Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirdə bildirib ki, küçə uşaqları arasında bu virusa yoluxma halı aşkarlanmadığından risq qrupundan çıxarılıb. Azərbaycanda İİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var. Bunlara məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlar daxildir.
Ötən il bu 4 risk qrupu arasında monitorinq keçirildiyini deyən şöbə müdiri bildirib ki, monitorinqin nəticələrinə görə, bu qruplar arasında QİÇS-ə yoluxma hallarının azalması qeydə alınıb: "2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları da risk qrupuna daxil idi. Lakin küçə uşaqları arasında kəşfiyyat-epidemoloji nəzarət tədbiri həyata keçirildi və onlar arasında İİV-ə yoluxma halı müəyyən edilmədiyi üçün küçə uşaqları risk qrupundan çıxarıldı”.
Eyni zamanda, bu vaxta kimi həkimlər arasında da xəstəliyə yoluxma faktı aşkarlanmadığını deyən N.Zülfüqarov əlavə edib ki, qanunvericiliyə əsasən, əgər cərrahiyyə sahəsində olan həkimlərdə bu xəstəlik aşkar edilsə, o zaman onun sahəsi dəyişdirilir: "O, stasionar şöbəyə köçürülərək işlə təmin olunur. Bundan başqa, bu günə qədər gözəllik salonunda, stomatoloji kabinetlərdə İİV-ə yoluxma halları müşahidə edilməyib”.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az- açıqlamasında qeyd etdi ki, küşə uşaqlarının QİÇS-ə yoluxmamasının səbəbi onlar arasında azyaşlıların daha çox olmasıdır:
- Küçə uşaqları 2 qrupa bölünür; azyaşlılar və yeniyetmələr. Onlar da demək olar seks xidmətinə cəlb edilmirlər. Küçə uşaqları əsasən yapışqan iyləyir. Bu, onların risq qrupuna daxil olması ehtimalını azaldır. Məlumdur ki, HİV-ə yoluxma cinsi yolla, venadaxili iynə vurulması, ana südü ilə, qadının hamiləliyi dövründə dölə keçməsi yoluyla, həmçinin yoxlanmamış donor qanı vasitəsilə baş verə bilir. Azyaşlılar arasında bu hallara yol verlmədiyindən QİÇS-ə yoluxma halları da olmur. Küçə uşaqları arasında aparılmış monitornqlərdə onlarda narkotik asılılığı da müəyyən edilməyib. Məndə olan məlumata görə Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2015-ci ilə qədər xüsusi layihələr həyata keçirib. Proqramın əsas mahiyyəti də hədəf qruplarına çıxışın təmin edilməsi, qoruyucu vasitələrin paylanması, həmçinin risq qruplarının aşkarlanması olub. 6 il işləyiblər qruplar arasında və bu kifayət edib ki, küçə uşaqlarının təhlükəli qrupa aid olmaması müəyyənləşsin. Küçə uşaqları arasında kifayət qədər işlənib. Onlar arasında narkotik asılılığı da müəyyən edilməyib. Bu da əsasən küçə uşaqlarının azyaşlı və ya yeniyetmə olmalarıdır.
Gözəllik salonları və stomatoloji kabinetlərdə isə hepatitə yoluxma halları olur. Hesab edirəm ki, bu sahələrdə ciddi nəzarət tədbirlərinə ehtiyac var.
Məlahət Rzayeva