Kreml kəsdi, amma...

...Yayda Ukraynanın qaz problemi olmayacaq
Çünki Rusiyanın vermədiyi qaz ehtiyatını Avropa ölkələri ödəyəcək



"Rusiyanın "Qazprom” şirkəti qabaqcadan ödəniş etmədiyi üçün Ukraynaya qaz ixracını dayandırıb”. Bu barədə "Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller açıqlama verib. Məlumat üçün bildirək ki, iyunun 30-da "Naftoqaz Ukrayna” şirkəti Rusiyadan tədarük olunan qazın qiyməti ilə bağlı razılığın əldə olunmaması səbəbindən iyulun 1-dən qonşu ölkədən qaz idxalını dayandıracaqlarını bəyan edib.

Eyni zamanda, şirkətdən deyilib ki, rəsmi Kiyev "müqavilə şərtlərinə uyğun olaraq” Rusiya qazının Avropaya tranzitini həyata keçirəcək.

Moskvanın addımını dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Kreml Kiyevə bunu deyil, qazın tarifini aşağı salacağını vəd vermişdi. Çünki Avropaya gedən rus qazı Ukrayna ərazisindən keçir: "Kiyev Kremllə ehtiyatlı davranır və yeni qarşıdurmanın yaranmasını istəmir”.

Ekspertin sözlərinə görə, heç bir dövlət Rusiyadan aldığı qazın qiymətini əvvəlcədən ödəmir: "Qazı alıb sonra ödəyirlər. Amma Ukrayna Moskvanın qaz satdığı ölkələr içərisində yeganə ölkədir ki, qaz pulunu əvvəlcədən ödəyir. Bu da aydınca düşmənçilik əlamətidir”.

"Bundan sonra Ukraynanın taleyi necə olacaq” sualına gəlincə, ekspert vurğulayıb ki, bəzi Avropa dövlətləri öz qaz payından Kiyevə də göndərəcək: "Polşa, Sloveniya, Almaniya və ABŞ qaz göndərəcəyini vəd edib. Yəni yayda onun qaza olan ehtiyatını ödəmək mümkün olacaq. Avropa Birliyinə daxil olan ölkələr Ukraynaya qaz yoxluğunu hiss etdirməyəcəklər. Amma qarşıdan ağır qış ayları gəlir. Onda Ukraynaya indikindən dəfələrlə çox qaz lazım olacaq. Ona görə də Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə edilməsi çox vacibdir. Əks halda, elə bir vəziyyət yaranar ki, Kiyev öz ərazisindən keçən Rusiya borularının fəaliyyətini dayandıra bilər. Bu isə yeni qarşıdurmaya səbəb olar. Tərəflər qarşılıqlı anlaşma nümayiş etdirməlidirlər. Bu problemin nizama salınması üçün lazımi siyasi iradə ortaya qoyulmalıdır. Yəqin ki, Avropa Birliyi və Amerika da işə qarışacaq və məsələyə dair ortaq məxrəc tapılacaq. Yəni "mən belə istəyirəm, belə də olmalıdır” məntiqi ilə davranıb, Ukraynanı qazsız qoymaq olmaz”.

Ayyət Əhməd