Koalisiyasız Türkiyə

AKP iddialı görünür, CHP və MHP-nin başı söz atışına qarışıb



Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı müzakirələr davam etməkdədir. Amma hakim AKP rəsmiləri ilə müxalifət partiyalarına rəhbərlik edən şəxslərin biri-birini kəskin ittiham etməsi koalisiyanın qurulmasına maneçilik törətməkdədir.

Müxalif partiyalardan gələn mesajlara münasibət bildirən baş nazir Əhməd Davudoğlu deyib ki, koalisiya hər iki partiya, həm CHP, həm MHP üçün sərfəlidir: "Heç bir partiyanın daxili işlərinə qarışmadıq. Amma müxalif partiyalar biz onlarla görüşməmiş qapılarını bizə bağladılar. CHP bütün partiyaların daxili işlərinə qarışdı. MHP də bütün qapıları bağladı. HDP savaş strategiyasını tərk etmədi, silahı buraxmadı. Baykalın parlament sədrliyi üzərinə siyasi alver qurdular. Amma məclis sədrliyi ilə koalisiya prosesləri ayrıdır”.

"Koalisiyaya ən az möhtac olan AKP-dir”

Davudoğlunun sözlərinə görə, erkən seçki düşüncəsiylə yola çıxmaq, əvvəlcədən koalisiya hökumətinə inanmamaqdır: "Hansı partiya ilə, hansı şərtlər əsasında koalisiya hökuməti qurulacağını zaman göstərəcək. Ancaq millət bizə birgə hökumət qurun mesajı verib. Biz bütün partiyalarla müzakirələrə hazırıq. Danışıqlar aparacağıq. Əgər nəticə əldə olunmazsa, səbəbkarı biz deyilik”. Baş nazir deyib ki, koalisiyanı güclərin bölüşdürülməsi kimi anlamamaq lazımdır. Bu işlər sonra müzakirə olunacaq. Eyni zamanda növbəli baş nazirlik, nazirliklərin yüzdə əlli-əlliyə bölüşülməsi məntiqə ziddir. Millətin vermədiyini biz də verə bilmərik. Razılıq əldə olunmazsa, heç bir koalisiya qurulmayacaq. Biz buna möhtac deyilik”.

"Təkrar seçki ən son variantdır”

AKP-nin sədr müavini Hüseyin Çelik "hakim partiya erkən seçki istəyir” ifadələrinin doğru olmadığını söyləyib: "Xalq yorulub, siyasətçilər yorulub. Siyasi partiyalar razılaşması vacibdir. AKP-də CHP, MHP və HDP ilə bağlı müzakirələr davam etməkdədir. Koalisiyanı qurmaq üçün bir zavod kimi çalışırıq”. AKP-nin koalisiya məsələsində səmimi olduğunu deyən Çelik deyib ki, müxalif partiyalar hakim partiyadan qəbul olunması mümkün şeylər istəməlidir: "Tərəf-müqabilimiz bizdən əfsanəvi simurq quşunun lələklərini istəsə, deməli onlar koalisiyanın qurulmasında maraqlı deyillər. Əgər kimsə müxalifətdə qalmaq istəyirsə, bizim onunla işimiz yoxdur, onlarla danışılacaq məsələ də yoxdur. Əgər nəticə əldə edə bilməsək, xalq öz sözünü deyəcək. Şəxsən mən AKP-MHP koalisiyasının qurulmasını istəyirəm”.

"CHP problem yaradan partiya olmayacaq”

Parlament seçkilərinin nəticələri CHP-nin koalisiya görüşmələrinə baxışını dəyişməyib. CHP "14 şərt” fonunda hökumət qurma təklifini sürdürməkdə qərarlıdır. Partiya funksionerlərinin sözlərinə görə, CHP 7 iyulda başlanacaq hökumət qurma çalışmalarında geri addım atmayacaq. Düzdür, CHP-çilər hökumət qurma vəzifəsinin Əhməd Davudoğlunda olduğu müddətcə, AKP-CHP koalisiyasına ümid etmirlər. Amma düşünürlər ki, Ərdoğan bu tapşırığı Kamal Kılıçdaroğluna verərsə, o halda AKP-MHP koalisiyası qurula bilər. Partiyanın sədr müavini Mehmet Bekaroğlu bildirib ki, məclis başqanlığı seçim koalisiyasını bir qədər çətinləşdirdi, amma tamamilə bitirmədi: "Problemləri aşacağıq. Əgər CHP-nin 14 maddəsi üzərində anlaşma olarsa, koalisiya qurula bilər”.

"HDP-yə qarşısınızsa, onda parlamentə də girməyin”

CHP sözçüsü Haluk Koç MHP-ni sərt tənqid edib. Koç deyib ki, daha öncə də AKP-nin çıxılmaz durumlarında millətçilər hakim partiyaya yardım ediblər: "Dar üfüqli siyasət çözüm gətirməyəcək. Yaşadığımız reallıqlarla üzləşmə cəsarətini göstərməliyik. Əgər MHP səriştəsizliyini sürdürərsə, heç bir koalisiyada yer almayacaq. Hətta məclisə də girməyəcək. Ona görə ki, HDP-ni yox sayır. Siyasətdə heç kimi yox saymaq düzgün deyil. Bu, yanlış siyasətdir”.

"Bu, ucuz siyasətdir”

MHP də öz növbəsində CHP-ni ittiham edib. MHP sədrinin müavini Semih Yalçın deyib ki, lazım olanda siyasətdə yumşaqlıq etmək olar, amma səviyyəsizlik və ikiüzlülük etmək olmaz. Mədəsi geniş, hər qidanı qəbul edən qarınqulu siyasət anlayışı MHP-yə uzaqdır. MHP-nin inanclarına və fikirlərinə tərsdir. Hələ millətimizə silah doğrultmağa hazır bir qrupu tərəf-müqabili kimi qəbul etmək bizim siyasətimizə yaddır. Bu, ucuz siyasətdir. Hətta siyasətsizlikdir”.

İsmayıl