Lavrovun səfərindən gözləntilər...

Asim Mollazadə: “Biz gözləyirik ki, Rusiya Ermənistana təsir imkanlarından istifadə edərək işğalçı qoşunları ərazilərimizdən çıxarsın”Tofiq Abbasov: “İki ölkə arasında olan siyasi dialoq müəyyən sahələrdə səyləri birləşdirməyə imkan verəcək”
Aprelin 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə son günlər qoşunların təmas xəttində yaranan gərginlik əsas müzakirə mövzusu olub. Azərbaycanla Ermənistan arasındakı qısamüddətli müharibədən sonra Lavrovun Bakıya gəlişini şərh edən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Rusiya Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı öz müttəfiqi Ermənistana tələblər irəli sürəcək:
"Əgər müdaxilə olmazsa, ermənilər təxribatlarını davam etdirəcək. Onsuz da mülki əhali ermənilərin zərbələri altındadır. Ötən gün Naxçıvana da zərbələr endirilib. Bunun üçün biz gözləyirik ki, Rusiya Ermənistana təsir imkanlarından istifadə edərək işğalçı qoşunları ərazilərimizdən çıxarsın”. Deputat bildirib ki, Ermənistanın öz qoşunlarını ərazilərimizdən çıxarmasında Rusiyanın imkanları genişdir: "Azərbaycanın hər zaman tələbi o olub ki, işğalçılar Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın. Bütün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Ermənistanın atəşkəsi pozması nəticəsində uşaqlar, qadınlar erməni təcavüzünün qurbanı olub. Yeganə çıxış yolumuz işğalçıları ərazilərimizdən çıxartmaqdır. Məhz Rusiya addımlarını bu istiqamətdə atmalıdır. Rusiyanın da bunu həyata keçirmək imkanları var”.
Politoloq Tofiq Abbasov da bildirib ki, Lavrovun Bakıya səfəri ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlıdır: "Apreldə yeni səfərlər gözlənilir. Bu ondan xəbər verir ki, regionda olan vəziyyət narahatlıq doğurur. Fikrimcə, iki ölkə arasında olan siyasi dialoq müəyyən sahələrdə səyləri birləşdirməyə imkan verəcək. Bəzi korrektələr edilir. Çünki Bakı-Moskva münasibətlərinə başqa proseslərin də təsiri var. Buna görə də Rusiya bir növ öz xarici vektorlarını fəallaşdırır. Bir sıra məqamlarda mövqelər üst-üstə düşməyə bilər. Çünki hər bir ölkənin xarici prioritet və geoiqtisadi hədəfləri var. Bu o anlama gəlir ki, hər iki ölkə hazırda çox mühüm dönəmdən keçir. Lavrovun səfəri də məhz bu gərginliklərə hesablanıb”.
İsmayıl