Lavrov İrəvanda nəticə əldə edə bilmədi

Rus nazir Türkiyəni müharibə çağırışları etməkdə suçladı



Rusiya XİN rəhbəri Sergey Lavrov İrəvanda Ermənistan Prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla danışıqlar aparıb. Gözlənildiyi kimi, danışıqların əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub. Ancaq ümid edilən nəticələr əldə olunmayıb. Məlumat üçün deyək ki, Lavrov Ermənistanda etiraz aksiyası ilə qarşılanıb.

Etirazçılar polislə danışıqlardan sonra Rusiya səfirliyi qarşısında simvolik "hədiyyə” - karton qutuda köhnə ayaqqabı və "molotov kokteyli” şüşəsi qoyublar. Aksiya iştirakçıları bildiriblər ki, ayaqqabı "qana bulanmış Rusiya çəkməsinin” rəmzidir. Etirazçılar qondarma "DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışını dayandırması ilə bağlı şüarlar səsləndirirlər.

"Rusiyanın vasitəçiliyi ilə razılaşdırılmış addımlar həyata keçirilməlidir”

Xarici işlər naziri S.Lavrov Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımların razılaşdırıldığını deyib. O bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: "ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”. Kazan sənədi ilə bağlı jurnalistin sualına Lavrov belə cavab verib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib”.

"Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır”

Lavrov bildirib ki, təmas xəttində zorakılıq hallarının artması bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. O, təmas xəttində baş verən hadisələr zamanı ölən və yaralananların ailələrinə başsağlığı verib: "Təmas xəttində baş verənlər göstərir ki, münaqişə diplomatik yolla həll olunmalıdır. Hazırkı mərhələdə 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmaya ciddi əməl etməyi prioritet hesab edirik. Həmin sənədlər müddətsizdir və hər kəs tərəfindən hörmətlə yanaşılmalıdır. Rusiya Minsk Qrupu həmsədrləri üçlüyünə daxil olan ölkə kimi əlindən gələn hər şeyi edəcək. Biz indiki mərhələdə hesab edirik ki, Azərbaycan və Ermənistan Prezidentləri tərəfindən 2011-ci ildə Rusiya Prezidentinin təşəbbüsü ilə dəstəklənmiş qarşılıqlı etimad, təhlükəsizliyin təmin olunması, insidentlərin araşdırılması tədbirləri vacibdir”.

Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanata da münasibət bildirib: "Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı böhranın nizamlanmasına şərait yaratmır, əksinə, bu, müharibə çağırışıdır”.