Ekspertin fikrincə, CHP-nin yeritdiyi siyasət indiki geosiyasi vəziyyətə adekvat deyil
Türkiyənin bu səviyyədə sıxışdırılması, terror hadisələri sadəcə başqanlıq sisteminə keçidlə bağlı deyil
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ölkədə baş vermiş terror aktlarının prezidentlik sisteminə keçidlə bağlı olduğunu bildirib. Kılıçdaroğlu deyib ki, Türkiyədə terrorun dayanması "prezidentlik sisteminə dur” deməkdən keçir. Terror hücumlarının artacağını dilə gətirən Kılıçdaroğlu, prezidentlik sisteminin müzakirə olunacağı vaxta qədər bunun belə davam edəcəyini vurğulayıb:
"Hər terror aktından sonra, prezidentlik sistemi vurğusunun edilməsi bunu göstərir”. CHP sədrinin sözlərinə münasibət bildirən politoloq Natiq Miri Kılıçdaroğlunun yanlış düşüncədə olduğunu bildirib. Ekspertin fikrincə, CHP-nin yeritdiyi siyasət indiki geosiyasi vəziyyətə adekvat deyil: "İndiki vəziyyətdə həm hökumət, həm də müxalifətdə olan partiyalar vahid şəkildə çıxış etməlidir. Siyasi partiyaların şəxsi maraqlarına xidmət edən fikirlər söyləməsi yolverilməzdir. Kılıçdaroğlunun açıqlaması siyasi maraqlara söykənir. Türkiyənin bu səviyyədə sıxışdırılması, terror hadisələri sadəcə başqanlıq sisteminə keçidlə bağlı deyil. Yaxın Şərqdə gedən proseslər və Türkiyənin regiona aktiv müdaxiləsi qardaş ölkəyə qarşı təzyiqlərin artmasına gətirib çıxarır. Türkiyənin bütün sərhədləri boyu savaş və terror təhlükəsi davam etməkdədir. Belə vəziyyətdə Türkiyə kimi ölkə "başı aşağı” dayana bilməz. Türkiyə qınına çəkilərsə, dövlət və xalq təhlükə altında qalar. Həmçinin, Türkiyədə baş verən terrorlar başqanlıqla deyil, hökumətin müstəqil siyasət yeritməsi ilə bağlıdır. Türkiyə terrora qarşı böyük savaş elan edib. Bu isə dünya güclərini narahat edir. Eyni zamanda müasir Türkiyə keçmişdəki kimi xarici ölkələrdən silah-sursat almır. Özü güclü hərbi texnikalar istehsal edir. Türkiyəyə olan təzyiqlərin səbəbi bunlardır. Qərb dövlətləri böyüyən və güclənən Türkiyə istəmirlər. Əgər Kılıçdaroğlu partiya maraqlarından deyil, dövlət maraqlarından çıxış etsəydi, həqiqətin fərqində olardı”.
İsmayıl