Körpüləri tam yandırmayıblar

Rusiya və Türkiyə anlaşmaq üçün fürsət gözləyir



"Bizim qonşularla münasibətlərimiz yaxşıdır. Eləcə də Türkiyə dostumuzdur. Moskva Ankara üçün dost olaraq qalır, türklər çox mehriban xalqdır və onlarla dost münasibətindəyik. Lakin siyasətçilərlə bağlı müəyyən problemlər var”.

Bu sözləri canlı efirdə sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib. Putin bəyan edib ki, ruslar heç bir ölkə ilə münasibətləri korlamaq, düşmən olmaq istəmirlər. Rusiya liderinin Türkiyə ilə bağlı söylədikləri qardaş ölkə mediasında Kreml rəhbərinin yumşalması kimi dəyərləndirilib. Hətta bəzi ekspertlər bu cür açıqlamadan sonra iki ölkə arasında Rusiyaya məxsus qırıcının vurulmasından sonra yaranmış gərgin münasibətin düzələcəyini iddia ediblər. Məsələ ilə bağlı "Şərq”ə danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, cəmiyyət və dövlət mexanizmi Rusiya-Türkiyə arasındakı qarşıdurmanı dəstəkləmir. Hər iki ölkə məcburiyyət qarşısında biri-biri ilə əlaqəni korlayıb. Əslində tərəflər Suriya böhranının tezliklə həll olunmasını və münasibətlərin normallaşmasını arzu edirlər. Çünki həm Rusiyanın, həm də Türkiyənin kifayət qədər daxili problemləri var. Lakin iki dövlətin Suriya ilə bağlı izlədiyi fərqli siyasət bu ölkələri üz-üzə qoyub. Buna baxmayaraq tərəflər anlayır ki, daha ciddi məsələlərin olduğu yerdə əlavə enerji sərf etmək onları zəiflədir. Fikrimcə, son proseslər, verilən açıqlamalar göstərir ki, liderlər "təyyarə böhranını” tezliklə həll etmək niyyətindədirlər”. Ekspertə görə, hər iki ölkənin lideri daxili ictimai rəyə oynayırlar: "Putin çalışır ki, mümkün qədər Türkiyədən üzrxahlıq alaraq məsələni bağlasın. Ərdoğan isə qarşı tərəfə xüsusi güzəşt göstərmədən problemi yoluna qoymaq istəyir. Həqiqətdə isə tərəflər anlaşmaq üçün fürsət axtarırlar. Xatırladım ki, Türkiyə-Rusiya qarşıdurmasının ən pik həddində belə tərəflər biri-birini dövlət və xalq səviyyəsində deyil, hakimiyyət müstəvisində tənqid ediblər. Yəni körpüləri tam uçurtmayıblar. İndi başqa məsələlər ortaya çıxdıqca, aradakı gərginlik unutdurulacaq. Təbii ki, bu gərginliyi unutdurmaq üçün imkanlar yaradılmalıdır. Sadəcə psixoloji maneəni aradan qaldırmaq lazımdır. Bunun üçün isə biri-birinə "meydan oxuyan” Putin və Ərdoğan öz mövqelərində redaktələr etməlidirlər”. Hazırda İtaliyada olan siyasi ekspert Fərhad Mehdiyev isə məsələyə fərqli və qısa cavab verib: "Rusiya ilə Türkiyə arasında münasibətlər düzəlməyəcək. Ən azından yaxın günlərdə bunun baş verəcəyini söyləmək mümkün deyil. Çünki tərəflər, daha doğrusu, hakimiyyətlər arasında gərginlik yüksək olaraq qalmaqdadır”.

İsmayıl