Lavrovun Ermənistan səfəri Qarabağ danışıqlarında aktivliyi göstərir

“Rusiya münaqişənin yenidən alovlanmasından narahatdır”



Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 21-22-də İrəvana səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, səfərdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır.

Xatırladaq ki, "dördgünlük müharibə”dən sonra Rusiya münaqişənin həlli ilə bağlı konkret addımlar atmaq istəyini nümayiş etdirir. Hazırda tərəflərə "Kazan düsturu”, "Lavrov planı” kimi yenilənmiş variantlar təqdim olunur. Konkret hansı format üzərində danışıqlar aparıldığı dəqiq məlum olmasa da, münaqişəyə dair ciddi proseslərin baş verdiyi iddia edilir. Bu baxımdan, Lavrovun İrəvana sözügedən planları müzakirə etməyə gedəcəyi ehtimal olunur. Xatırladaq ki, Sergey Lavrov özünün erməni həmkarı Edvard Nalbandyanla sonuncu dəfə aprelin əvvəlində Moskvada görüşüb.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Lavrov İrəvanda etiraz aksiyası ilə qarşılaşacaq. Məlumata görə, aprelin 21-də İrəvanda "Ləyaqət yürüşü” adlı aksiya keçiriləcək. Yürüş respublika meydanından başlayıb Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında başa çatacaq. Aksiya iştirakçıları Rusiyadan "Qarabağdan əlini çəkməsini” tələb edəcəklər. Rusiya xarici işlər nazirinin bölgəyə növbəti səfərini şərh edən politoloq Fikrət Sadıqov açıqlamasında bildirib ki, Lavrovun regiona səfəri münaqişənin həlli istiqamətində aktivliyin olduğunu göstərir: "Danışıqlar ətrafında yeni yanaşmalar hiss olunur. Lavrovun Rusiyada ABŞ səfiri ilə Dağlıq Qarabağı müzakirə etməsi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşünün baş tutacağının elan olunması, Lavrovun regiona səfəri danışıqlar prosesinə canlanma gətirir. Əks halda döyüşlər yenidən başlaya bilər. Bu dəfə də uduzan tərəf Ermənistan olacaq. Aprelin əvvəlində baş verən hadisələr bunu təsdiq etdi”. F.Sadıqov hesab edir ki, Rusiya münaqişənin yenidən alovlanmasından narahatdır: "Rusiya Azərbaycanı özünə tərəfdaş, strateji partnyor hesab edir. Ona görə də məsələnin hansısa bir səviyyədə həll olunmasında maraq müşahidə olunur. Düşünürəm ki, danışıqlar prosesi yenidən start götürəcək. İstərdim ki, danışıqlar zamanı gündəlikdə konkret məsələlər dayansın. Eyni zamanda Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkəyə təzyiqlər etsin və düşmən işğal olunmuş torpaqlarımızdan çıxsın. Hesab edirəm ki, bunlar danışıqlar prosesində əsas prinsipimiz olmalıdır”.

İsmayıl