Kravçuk azərbaycanlılara “pas” ötürdü

Natiq Miri: “Azərbaycan hökuməti və Ukraynadakı nümayəndələrimiz bu mesajdan nəticə çıxarmalıdır”



Ukraynanın birinci Prezidenti Leonid Kravçuk Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Ukraynadakı Azərbaycanlıların Ağsaqqallar Şurasının sədri Firudin Məmmədovla görüş keçirib.

L.Kravçuk bir sıra etnik qrupların, o cümlədən azərbaycanlıların son vaxtlar Ukraynanın siyasi həyatında aktivləşdiklərini deyib. Qafqaz xalqlarından gürcülərin və ermənilərin Ukraynanın hakimiyyət dairələrində yüksək mövqelər tutduqlarını xatırladan L.Kravçuk azərbaycanlıların da vəzifə tutmaları arzusunda olduğunu bildirib: "Azərbaycanlıların sizin timsalınızda Ukraynada kifayət qədər nüfuzu var. Bizim dostların bu ölkədə rəsmi mövqe tutması ancaq Ukraynanın güclənməsinə xidmət edə bilər. Mən və dostlarım bu istiqamətdə sizə hər cür dəstək verməyi qərara almışıq. Təkliflərinizi gözləyirik”.

Kravçukun fikirlərinə rəy bildirən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri son illərə qədər xaricdə məskunlaşan azərbaycanlıların siyasi səviyyəsinin çox zəif olduğunu deyib: "Bizim insanlar siyasətdən daha çox ticarətə və digər sahələrə üstünlük verdiyi üçün uzun müddət siyasi sferada təmsil olunmayıblar. Bunu isə Azərbaycan adına böyük bir qüsur kimi dəyərləndirirəm. Amma son illərdə bu istiqamətdə müəyyən fəallıq hiss olunur. Ən azından həmyerlilərimiz postsovet məkanı və qərb dünyasındakı bir çox yerli siyasi partiyalarda təmsil olunmağa başlayıblar. Bu isə müəyyən mənada onların yaşadıqları ölkənin parlament seçkilərində iştirakına şərait yaradıb. Ukrayna da bu baxımdan istisna deyil. Həmyerlilərimizin əldə etdiyi nəticələr bir o qədər ürəkaçan olmasa da, hər halda Ukraynanın hakimiyyət strukturlarında çalışan azərbaycanlıların olması təqdirəlayiqdir. Bilirsiniz ki, Ukraynada kifayət qədər önəmli strukturlardan biri olan Vergi Nazirliyində bir həmyerlimiz rəhbər vəzifə tutur”.

Politoloqun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların hakimiyyət dairələrində yüksək mövqe tutmamasının əsas səbəbi diasporanın fəaliyyətsizliyidir: "Azərbaycanın diaspora təşkilatları həmyerlilərimizlə əlaqə yaratmalı, onlara siyasi anlamda dəstək verməlidirlər. On illərdir ki, erməni diasporası bu missiyanı dünyanın bir çox ölkələrində həyata keçirir. Mənə elə gəlir ki, Azərbaycanın da örnək götürə biləcəyi bir çox məqamlar var. Bizim diaspora təşkilatlarının bu yöndəki fəaliyyəti sıfıra bərabərdir. Onlar öz missiyalarını unudub, ortada yeyib, qıraqda gəzməklə məşğuldur. Gördükləri tək iş büdcədən ayrılan pulları mənimsəməkdən ibarətdir. Xaricdə yaşayan azərbaycanlılarla diaspora nümayəndələrinin birlikdə bir fəaliyyət proqramı olsaydı, bu gün bütün postsovet məkanı və qərb ölkələrindəki yerimiz tamamilə fərqli situasiyada olardı”.

Ukraynadakı azərbaycanlıların daha çox siyasi partiyalarda təmsil olunmasının vacibliyini vurğulayan N.Miri deyib ki, Ukraynada Daxili işlər nazirliyində erməni vətəndaşı olduğu üçün öz fəaliyyətini Azərbaycan əleyhinə qurub: "O, zamanında Ukraynanın siyasi həyatında aktivlik göstərdiyi üçün bu gün onun dəstək verdiyi ermənilər bir çox dövlət strukturlarında yüksək vəzifələrə sahib olublar. Azərbaycan insanı Ukraynanın siyasi həyatına inteqrasiyasını gücləndirməli, təmsil olunduqları siyasi partiyalarda öz aktivliklərini artırmalıdır”. Kravçukun fikirlərinin təqdirəlayiq olduğunu vurğulayan politoloq hesab edir ki, bu sözlər Azərbaycan dövlətinə və diaspora təşkilatlarına Kravçuk tərəfindən verilmiş "pas”dır. Hökumət və Ukraynadakı nümayəndələrimiz bu mesajdan nəticə çıxarmalıdırlar.

Şəymən