Kreml müstəmləkəsinə milyardlar axıdır
Rusiya işğalçı Ermənistanı silahlandırmaqla vasitəçilik imicinə kölgə salır
Rusiya və Azərbaycan çoxəsrlik birgə tarixə, sıx mədəni-humanitar, siyasi və iqtisadi əlaqələrə malik iki yaxın qonşu dövlətlərdir. Azərbaycan tərəfi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayır, ticari-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı tərəf kimi çıxış edir. Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmamış və sanksiyaları pisləyib.
Rusiya eyni zamanda müstəqil Azərbaycan dövlətinin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədridir.
Minsk Qrupunun həmsədri kimi münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışır. Bu günlərdə Rusiyanın növbəti dəfə Ermənistana qiyməti milyardlarla dollar ölçülən ən müasir operativ-taktiki silahlar bağışlaması bəlli olub. Artıq dəfələrlə təkrarlanan bu fakt Rusiyanın obyektiv və ədalətli vasitəçi imicinə ləkə salır. Rusiyanın özünün də daxil olduğu postsovet məkanında, xüsusən Qafqazda regional təhlükəsizliyi təhdid edir. Ermənistan Azərbaycan ərazilərini işğal etmiş və hərbi xunta tərəfindən idarə olunan militarist dövlətdir. Qərəzsiz vasitəçilik missiyası işğalın nəticələrini aradan qaldırmaq istiqamətində səyləri artırmağı tələb etdiyi halda, biz bunun əksinə olaraq işğalçının ən müasir silahlarla silahlandırılmasının şahidi oluruq. Sonuncu dəfə Ermənistana ötürülən silahların dəyəri Ermənistanın dövlət büdcəsindən dəfələrlə böyükdür.
Rusiya iqtisadi sanksiyalardan əziyyət çəkdiyi, ruslar "kəmər sıxma siyasəti”nə razılaşdığı bir zamanda ölkənin pulları nəyə görə işğalçı rejimin daha da azğınlaşmasına sərf olunur? Sirr deyil ki, Azərbaycan Rusiyanın hərbi ixracatında ən mühüm tərəfdaş ölkələrdən biridir. Belə bir məntiq hasil olur ki, Rusiya Azərbaycana silah satışından əldə etdiyi qazancı eyni silahları Ermənistana havayı ötürməklə əvəzləyir. Əlbəttə, Ermənistanın nə qədər silahlandırılmasından asılı olmayaraq Azərbaycanda ordu quruculuğu uğurla davam etdirilir. Azərbaycan ən müasir silahlar, texnikalar alır. Ölkəmiz düşmən tərəfdən gələn istənilən təhdidi dəf etmək iqtidarındadır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Heç bir qüvvə ərazi bütövlüyümüzün bərpasına mane ola bilməz. Azərbaycan ordusunun gücü ölkəmizin maraqlarını təmin etmək qüdrətindədir.
Ölkəmiz sadəcə müasir texnikalar almır, eyni zamanda özü ən müasir silahlar istehsal və ixrac edən ölkəyə çevrilir. Gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaq. Xatırladaq ki, Rusiyanın Ermənistana pulsuz silah-sursat verməsinə bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov da münasibət bildirmişdi. Ə.Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah verməsini ikili standart, bölgədə sabitliyin pozulmasına cəhd kimi qiymətləndirmişdi: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bir çox beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi halda, işğalçı dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulması, gərginliyin artması istiqamətində əlavə addımlar deməkdir. Bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır. Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirirlər. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyir və ikili standartların bariz forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”. Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ciddi silahların Ermənistana verilməsi yolverilməzdir: "Ermənistan işğalçı bir dövlətdir. 20 ildən artıqdır öz havadarları vasitəsilə, torpaqlarımızı işğal altında saxlayır. Buna
görə etirazımızı bildirməliyik. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də buna biganə qalmamalıdır”. Ekspertin sözlərinə görə, aprel uğursuzluqlarından sonra həm Ermənistanda, həm də Rusiyada böyük narahatlıq var: "Silahlar müvəqqəti olaraq Ermənistanın istifadəsindədir. Amma biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq. Düşmən o silahlardan istifadə edə bilər. Əslində Rusiya bu silahları Ermənistana verməklə özü çətin vəziyyətə düşəcək. Bu günə qədər Rusiya silahların satılması və ya verilməsi ilə bağlı BMT-yə heç bir rəsmi arayış təqdim etməyib. Hər bir ölkə satdığı və verdiyi silahlarla bağlı, BMT-yə hesabat verməlidir. Rusiya mütəxəssisləri ermənipərəst mövqe tuturlar”. Politoloq Arzu Nağıyev də hesab edir ki, ermənilərin Rusiyadan silah alması iki ölkə arasındakı münasibəti gözə soxmaq üçündür: "Rusiya Ermənistana silah verməklə özünün NATO ilə olan sərhədini möhkəmləndirir. Fakt budur ki, Rusiya Azərbaycana da yetərincə silah satır. Son vaxtlar Rusiyadan "T-72” tankları, "BTR -80 A”, "Ka-32” helikopterləri alınıb. Yəni Azərbaycan da öz arsenalını yeniləşdirməkdə davam edir”. Düşmən tərəfdən gələn təhlükələri real qiymətləndirməyi vacib sayan A.Nağıyevin sözlərinə görə, bu, heç də Rusiya-Ermənistan hərbi əməkdaşlığına cavab addımı deyil. Azərbaycanın hərbi doktrinasına uyğun şəkildə həyata keçirilir: "Türkiyənin "Roketsan” kompaniyası ilə Azərbaycanın müqaviləsi var. Müqaviləyə əsasən Azərbaycanın "T-300” reaktiv raket sistemini alması nəzərdə tutulub. Müqavilənin ümumi məbləği təxminən 244 milyon dollardır. Ümumiyyətlə, Türkiyə hazırda dünyada silah satan dövlətlər arasında 17-cidir və alıcılar arasında Azərbaycan ikincidir. Azərbaycan situasiyanı düzgün təhlil edir və yaxşı başa düşür ki, bölgəni "İskəndər”lə təhdid edən Ermənistan Ağdamda hərbi təlimlər keçirməklə sülhdən uzaq olduğunu bir daha göstərmiş oldu”.
İsmayıl