Lukaşenkonun dedikləri həqiqətdir

“Əslinə qalsa, MDB digər qurumlardan daha effektiv fəaliyyət göstərir”



Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyinin beynəlxalq təşkilat kimi qorunub-saxlanmasının vacib olduğunu deyib.

Belarus lideri bunun üçün təşkilatın müasir reallıqlara uyğunlaşdırılmasının vacibliyini önə çəkib: "Birlikdə baş verən proseslər çox neqativdir. Üzvlərin sayı azalır, bəzi üzvlər arasında münasibətlər gərginləşir. Buna sübut olaraq, yaxınlarda Azərbaycan və Ermənistan arasında yaşanan konflikti göstərmək olar. Hətta təşkilatı ləğv etmək təklifi də səslənir”. Bununla belə, Lukaşenko qurumun modernləşdirilərək saxlanılmasının vacib olduğunu deyib. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev "Şərq”ə deyib ki, MDB-ni inteqrasiyalaşmış birlik modelinə çevirmək niyyəti burada təmsil olunan ölkələri Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qatmaq məqsədi daşıyır: "Ümumi anlamda Lukaşenkonun dedikləri həqiqətdir. MDB-nin tərkibində yer alan iki dövlət, Azərbaycan və Ermənistan arasında ciddi qarşıdurma mövcuddur. Amma bu, yeni vəziyyət deyil, 20 ildən artıqdır ki, təşkilat eyni durumdadır. Əslinə qalsa, MDB digər qurumlardan daha effektiv fəaliyyət göstərir. Çünki birlik çərçivəsində çoxlu strukturlar var və ora daxil olan ölkələr həmin strukturlara uyğun olaraq biri-biri ilə sıx əməkdaşlıq edirlər”.

İsmayıl