Kiçik problemlər sonradan böyük bəla yaradır

“Məişət zorakılığı bir qayda olaraq gənc və yeni ailə qurmuş insanlar arasında olur”




Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qadın Konsensus Mərkəzi "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai məlumatlandırma və ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində "Azərbaycanda məişət zorakılığı və erkən nikahlar” mövzusuna həsr edilən ilk "dəyirmi masa” keçirilib.

"Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı ölkədə məişət zorakılığı və erkən nikahlar barədə qısa məlumat verib: "Doğrudan da bu mövzu Azərbaycan cəmiyyəti üçün çox aktualdır. Hələ də cəmiyyətimizdə bu problemlərdən əziyyət çəkirik. Xüsusilə də cənub bölgəmizdə bu problem daha çoxdur. Əsasən milli adət-ənənələr əsas götürülür və yetkinlik yaşına çatmayan gənclər ailə həyatı qurur. Nəticədə xəstə uşaqlar dünyaya gəlir. Nəticədə toplum olaraq biz bu problemdən əziyyət çəkirik. Tədbiri keçirməkdə məqsədimiz cəmiyyətin maariflənməsi, layihənin davam etdiyi 6 ay müddətində cəmiyyətə mesajlarımızı göndərməkdir”.

Millət vəkili Aydın Mirzəzadə problemin mahiyyətinə toxunaraq qanunvericilik sahəsində görülən işlərdən söz açıb: "Düşünmürəm ki, bu məsələ Azərbaycan üçün bəladır. Qanunvericilik tərəfinə gəldikdə isə insanların qorunması sahəsində Azərbaycanda mükəmməl sistem yaradılıb. Cəmiyyətin ehtiyacı olduğu hər hansı bir sahədə qanun layihəsi operativ bir şəkildə müzakirə olunur, qəbul edilir. Övladların tərbiyəsi ilə bağlı hər iki valideynin məsuliyyəti, anaların dövlət tərəfindən maddi yardımların ayrılması sahəsində problemlər öz həllini tapır. Valideynlərin uşaqları saxlaması ilə bağlı çox ciddi problemlər var. Ona görə də paytaxtdan tutmuş ucqar bölgələrə qədər uşaq baxçaları yaradıldı. Burada ictimai qınaq məsələsi də böyük rol oynayır.

Ən pisi odur ki, kiçik problemin həlli ilə daha böyük problemlərin yaranmasına yol açmış oluruq. Məişət zorakılığı bir qayda olaraq gənc və yeni ailə qurmuş insanlar arasında olur. Bir qayda olaraq mətbuatda ailələr barəsində informasiya verəndə cəmiyyətdə belə bir fikir yaranır ki, bütün ailələrdə konfliktlər yaşanır. Buna görə də təklif edirəm ki, mətbuatda nümunəvi ailələri tanıtmaq lazımdır. Bu, vəzifəli şəxs, ictimaiyyət tərəfindən tanınan bir şəxs də ola bilər. Fikrimcə, Azərbaycan cəmiyyəti bu problemi aradan qaldırmağa qadirdir. Bu, zamanla həll olunan məsələdir. Artıq cəmiyyətdə qızların təhsil almağı genişlənir. Mən fikir vermişəm, qadınların təhsil almaq istəyi oğlanlara nisbətən getdikcə artır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təmsil edən Aliyə İbrahimova müvafiq sahədə görülən işlərin əhəmiyyətdən danışıb.

Vüqar Şahinoğlu