç nə başa düşmədiklərindən həyatları üçün təhlükəli olan ərzaqları alıb yeyirlər. Sonra da onlarda zəhərlənmələr, xəstəliklər baş alıb gedir. Amma əvvəllər belə deyildi. Hər şey mərkəzdən idarə olunurdu və bir nəfər də bütün bunlara görə cavabdehlik daşıyırdı. Hazırda məktəb direktorlarının əksəriyyəti bufetlərə şərikdir. Nəzarət də olmadığı üçün bu gün məktəb bufetlərində hərc-mərclik yaranıb. Təbii ki, gigiyena orqanları, İİN bu sahə ilə maraqlanmalıdır. Amma çox təəssüflər olsun ki, bu məsələ heç kəsin yadına düşmür. Heç kəs anlamır ki, bizim gələcəyimiz həmin o məktəbdə oxuyan körpələrdən asılıdır. Bunun üçün də onları indidən qorumalıyıq. Bayat, vaxtı ötmüş keyfiyyətsiz yeməklərlə, pul qazanmaq xatirinə onları zəhərləmək, orqanizmlərini indidən məhv etmək düzgün deyil”- E.Hüseynov vurğulayıb. Birliyin sədri bildirib ki, hələlik orta məktəblərin bufetlərindəki ərzaqların keyfiyyətini yoxlamaq üçün monitorinq aparmaq kimi bir planları yoxdur”.

Şəymən