Koçaryan siyasətə qayıdır

Elxan Şahinoğlu: “O, Sarkisyanın adını çəkmədən ona ciddi mesajlar verib”



"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın hazırkı Prezidenti Serj Sarkisyanla, separatçı ölkənin sabiq lideri Robert Koçaryan arasındakı gərginliyin səbəblərindən danışıb.

O, "Şərq”ə söyləyib ki, Ermənistanla Azərbaycan arasındakı qısamüddətli aprel döyüşlərindən sonra R.Koçaryan İrəvana qayıtdı. Və S.Sarkisyan bundan ciddi narahatlıq keçirdi: "Keçmiş lider Ermənistan ordusunun məğlub durumundan öz məqsədləri üçün istifadə etməyə çalışdı. Hətta cəmiyyətdə S.Sarkisyana qarşı narazılıqların artmasına nail ola bildi. Vəziyyətin çətinləşdiyini görən S.Sarkisyan əbədi düşmənləri ilə ittifaq yaratmağa cəhd göstərdi. Levan Ter-Petrosyanla görüşdü. Çünki Petrosyan da Koçaryanı özünə ciddi rəqib bilir. O, bu səbəbdən Sarkisyanla müvəqqəti yaxınlığa getdi”.

Ekspertin qənaətincə, R.Koçaryan S.Sarkisyanı hədəfə alıb: "Koçaryanın iki gün öncəki açıqlamasında bunun işartıları hiss olunur. O bildirib ki, Azərbaycan ordusu güclənib yeni silahlar alıb. Ermənistan isə bu müddət ərzində ciddi addımlar atmayıb. Yeni silahlarımız yoxdur. Koçaryan Rusiyanın Azərbaycana silah satmasına da toxunub. Təəssüf hissi ilə qeyd edib ki, Ermənistan bu prosesə mane ola bilməyib. Bir sözlə, Sarkisyanın adını çəkmədən ona ciddi mesajlar verib. Bu göstərir ki, gələcək parlament və prezident seçkilərində Koçaryan özünə bir ittifaq yaradıb, Sarkisyana qarşı rəqabət formalaşdırmaq istəyir. Onun əsas məqsədi bundan ibarətdir”.

Ayyət Əhməd