“Kommersiya banklarında monitorinqlər keçirilməlidir”
Vüqar Bayramov: “Son aylar ölkədə Mərkəzi Bankın fəaliyyəti hiss olunmur”
Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından üzü bu yana banklarda kreditləşmə ilə bağlı vəziyyət hələ də sabitləşməyib. Hazırda ölkədəki 44 bankdan yalnız 7-si həm milli, həm də xarici valyutada kredit ayırır. Bunlar "AGBank”, "Azərbaycan Beynəlxalq Bankı”, "Expressbank”, "Bank VTB Azərbaycan”, "Qafqaz İnkişaf Bankı”, "Naxçıvanbank” və "Rabitəbank”dır.
Banklardan 6-sı kreditləşməni yalnız manatla, 17-i isə yalnız dollarla həyata keçirir. Hər iki valyutada kredit verilməsini dayandıran bankların sayı isə 14-dür.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov isə o qənaətdədir ki, Azərbaycanda fəaliyyət göstərən banklara kreditlərin valyuta növünün seçilməsi ilə bağlı nəzarət edilməsinə ehtiyac var: "Kommersiya banklarının əksəriyyəti kütləvi şəkildə öz kreditlərini dollar və ya digər xarici valyutalarla təklif edirlər. Bu isə birmənalı şəkildə mövcud qaydalara ziddir. Qaydalara əsasən Kommersiya bankları müqaviləli kredit təklif edən zaman valyuta növünü öz normalarına uyğun olaraq müəyyənləşdirməlidir. Kommersiya bankının dollar-avro və manat normasına uyğun şəkildə kreditin valyuta növü seçilməlidir. Təbii ki, bankın milli valyuta daxil olmaqla bütün valyuta ehtiyatlarının 60 faizini xarici valyuta təşkil edirsə, o zaman verilən kreditlərin 60 faizi məhz xarici valyuta ilə təklif edilməlidir. Qalan 40 faizin manatla təklif edilməsi isə məcburidir. Hazırda isə valyuta normasının hansı səviyyədə olmasına baxmayaraq Azərbaycan kommersiya bankları öz kreditlərini dollarla təklif edirlər. Bu da valyuta normalarının prinsiplərinə ziddir. Əslində mövcud problem praktik olaraq gözlənilən idi. Çünki manat devalvasiyaya uğrayan zaman Mərkəzi Bank prosesləri qabaqlamaq üçün heç bir addım atmadı. Bunun da nəticəsi olaraq banklar vətəndaşlara krediti ya dollarla təklif edir, ya da ümumiyyətlə kredit vermir”.
Ekspert hesab edir ki, kommersiya bankları bu addımı atmaqla bir növ öz risklərini azaltmağa çalışırlar: "Banklar dollarla kredit təklif etməklə sanki öz risklərini sığortalamağa çalışırlar. Əslində kreditin dollarla təklif edilməsi bankların kreditlərinin risklərinin sığortalanması anlamına gəlmir. Çünki nəzərə almaq lazımdır ki, manatın məzənnəsi yumşaldıqca, vətəndaşlar dollarla olan kreditləri ya qaytara bilmir, ya da qaytarmaqda çətinlik çəkir. Əslində manatın devalvasiyasından sonra dollarla kredit götürənlərin bir qisminin aylıq ödənişlərini ödəməkdə çətinlik çəkdiyini görürük. Bu gün aparılan monitorinqlər də göstərir ki, vətəndaşların ödəmə qabiliyyəti kəskin aşağı düşüb. Bu baxımdan, əslində öz risklərini sığortalamaq istəyən kommersiya bankları yeni bir risk formalaşdırır. Nəticə etibarilə problemli kreditlərin sayı artır. Bu, birmənalı şəkildə doğru yanaşma deyil. Praktik olaraq kommersiya bankları manat və dollar normasına uyğun olaraq kreditləri təklif etməlidir”.
V.Bayramovun sözlərinə görə, yaranmış qanunsuzluqları aradan qaldırmaq üçün kommersiya banklarında monitorinqlər keçirilməlidir. Əks halda, bu proses kredit götürən vətəndaşlar üçün bir sıra çətinliklər yaradacaq: "İndiki halda 14-ə yaxın bankın kredit verilməsini dayandırması da arzuolunan deyil. Çünki kommersiya bankları üçün əsas gəlir mənbəyi kreditdir. Əgər banklar bu prosesi dayandırsa, özünün gəlir mənbələrindən olur”.
İqtisadçı deyib ki, kredit məsələsini Mərkəzi Bank öz nəzarətinə götürməlidir. Çünki burada söhbət Azərbaycanın kommersiya banklarından gedir. Bura ABŞ və ya onun hər hansı bir ştatı deyil ki, kommersiya banklarının böyük bir qismi vətəndaşlara krediti dollarla təklif etsin? Biz Azərbaycanda yaşayırıq. Azərbaycan vətəndaşları da krediti Azərbaycanın milli valyutası ilə götürmək hüququna malikdir. Bu hüquq isə ölkənin Mərkəzi Bankı tərəfindən qorunmalı və dəstəklənməlidir: "Kreditin xarici valyuta ilə təklif olunması vətəndaşın seçim imkanını məhdudlaşdırır. Çünki onların öz istəklərinə uyğun krediti manatla götürmək hüququ var. Kreditlərin yalnız dollarla təklif edilməsi diskriminasiyaya səbəb olur. Bu isə vətəndaşların milli valyuta ilə kredit götürməsinə imkan vermir”.
Baş verənlərə görə birmənalı olaraq, Mərkəzi Bankı ittiham edən İSİM rəhbəri deyib ki, mövcud problemlərə rəğmən Mərkəzi Bank yenə də seyredicidir. Son aylar ölkədə Mərkəzi Bankın fəaliyyəti hiss olunmur. Təbii ki, fəaliyyət yalnız devalvasiya prosesində hiss olundu. Sanki Azərbaycanda Mərkəzi Bank deyilən bir qurum yoxdur: "Hazırda Mərkəzi Bankın prosesə müdaxilə etməsi və valyuta normasına uyğun kreditlərin bölüşdürülməsinin həyata keçirilməsinin təmin edilməsinə ehtiyac var. Əks halda, bu, valyuta diskriminasiyası, vətəndaşların öz milli valyutası ilə kredit götürməsi imkanlarının məhdudlaşdırılmasıdır. Banklar bununla gələcəkdə baş verə biləcək devalvasiya təhlükəsindən sığortalanmaq üçün bu addımı atır. Amma baş verənlər banklar üçün ciddi riskin formalaşdırılmasına zəmin yaradır. Banklar
hesab edir ki, dollarla verilən kreditləri yeni məzənnə ilə hesablamaqla daha çox mənfəət əldə edəcəklər. Bu, tamamilə yanlış yanaşmadır. Banklar düşünməlidir ki, devalvasiyaya gedilibsə və ya gələcəkdə yenidən bu cür proses baş verəcəksə, belə müştərilərin ödəmə qabiliyyətinin aşağı düşməsi və problemli kreditlərin sayının artması ilə nəticələnəcək”.
V.Bayramovun sözlərinə görə, həmçinin kommersiya banklarının kredit verməsi üçün maliyyə imkanları artırılmalıdır. Əgər banklarda olan əmanətlərin indeksasiyası həyata keçirilsə, vətəndaşlar öz pullarını banklarda saxlamağa üstünlük verəcəklər: "Ən azı qarşıdakı bir il müddətində depozitlərin indeksasiyasının həyata keçirilməsi kifayət qədər zəruridir. Digər əhəmiyyətli məqam isə odur ki, Mərkəzi bank kommersiya banklarının beynəlxalq maliyyə resurslarına çıxış imkanlarını artırmalıdır”.
Şəymən