Kirayə evlər boşaldı...

Bakıda iş yoxdur, hamı kəndinə qayıdır
“Şəhərdə işini, qazancını itirənlər regionlara üz tutur, lakin orada da onları faktiki işsizlik gözləyir”

Kirayə evlər boşalır. Neçə ildir, paytaxta doğru davam edən axın, artıq geriyə çevrilib. Şəhərə qazanc ardınca gələn, iş tapıb, mənzil kirayələyib ailəsini də yanına alanlar, indi rayona, kəndə qayıtmaq məcburiyyətindədir. Manatın devalvasiyasının hamı kimi günəmuzd işləyən fəhlələrin də yaşam tərzinə sirayət edəcəyi gözlənilən idi. Şəhərdə iş tapmaq xeyli çətinləşib. Əhali pulunun qədrini bilməyə başladığından əlavə xərcləri azaldır. Hazırda ev tikdirən, mənzil təmir etdirən də azdır. Bəzi dövlət müəssisələrində ixtisarlar aparıldığı da gizli deyil. Bazarda qiymətlər, bununla yanaşı, yer haqqı da qalxdığından, dünənədək xırda ticarətdən gündəlik 5-3 manat qazananlar da artıq gəlir əldə edə bilmir. Məcbur olub "pırını-pırtını” toplayıb kəndə qayıdır. Prosesi şəhərdə kirayə mənzillər məhəlləsi kimi tanınan bölgələrdə izləmək mümkündür. Fəhlələr, işləyənlər hesabına illərdir qazanc əldə edən mənzil sahibləri kirayənişin yoxluğundan şikayətlənirlər. Mənzil sahibləri bu saat kirayənişini əldə çıraqla axtarır. Hətta 150-160 manatlıq mənzillərə də kirayənişin tapmaq xeyli çətinləşib.

Şəhərin ucqarlarında alababat bir otaq kirayələyib, əmək haqqının bir qismini mənzil haqqına ödəyən gənc ailə başçıları da artıq kəndə qayıtmaq məcburiyyətindədir. Müqayisədə tələbələrlə məsələ nisbətən yüngüldür. Tədris varsa, tələbə də var, deməli, kirayədə qalan da. Çətinlik kənddən gəlib fəhləlik, ya da ticarətlə məşğul olanlarladır. Paytaxtın kirayə bazarında əsaslı kütləni məhz bu təbəqə təşkil etdiyindən mənzillər də get-gedə boşalır.

Bunu mənzil bazarına bələd ekspertlər də təsdiqləyir.

Şəhərin mərkəzində qiymətlər daha çox düşüb

"MBA Consulting Group”un baş direktoru Nüsrət İbrahimov bildirib ki, yanvar ayı ilə müqayisədə mənzil bazarında bir az da olsa, təxminən 5-6 faiz civarında aktivlik artsa da, kirayə mənzil bazarında ümumiyyətlə, durğunluqdur:

- Həm aktivlik, həm də qiymətlərdə durğunluq müşahidə edilir.

Ötən illə müqayisədə dollarla ifadədə ümumi mənzil bazarında qiymətlər 3,4 faiz, manatla ifadədə isə 9,82 faiz azalıb. Kirayə mənzil bazarında isə bu azalmalar hər ay demək olar ki, davam edir. Şəhərin mərkəzində qiymətlər daha çox düşüb. Metro stansiyalarına yaxın və bir qədər kənar ərazilərdə isə qiymətlər stabildir. Tələbələrin kirayə etdiyi ərazilərdə qiymətlər hələki stabildir. Şəhərin mərkəzində isə qiymətlərdə azalma var. Lap elə manatla ifadədə. Məsələn, şəhərin mərkəzində 3 otaqlı evlərin aylıq kirayə haqqı əvvəllər 1200-1300 manata verilirdi. Bu gün isə 800-900 manata təklif edilir. Yaxud 2 otaqlı evlər 700-800 manata verilir, bu gün isə həm evlər 500-600 manata təklif edilir. 1 otaqlı evlərə gəlincə isə, onlar əvvəl 500 manata təklif edilirdisə, bu gün 350-300 manata təklif edilir.

N.İbrahimov bunu həm qeyri-mövsümi ayla, həm də iş adamlarının şəhərin mərkəzində kirayə etdiyi mənzilləri boşaltması ilə əlaqələndirib:

- Həm qeyri-mövsümi aylar, həm də bu gün mənzilləri kirayə edən iş adamlarının bazarda olmaması bazarda durğunluq yaradıb. Qiymətlərin aşağı düşməsi isə məhz bu amillə bağlıdır.

N.İbrahimov ümumi mənzil, eləcə də kirayə mənzil bazarında aktivliyin ölkə iqtisadiyyatının inkişafı ilə bağlı olduğunu qeyd edərək bunları deyib:

"Bazarda canlanma ölkə iqtisadiyyatından asılıdır. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, mənzil bazarında da aktivlik, canlanma müşahidə edilir, ölkə iqtisadiyyatında durğunluq isə əksinə, bazarda aktivliyin azalmasına səbəb olur”.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə bildirib ki, ümumi mənzil bazarında qiymətlər təxminən 27-30 faiz azalıb:

- Mənzil bazarında vəziyyət kritikdir. Bütün göstəricilər üzrə dinamikanın azalması prosesi gedir. Ümumiyyətlə, alqı-satqı əməliyyatlarının məhdudlaşması prosesi baş verir. Yəni, xeyli dərəcədə alqı-satqı əməliyyatları azalıb. Kirayə bazarında ciddi bir dəyişiklik yoxdur. Bu dövr kirayə bazarı üçün o dərəcədə də aktiv dövr hesab edilmir. Düzdü, müvafiq iqtisadi vəziyyətlə bağlı olaraq kirayə bazarında təklifə çıxarılan əmlakların sayı kifayət qədər artıb.

Bu isə ondan irəli gəlir ki, rayonlardan Bakıya işləməyə gələn insanların bir çoxu artıq ixtisar və s. səbəblərdən işlərini itiriblər. Nəticədə onlar geri qayıtmalı olublar. Onların kirayələdiyi mənzillərin boşaldılması nəticəsində, kirayə bazarı üzrə təklif portfelinin həcmi, başqa sözlə təklif portfelində boş mənzillərin sayı müəyyən qədər artıb.

Bu isə hələ ki, qiymətlərə əsaslı şəkildə təsir göstərmir. Bu proses davamlı olaraq baş verərsə, yəqin ki, qarşıdakı dövrlərdə biz kirayə mənzil bazarında da qiymət azalmasının şahidi olacağıq. Çünki kirayə mənzil bazarında bir qayda olaraq, qiymət dəyişməsi iyun-sentyabr aylarında baş verir. Bu dövr yaxınlaşdıqca, yəqin ki, kirayə mənzil bazarında qiymət azalmasını müşahidə edəcəyik.

Bəs şəhərdən kəndə qayıdanları yurdda nə gözləyir? Paytaxtdan əlini üzüb kəndə qayıdanlar orada qazanc əldə edə biləcəkmi?

Kəndli kəndə qayıdır...

İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında hökumətin konkret proqramlar icra edə biləcəyini dedi:

- Həqiqətən də, hazırda ağrılı bir proses müşahidə olunmaqdadı. Şəhərdə işini, qazancını itirənlər regionlara üz tutur, lakin orada da onları faktiki işsizlik gözləyir. Məlumdur ki, neft bumu zamanı Bakıya kütləvi axın oldu. İnsanların böyük hissəsi tikintidə çalışmağa başladı. Lakin indi vəziyyət dəyişib və işsiz qalan insanlar kəndə qayıtmaq məcburiyyətindədir. Onların kənddə yaşayışını təmin etmələri üçünsə konkret proqramlar icra edilməlidir. Regionlarda işsizliyin ləğvi hökumətin prioritet sahəsi olmalıdır. Bunun üçün region əhalisinə uzunmüddətli və güzəştli kreditlər verilməlidir. Azərbaycanın indi üzləşdiyi problemlə dünyanın bir çox ölkələri artıq tanışdır və hər kəs bu sıxıntıdan bir yolla çıxıb. Bunun bir yolu aqrar sənayeni, kənd təsərrüfatını inkişaf etdirməkdir ki, burada əsas məsələ stimullaşdırıcı dotasiyaların verilməsidir. Bilirsiz, bizim hökumətin səhvi budur ki, stimullaşdırıcı dotasiyalar əkin sahələrinin həcminə görə verilir. Bu, yanlışdır. Dotasiyaların əkin sahəsinin həcminə görə verilməsi kağız üzərində rəqəmlərin şişirdilməsinə gətirib çıxarır. Daha çox dotasiya almaq üçün əkin sahəsinin həcmini böyük göstərirlər. Amma dünya dövlətlərində, o cümlədən qonşu Gürcüstanda və Türkiyədə də belə deyil. Bu ölkələrdə dotasiyalar məhsulun keyfiyyətinə və həcminə görə verilir. Belədə fermer yaxşı və bol məhsul yetişdirməkdə maraqlı olur. Fermerlərə dəstək proqramları işlənməlidir. Məsələn, bizim ordunun ərzağına milyonlarla manat pul sərf olunur. Ərzağın müəyyən qismi də xaricdən alınır. Amma Türkiyədə artıq neçə ildir ki, ordunun yalnız yerli məhsullarla təmin edilməsi proqramı həyata keçirilir. Nəticədə yerli istehsal artır, hökumətin pulu da xaricə getmir, yerli məhsulların alınmasına sərf olunur ki, bundan həm hökumət, həm fermerlər qazanır, ordu da keyfiyyətli məhsulla təmin edilir. Burada fermerlərə əvvəlcədən sifariş etmək üsulu da keçərlidir. Fermer bilməlidir ki, yetişdirdiyi məhsulun alıcısı var. İşini də ona görə tarazlamalıdır. Fermerin məhsulunun alıcısı olduğunu bilməsi ona əlavə stimul verər. Yumşaq kredit siyasəti ən əsas stimullaşdırıcı vasitədir. Bunun da ən müxtəlif yolları var. Kreditlərin uzunmüddətli və ən aşağı faizlə verilməsi bunlardan biridir. Məsələn, Türkiyədə Ziraat bankası məhz bu işlə məşğuldur. Hökumət bilir ki, kəndə qayıdanın heç nəyi yoxdur. Onu ayağa qaldırmaq üçün dəstək olmalıdır. Sonra da verdiyinin əvəzini görməlidir.

Digər bir məsələ, kənd yerlərində mənzil-hotellərin yaradılmasıdır. Gürcüstan bu üsuldan istifadə etməklə həm turizmi inikşaf etdirdi, həm də yerli əhalinin güzəranı yaxşılaşdı. Gürcüstanda 2000-ə yaxın kənd hotelləri fəaliyyət göstərir. Bunlar kəndlilərin fərdi yaşayış evləridir ki, hotel kimi də fəaliyyət göstərir. Bölgəyə gələn turistlər üçün də bu olduqca maraqlıdır. Rahat evdə qalırlar, burada onlara yüksək xidmət göstərilir. Təbiətlə birbaşa təmasdadırlar, kənd ərzağı ilə qidalanırlar. Kim bundan imtina edər?! Ev-hotellər ailə üzvləri üçün də, kənd camaatı üçün də faktiki iş yeri və qazanc mənbəyidir. Görün, nə qədər insan işlə, əmək haqqı ilə təmin edilə bilər.

Bilirsiz, turizm elə bir sahədir ki, genişləndikcə özüylə bir çox digər sahələri də inkişaf etdirir. Kəndli yerli məhsuldarlığı artırmağa maraqlı olur, çünki alıcısı var, başqa ölkəyə gələn özüylə nəsə hədiyyə olaraq aparmaq istəyir, nəticədə tətbiqi sənət ustalarının əl işlərinə ehtiyac artır. Turist axını infrastrukturun inkişafını qaçılmaz edir, ümumilikdə regionda irəliləyiş baş verir. Bu işləri çox qısa müddətdə həyata keçirmək mümkündür. Yerli əhaliyə dəstək proqramları icra olunmalıdır. Məsələn, bu ev-hotellərin informasiya saytını yaratmaq olar, qoy insanlar öz xidmətlərini təklif etsinlər, qiymətlər şəffaf olsun, onları ən azından müəyyən müddətə pulsuz internetlə də təmin etmək olar. Bu işdə Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aktiv fəaliyyət göstərə bilər. Bunlar müvəqqəti iqtisadi çətinlik müddətində həyata keçirilə bilən operativ proqramlardır. Onun effektli olması üçün də dediyim kimi, güzəştli və uzunmüddətli kreditlər verilməlidir. Sıxıntılı zamanda insanlara şərait yaradılmalıdır ki, qazanc əldə edə bilsinlər. Hər şeyi hökumətin üzərinə qoymaq olmaz. Hər işi hökumət görməməlidir. Sadəcə, əhaliyə müəyyən qədər dəstək lazımdır. Çünki sənaye obyektlərinin tikilməsi, istehsalın artırılması və s. bunlar vaxt aparan işlərdir. Amma kənd təsərrüfatı sahəsində düzgün addımlar atılsa, əsaslı proqramlar işlənsə, biz artıq yayda və payızda bunun bəhrəsini görə bilərik. Ona görə də vaxt itirmədən aqrar proqramların icrasına başlanmalıdır. Artıq əkin vaxtıdır və fermer də, sadə kəndli də əmin olmalıdır ki, becərdiyi məhsulun alıcısı olacaq, boşuna zəhmət çəkməyəcək. Kəndlini buna inandırmaq lazımdır. O zaman kəndə qayıdan da, qayıtmaq istəyən də peşman olmayacaq. Bizim kənd təsərrüfatındakı geriliyimizin səbəbi kəndlinin kənddən uzaq düşməsi səbəbindən idi. İndi kəndli geri qayıdır, amma qayıtdığı yerdə onun yaşam təminatı olmalıdır.

Məlahət Rzayeva