Belə bir ssenari varsa, bu Ermənistan üçün fəlakət olacaq
Erməni siyasi analitik Stepan Safaryan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın evinə hücumla bağlı danışıb. O bildirib ki, populyar erməni saytları tezliklə təsirli süjetli böyük həcmdə analitik materiallar yayacaqlar. Ekspertin fikrincə, həmin materiallarda qeyd ediləcək ki, Köçəryanın mənzilinə qumbaranın atılmasının səbəbi onun Qarabağ məsələsində kompromissiz mövqe nümayiş etdirməsidir.
Ancaq Serj Sərkisyan və Levon Ter-Petrosyan Qarabağı vermək üçün birləşiblər: "Həmin materiallarda eyni zamanda vurğulanacaq ki, Qarabağı geri qaytarmayacaq yeganə şəxs
Köçəryandır və o, bu mübarizəyə rəhbərlik edə bilər. Onu isə qorxutmağa çalışırlar. Ancaq o, qorxanlardan deyil. Təsadüfi deyil ki, qumbara Köçəryanın Moskvada yüksək səviyyədə keçirdiyi görüşlər zamanı atılıb. Biz onun ətrafında birləşməliyik. O, milli-demokratik inqilab reallaşdıracaq, oliqarx iqtisadiyyatına və kriminallaşmaya son qoyacaq. Biz isə onun yanında olmalıyıq”.
Erməni analitikin proqnozunu şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, bu gün Ermənistan hakimiyyətində Köçəryan da olsaydı, mənfurlara gücümüzü göstərib, geri çəkilməyə məcbur edəcəkdik: "Sadəcə onun dövründə atəşkəs pozulmurdu. Atəşkəsə müəyyən dərəcədə riayət olunurdu. Lakin danışıqlar nəticə vermirdi. Əslində separatizmə başçılıq edənlərdən biri elə Köçəryan idi. Dağlıq Qarabağ qiyamlarını da məhz o törədib. Xatirimdədir ki, 1980-ci illərin ortalarında Levon Ter-Petrosyan Köçəryanı Ermənistanın baş naziri təyin etməklə özünə quyu qazdı. Çünki o, baş nazir olduqdan sonra Petrosyanı devirdilər. Köçəryan iki dəfə prezident oldu. Əslində Sərkisyanı da Köçəryan gətirib. Bu məqam çox önəmlidir. Görünür, Köçəryan və Sərkisyan kimi ismlər inanmırlar ki, Ermənistanda doğulan birisi prezident olsa, Qarabağı bunlar qədər "qoruya "bilər. Ona görə də, biri-birinə dəstək verirlər ki, hakimiyyəti Ermənistanda dünyaya gəlmiş birisi əldə etməsin. Çünki Qarabağ məsələsində güzəştə gedə bilər. Bunlar hakimiyyəti biri-birinə ötürdü. İndi də Köçəryan yenidən hakimiyyətə gəlməyə hazırlaşır. Belə bir ssenari varsa, bu, Ermənistanı fəlakətə aparacaq”.
Ekspertin fikrincə, Ermənistanda hakimiyyətə Köçəryan da gəlsə, separatçılıqdan əl çəkməyəcəklər: "Amma onu da anlamalıdır ki, vəziyyət dəyişməyəcəksə, Azərbaycan ordusu yenidən hücuma keçib savaşı davam etdirməyə çalışacaq. Bu, Ermənistanda böyük itkilərə səbəb olacaq. Baxın, aprel hadisələrindəki itkiləri düşmən ölkə cəmiyyəti həzm edə bilmir. Sərkisyanı və hakimiyyətin digər qollarını günahlandırırlar”.
Köçəryanın siyasi karyerasına gəlincə, politoloq diqqətə çatdırıb ki, o, Rusiyadan Ermənistana boş yerə qayıtmayıb: "Görünür, öz ətrafında yeni bir siyasi blok yaradıb, gələcək seçkilərdə iştirak etmək istəyir. Problem ondadır ki, Sərkisyan artıq konstitusiyada dəyişikliklər edərək, prezidentin səlahiyyətlərini azaldıb, baş nazir olmaq istəyir. Ola bilər ki, bu məsələdə Köçəryanla Sərkisyanın mövqeləri haçalansın. Amma onun özü də maraqlıdır ki, iki qarabağlı separatçı öz aralarında nifaq yaradıb, cəmiyyəti parçalamağa çalışacaqlar”.
Ayyət Əhməd