Rusiyanın Ermənistanı silahlandırması təsadüf deyil
“Moskvanın sülhə zidd olan hərəkəti bütün dövlətlər tərəfindən pislənməlidir”
Rusiya forpostu Ermənistanda öz hərbi mövcudluğunu gücləndirməkdə davam edir. Bunun bir səbəbi Cənubi Qafqazda ABŞ-Rusiya rəqabətinin getdikcə güclənməsi ilə bağlıdırsa, digər səbəbi heç şübhəsiz ki, apreldəki rüsvayçı məğlubiyyətə görə erməni toplumunu sakitləşdirməkdir. Yayılan xəbərlərə görə, Rusiya Müdafiə Nazirliyi Ermənistandakı 102-ci baza və Xəzər donanması da daxil olmaqla, cənub istiqamətinə 350 vahid yeni hərbi texnika göndərəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin "Zvezda” telekanalı bildirib. Məlumata əsasən, Cənub Hərbi Dairəsinin qoşun hissələri ilin sonunadək təyyarə, gəmi, tank və digər zirehli texnikalar alacaq. Konkret olaraq Rusiya Hava-Kosmik Qüvvələrinin Rostov, Kuban və Krımdakı bazalarına 30 yeni, o cümlədən modernləşdirilmiş "Su-30SM” qırıcıları və "Ka-52” zərbə vertolyotları veriləcək.
Ekspertlər vurğulayır ki, Rusiya son vaxtlar Ermənistandakı hərbi bazasını və Xəzər donanmasını durmadan gücləndirir. Belə ki, ilin əvvəllərində İrəvan yaxınlığındakı Erebuni hava bazasına onlarla vertolyot və "Miq-29” qırıcıları yerləşdirilib. Habelə Gümrüdəki 102-ci bazanın arsenalı gücləndirilib. Bundan bir qədər sonra Ermənistanda "İsgəndər M” operativ-taktiki raket sistemlərinin olduğu ortaya çıxdı. Hərbi mütəxəssislərə görə, həmin sistemlər ilk növbədə NATO üzvü Türkiyə və Azərbaycan üçün təhdid təşkil edir. Ermənistanın silahlandırılması ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya bölgədə güc sahibinə çevrilmək üçün çox təhlükəli addımlar atır: "Regiondakı maraqlarını heç kimlə bölüşmək istəməyən Moskva işğalçı Ermənistanı, o cümlədən nəzarəti altında olan bütün bölgələri hərbiləşdirməklə öz məqsədinə çatmağa çalışır. Rusiyanın vilayətinə çevrilmiş bütün ərazilərdə rus hərbi bazaları yaradılır və həmin bazalar silah-sursatla təmin edilir. Cənub istiqamətində hərbiləşdirmə daha ciddi və sürətli şəkildə həyata keçirilir. Rusiya Cənubi Qafqaza və Yaxın Şərq bölgəsinə yaxından nəzarət etmək üçün Ermənistanın timsalında militaristləşmiş dövlət yaratmaq istəyir. Daha sonra isə bu ərazilərdən qonşu ölkələrə təzyiq vasitəsi kimi istifadə etmək niyyəti güdür. Zənnimcə, Rusiyanın bu addımı Avropada silahlı qüvvələrin saxlanılmasına dair qəbul edilmiş kvotanı kobud surətdə pozur. Kremlin bölgəni barıt çəlləyinə çevirməsinə icazə vermək olmaz. Moskvanın sülhə zidd olan hərəkəti bütün dövlətlər tərəfindən pislənməlidir”.
İsmayıl