Komitə sədri əhalinin özünü koronavirusdan qorumasından danışdı

“Dünyada koronavirusla bağlı 160-170 min arasında yoluxma halı qeydə alınıb”.
"Sherg.az"ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 
O bildirib ki, bu, digər xəstəliklərlə müqayisədə azdır. 
“Lakin koronavirusun pandemiya halına çevrilməsinin səbəbləri var. Koronavirusun inkubasiya dövrü 14 gündür. Ancaq bəzən bu, 21 gün də davam edir. Bu da virusun sürətlə yayılmasına şərait yaradır”, - deyə Ə.Əmiraslanov bildirib. 
Deputat onu da əlavə edib ki, Azərbaycanda koronavirus əleyhinə tədbirlər planı hazırlanıb və müvafiq işlər görülür: 
“Azərbaycanda koronavirusa yoluxan insanların müalicəsi aparılır və onlar sağalacaqlar”. 
Ə.Əmiraslanov Azərbaycanda sosial izolyasiya tədbirlərinin zəif olduğuna diqqət çəkib:
“Nazirlər Kabineti yanında operativ qərargah xüsusi rejimlə bağlı qaydaları açıqlayıb. Lakin insanlar yenə də kütləvi şəkildə gəzirlər.
Koronavirusdan qorxmaq lazımdır. Amma panika yaratmaq da koronavirusa qarşı mübarizənin effektivliyini zəiflədə bilər”.