Köhnələr qalmayacaq

50-60-cı illərdə tikilən binaların sökülməsi zərurətdir



Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşdə Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlandığını deyib.

K.Heydərovun tikinti şirkətlərini bu layihədə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların

yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər.

Nazir bildirib ki, gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. Onların problemlərinin aradan qaldırılması üçün tədbirlər görüləcək. "Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.

Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu. Lakin Prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb və sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online” sistemində məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. Lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək.

Binaların yeniləri ilə əvəz olunması prosesini "Şərq”ə açıqlayan Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova insanların sağlamlıqlarında yaranan problemlərin əksəriyyətinin yaşadıqları evlərin qeyri-düzgün inşa olunmasından irəli gəldiyini deyib. Onun sözlərinə görə, düzgün inşa olunan evlərdə istifadə olunan beton və iç örtüyün arasında hava hissəsi ayrılır, o hava sayəsində betona həssaslığı olan insanların səhhətinə qarşı yaranan təhlükəni uzaq tutmaq mümkün olur: "Bakıda mövcud olan köhnə binalar, əslində müəyyən müddətdən sonra əsaslı təmir olunmalıdır. Köhnə binalar inşa olunan zaman düzgün qaydalara əməl olunmaması, hazırda sakinlərin səhhəti üçün problemlərin yaranmasına səbəb olur. Bundan çıxış yolu budur ki, bu binalar əsaslı təmir olunmalı, yaxud da tamamilə sökülərək, yerinə müasir tikinti üsullarına cavab verən, insanların sağlamlığına ziyan vurmayacaq materiallardan yeni binalar tikilməlidir”.

Əsasən birinci, ikinci və üçüncü mikrorayonlarda sökülməli olan evlərin daha çox olduğunu deyən ekspert, sovet standartlarına uyğun inşa edildiyi üçün evlərin layihəsinin də düzgün qurulmadığını əlavə edib: "Bəzi evlər var ki, insanlar hətta mətbəxə hamam otağından keçib getməyə məcburdurlar. Qeyri-peşəkar üslubda tikilmiş bu evlər sakinlərin rahatlığı üçün də maneələr törədir. Mətbəxi və hamamı çox kiçik olan bu evlər hələ keçən əsrin 50-60-cı illərində sırf əlil bir memarın təşəbbüsü ilə inşa olunub. Buna görə də indiki tələbatlara cavab vermir. İlk əvvəl söküləsi olan mənzillər də məhz bu binalardır”.

Binaların yenilənməsi üçün tikinti şirkətinə lazımi konpensasiya verilməsinin vacibliyini qeyd edən ekspert bu işi öhdəsinə götürən tikinti şirkətinin müəyyən konpensasiyaya uyğun olaraq yeni tikilən evləri sakinlərə təhvil verməli olduğunu deyib. Ölkəmizlə paralel olaraq Türkiyədə də köhnə evlərin sökülərək yeniləri ilə əvəz olunması layihəsinin yerinə yetirildiyini xatırladan Z.Budaqovanın sözlərinə görə, qardaş ölkədə layihənin planına uyğun hissə-hissə bu proses həyata keçirilir. Bizdə də lazımi şəraitdə, insanları incitməmək şərtilə bu məsələ həll edilməlidir.

Z.Budaqova ölkə ərazisində qəzaya daha yaxın vəziyyətdə olan və ya əlverişsiz ərazilərdə tikilən evlərin də kifayət qədər olduğunu, müəyyən müddət sonra onların da sökülməsinə, yeniləri ilə əvəz olunmasına zərurət yaranacağını bildirib: "Xəzər dənizinin və ümumiyyətlə, müxtəlif su hövzələrinin ətrafında yerləşən evlər və tikililərin sürüşmə kimi təhlükələrə məruz qalma riski daha çoxdur. Bu, tək Bakıda yox, bütün dünyada belədir ki, suyun səviyyəsi qalxdıqca ətraf ərazilərdəki tikililər təhlükə altına düşür. Ona görə də mövcud imkan daxilində bütün ölkə ərazisində qəzalı evlər, sökülməyə ehtiyacı olan mənzillər yoxlanılmalı, yaranan təhlükədən sığortalanmaq üçün insanları daha münasib ərazilərə köçürərək, təmir işləri aparılmalıdır”.

Aysel Aslan