Magistr adını qazanıb əsgərliyə getmək istəyənlər, OXUYUN - Nəticələr ləğv oluna bilər




Bir müddət əvvəl magistratura təhsili almaq istəyən bakalavrların hərbi xidmətdən möhlət hüququ almasına dair qanun qüvvəyə mindi. 

Bununla magistrlar üçün elmi təhsilini davam etdirmək möhlət hüququ verilsə də, bu il magistr imtahanlarına qəbul olunanlar sırasında hərbi xidmətə getmək istəyən gənclərə də rast gəlinir. Və bu məsələ ortaya bir sıra müəmmalı suallar çıxarıb.

 Əgər bakalavr pilləsini başa vurub, magistr pilləsini qazanan gənc könüllü olaraq xidmətə getmək istəyərsə, o, hərbi xidməti başa vurduqdan sonra magistr pilləsini davam etdirə bilərmi və ya bu nəticə ləğv olunacaq? 

Sualımızı cavablandıran Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, millət vıkili Zahid Oruc Sherg.az -a açıqlamasında gənclərin təhsil almasının daha önəmli olduğunu diqqətə çatdırıb:

"Məsləhət görərdim ki, həmin gənclər təhsilini davam etdirsin və daha yetkinləşmiş məqamda hərbi xidmət qarşısında dayansın. Magistratura təhsilini bitirdikdən sonra tələbə elmi işini bitirib, alim kimi formalaşmaq istəyərsə, yenə də möhlət hüququ qazanacaq. Hər hansı elmi dərəcəni qazandığı halda hərbi xidmətdən, ümumiyyətlə, azad olunacaq. Bu, ona elmi fəaliyyətini arasıkəsilməz şəkildə aparmağa imkan verir. 

Uzun illərdir həmin mövzu müzakirə olunur. Həmişə qınayırdıq ki, tələbələr təhsili yarımçıq qoyub, hərbi xidmətə yollanır, qayıdanda oxumağa marağı azalır. İndi isə belə fikirdə olan tələbəyə də yol göstərmək lazımdır ki, sözsüz, vətənə xidmət etmək də lazımdır. Lakin bu, yalnız səngərlə ölçülməz. Elm səngəri boş qalıb, fiziki səngər dolu olanda heç bir dövlət müharibəni uda bilməz. Müasir zamanda müharibə beyinlərdə, kommunikasiyalarda, texnologiyalarda aparılır. Səngər nəyi həll edir ki?”

Ayyət Əhməd