“Lotu Quli”yə həbsxanada təmtəraqlı ad günü keçirilməyib

Penitensiar Xidmətdən “Şərq”ə bildirdilər ki, belə bir hadisə mümkün deyil



KİV-də yayılan məlumatlara görə, "Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun həbsxanada ad günü keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, "Quli”nin ad günü şərəfinə cəzaçəkmə müəssisələrindən birində təntənəli mərasim keçirilib.

"Bu gün oğru anadan olub! - deyə mərasimdəkilərdən biri "malyava” oxuyub: "Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə cansağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız - "qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onun sağlığına bir fincan "çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.

Bütün bunlardan sonra mərasimdəkilər qışqırıblar: "Allah Quliyə cansağlığı versin! "Oğrulara həyat!”.

Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.

Azərbaycanın ən nüfuzlu "qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli cəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunsuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib.

İndi onun 43 yaşı var və 27 yaşında "taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, "oğru” aləmində "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı "qanuni oğru”, "Rövşən Lənkəranski” ləqəbi ilə tanınmış Rövşən Canıyevlə "qanlı bıçaq” olub. "Oğru aləmi”ndə həmişə biri-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.

Yayılan məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxladıq. PX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov "Şərq”ə açıqlamasında xəbərləri təkzib etdi:

- Yayılan məlumatlar həqiqətəuyğun deyil. Cəzaçəkmə müəssisəsində belə şey ola bilməz. Bilirsiz ki, belə məsələlər ciddi nəzarət altındadır, diqqət mərkəzindədir. Bu, daxili rejim qaydalarına da ziddir.

M.Sadıqov məhbusların ad günlərini keçirmələrinin yasaq olmadığını da dedi, lakin vurğuladı ki, məhz yayılan məlumatlarda göstərildiyi kimi təntənəli mərasimlərin keçirilməsi mümkün deyil.

Məlahət