Lombardların fəaliyyəti qanunsuzdur...
Müştərilərin zinət əşyalarını mənimsəyirlər, nəzarət də yoxdur
Dünya bazarında neftin qiymətinin düşməsi, manatın devalvasiyaya uğraması fonunda bankların əhaliyə kredit verməsində də müəyyən çətinliklər yaranıb. Bu isə lombardların işinə yarayıb. Lombardlar qızıl-zinət əşyasının girovu əsasında kredit təqdim edir. Banklara nisbətən lombardların kredit şərti daha ağır, faizlər isə yüksək olur.
Müraciətlərin artdığını görən lombard sahibləri isə vəziyyətdən sui-istifadə edərək şərtlərini ağırlaşdırıb. Bəzi lombardlar isə insanların qoyduqları qızılları mənimsəmək istəyir. Qeyd edək ki, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarda qızıl qoyan şəxslər
əmanətlərini geri ala bilmir. Bu günlərdə daha 4 nəfər bir müddət əvvəl bağlanan lombarda qoyduqları qızılı geri ala bilmədiklərini bildirib. Belə ki, 8-ci Polis Bölməsinə müraciət edən Ağayeva Narıngül Cənnət qızı 60 qram, Haşımova Gülxar Hüzür qızı 25 qram, Salahova Kəmalə Lələ qızı 8 qram, Məmmədova Rəhilə İslam qızı isə 40 qram qızılı Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarddan geri ala bilmədiklərini qeyd ediblər. Onlar şikayət ərizələrində qızılı lombardın sahibi, 1963-cü il təvəllüdlü Əllazi Tahirə Məmməd qızına verdiklərini qeyd ediblər. Bundan başqa paytaxt sakini, 1981-ci il təvəllüdlü Tarrant Esmira Tofiq qızı da polisə müraciət edərək qeyd edilən lombarda bu ilin fevral ayında 43 qram qızıl qoyduğunu və pulu geri qaytarsa da, əmanətini geri ala bilmədiyini deyib.
Lombardların girovlarla bağlı fırıldağını şərh edən ekspert Əkrəm Həsənov deyib ki, Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə, girov predmeti dərhal "batır”. Halbuki bu, qanunvericiliyə ziddir.
Onun sözlərinə görə, Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər. Bu isə o deməkdir ki, əşyanı girov qoyan, yəni borc alan özü də açıq hərracdan əldə edə bilər:
"Lakin lombardlarımız açıq hərrac təşkil etmir. Sadəcə, müştərinin əşyasını mənimsəyirlər. Faktiki olaraq oğurlayırlar. Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Xatırladıram ki, həmin məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq isə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Yeri gəlmişkən, lombardların qanunsuz əməlləri bununla bitmir. Belə ki, məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə lombardlar, bir qayda olaraq, bu vəzifələrini icra etmir”.
Onun sözlərinə görə, ölkədə lombardların fəaliyyəti qanunsuzdur: "Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir. Digər tərəfdən, lombardların əksəriyyətinin kapitalı, öz vəsaiti gülünc məbləğ təşkil edir - 2 manatdan 200 manatadək olur. Yəni bunun hesabına kredit verirlər. Belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verir. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verir. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olur”.
Lombardlara ehtiyacın artmasının gözlənilən olduğunu deyən iqtisadçı-ekspert Samir Əliyev deyib ki, banklardan fərqli olaraq lombardlardan kredit almaq asandır. Baxmayaraq ki, lombardların təklif etdiyi şərtlər ağır, faizlər isə çoxdur: "Lombardların verdiyi kreditin aylıq faizi 5 faizdən 10 faizə qədər dəyişir. Amma banklarda bu göstərici ən azı iki dəfə aşağıdır. Lombardların banklardan digər üstünlüyü prosedurların sadəliyi və kreditin qısa müddətə təqdim edilməsidir. Şəxsiyyət vəsiqəsini təqdim edib, girov qoyub 1-2 saata pul götürmək mümkündür. Banklarda isə bu proses bir neçə gün çəkir”.
Ekspert lombardlarda ən ciddi problemin girovun düzgün qiymətləndirilməsi ilə bağlı olduğunu deyir: "Girovu qiymətləndirən müstəqil tərəf olmalıdır, nə lombardın, nə də müştərinin maraqlarını güdməməlidir və real qiymət təyin etməlidir. Amma bir qayda olaraq girova qiyməti lombarda yaxın adam qoyur. Bir tərəfdən əsasən qızıl-zinyət əşyaları olan girova bazar qiymətindən aşağı qiymət qoyulur, digər tərəfdən də kredit müəyyən olunan qiymətdən az olur. Bu baxımdan lombardda insanların hüquqlarının tapdanması hallarına yol verilir”.
Ekspertin sözlərinə görə, lombardların fəaliyyətinə nəzarət, demək olar, yox səviyyəsindədir. Çünki maliyyə institutları, istər banklar, istər qeyri-bank kredit təşkilatları Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Amma lombardlara lisenziya tələb olunmur. İstənilən şəxs müəyyən qanunvericiliyə uyğun olaraq lombard yaradıb bu fəaliyyətlə məşğul ola bilər. Ona görə də burda insan hüquqları pozulur, zinyət əşyaları xammal qiymətinə götürülür: "Baxmayaraq ki, Mülki Məcəllədə lombardların fəaliyyəti tənzimlənir, burda istehlakçıların hüquqlarının pozulması məsələsi ortaya gəlir. Bir sıra ölkələrdə lombardların fəaliyyətini tənzimləyən ayrıca bir qanun olur. Azərbaycanda da lombard fəaliyyəti haqqında qanunun qəbulu yaxşı olardı. Bu qanun əsasında lombardların fəaliyyətinə nəzarət gücləndirilə bilər”.
Şəymən