Komissiya toplaşıb, əfv gözlənilir

Hüquq müdafiəçiləri bu dəfə məşhur məhkumların da azadlığa çıxacağına ümid edir




Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Komissiyanın üzvü, millət vəkili Azay Quliyev iclasda müraciətlərə və təkliflərə baxıldığını bildirib: "Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq”.

Qeyd edək ki, uzun müddətdir mətbuatda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamının imzalanacağına dair məlumatlar yer alıb. Eyni zamanda budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı da gözləntilər sırasındadır.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı da yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalanacağına ümid edir.

Prezident yanında Əfv Məsələləri Komissiyasının artıq toplaşmasına və iclas keçirməsinə diqqət çəkən hüquq müdafiəçisinin sözlərinə görə, Komissiya intensiv fəaliyyətə başlayıb. Və hüquq müdafiəçilərinin təqdim etdiyi siyahı üzrə müzakirələr aparılır.

S.Qocamanlı məhkəməsi getməsinə baxmayaraq, jurnalist Rauf Mirqədirovun da azadlığa çıxmasının gözlənilən olduğunu deyib: "Təbii ki, bu birbaşa prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm ki, Rauf Mirqədirovun işində baş verənlər, onun suçsuz olması nəzərə alınaraq əfv edilə bilər. Hüquq müdafiəçisi Leyla Yunusa gəldikdə isə xəstəliyinin nəzərə alınacağına ümid edirik. Ən azından baş tutacaq apelyasiya məhkəməsində xəstəliyi ilə bağlı istisnalı qərar çıxarıla bilər. Ya azadlığa çıxar, ya da ev dustaqlığı ilə əvəz edilə bilər”.

Sabiq səhiyyə naziri Əli İnsanovun da Əfvə düşəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən hüquq müdafiəçisi sabiq nazirin azadlığa çıxmasına cəmi 1 il qalmasının nəzərə alınacağını zənn edir: "Biz işçi qrupu olaraq bunları gündəmə gətirmişik. Amma bir daha deyirəm, son söz ölkə başçısınındır. Güman edirik ki, dövlət başçısı İlham Əliyevin və Avropa Şurası baş katibinin səyləri nəticəsində işini bərpa etmiş işçi qrupunun ortaya gətirdiyi məsələlər nəzərə alınacaq”.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı isə Yeni il qabağı əfv sərəncamının verilib-verilməyəcəyinin hələ ki dəqiq bilinmədiyini vurğulayıb. Xanım millət vəkilinin sözlərinə görə, komissiya hazırda daxil olan bütün müraciətləri araşdırır: "Prezident İlham Əliyev vaxtaşırı əfv fərmanları imzalayır. Bu, onun səlahiyyətində olan bir məsələdir. Komissiyanın üzvlərinin hər birinə məhkumların ailə üzvlərindən, qohumlarından və özlərindən müraciətlər daxil olur. Bununla əlaqədar olaraq müraciətlərin üzərində işlənilir, analizlər aparılır. Komissiya aktiv şəkildə fəaliyyət göstərir. Daxil olan bütün müraciətlər araşdırılır və təhlil olunur. Yekun rəyi isə Prezident verir. Bu səbəbdən yaxın vaxtlarda əfv sərəncamının verilib-verilməməsi dəqiq bilinmir”. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı da məhbusların əfvinin yalnız ölkə başçısının səlahiyyətində olduğunu deyib: "Əfv olub-olmayacağı ilə bağlı proqnoz vermək olar, amma mütləq olacaq ehtimalını deyə bilmərəm. Adətən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əfv olur. Amma imzalanan əfv sərəncamında kimlərin adının yer aldığını biz bilə bilmərik. Bu məsələ birbaşa ölkə başçısının siyasi iradəsindən və Əfv Komissiyasının fəaliyyətindən asılıdır. Əfv Komissiyasına siyasi məhbuslardan əlavə digər maddələr üzrə həbs olunan insanlar da müraciət ünvanlayırlar. Əfv Komissiyası da həmin siyahını hazırlayıb, Prezidentə verir. Bir də var ki, əfv yazmayan insanlarla bağlı hüquq müdafiəçiləri birbaşa Prezidentə müraciət edə bilər. Biz həm siyasi məhbuslar, həm də digər məhbusların əfvi ilə bağlı Prezident və Əfv Komissiyasına müraciət etmişik. Ümid edirik ki, prezident növbəti dəfə humanist addım ataraq, Əfv sərəncamı imzalayacaq”.

Şəymən