Magistraturaya qəbulda 150 balı toplayan yoxdur

“Bu pilləyə keçirilən imtahanların birinci mərhələsi ləğv edilməlidir”



Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

DİM-dən "Sherg.az”a verilən xəbərə görə, imtahanda 8151 bakalavr iştirak edib. 34 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 2 nəfər ən yüksək nəticə -138 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir. Amma bu balı toplayan tələbə yoxdur. Niyə?

Bəs 4 il əvvəl qəbul imtahanında 700 bal toplayan tələbələr arasında bu il magistraturaya imtahan verən olmayıb?

Necə olur ki, orta məktəb məzunları qəbul imtahanı zamanı ona verilən test suallarının hamısını cavablandırıb maksimum nəticə əldə edə bilir, bakalavr təhsilli məzunlar eyni nəticəni magistratura imtahanında göstərmir?

Təhsil eksperti Kamran Əsədov 2018-2019-cu tədris ilində ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün müraciət edən şəxslərin sayının əvvəlki illərlə müqayisədə ciddi şəkildə azaldığını deyib.
Onun sözlərinə görə, cari ildə magistraturaya təsdiq edilmiş ərizələrin sayı 12382 olub. Bu qədər bakalavr pilləsini bitirmiş ali təhsilli şəxslərdən 8 mindən çoxu müsabiqə şərtlərini ödəyib ikinci mərhələdə iştirak etmək hüququ qazanıb: "Təəssüf ki, son illər ərzində magistr pilləsinə qəbul imtahanlarında iştirak edən şəxslər arasında iki mərhələnin nəticəsində maksimum bal toplaya bilməyib.

Maraqlısı da odur ki, bu şəxslər arasında abituriyent pilləsində ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan şəxslər də olub. Diqqəti cəlb edən bir neçə məqam var. Birincisi, magistr pilləsinə qəbul imtahanlarının birinci mərtəbəsində bakalavrların verdiyi imtahan fənləri: məntiq, xarici dil, informatika. Bu fənlər üzrə qəbul imtahanlarında istifadə olunan test tapşırığı üçün olan materiallar ali məktəblərdə tədris olunmur. Bu fənlər universitetlərdə bir semestr ərzində nəzəri olaraq keçirilir. Qəbul imtahanlarında iştirak edən bakalavrlardan riyazi məntiq, proqramist səviyyəsində informatika, akademik səviyyədə xarici dil bilgiləri tələb olunur. Bunun üçün də bakalavrlar öz vəsaitləri hesabına hazırlıq kurslarına, repetitorlara müraciət edirlər.Texniki və dəqiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün məntiq, informatika fənləri asan olsa da, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr üçün bu çox çətindir”

K.Əsədov magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsində təqdim olunan ixtisas üzrə test tapşırıqlarının bütün tədris ilini əhatə etdiyini deyib. Onun fikrincə, bu zaman da bakalavrlar 1-ci kursdan 4-cü kursa qədər bütün materialları yenidən oxumalıdır: 

"Məhz bu səbəblər imtahanda iştirak edən şəxslərin maksimum nəticə əldə etməsinə maneə yaradır. Bundan başqa, magistr pilləsinə qəbulun ikinci mərhələsi üçün ixtisaslar üzrə materiallar, resurslar, rəsmi test bankları yoxdur. Bu da imtahan verəcək şəxslərin səmərəli şəkildə hazırlaşmasına imkan vermir. Hesab edirəm ki, magistr pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsi ləğv olunmalı, bu pillədə təhsil almaq istəyən şəxslər yalnız öz ixtisasları və xarici dildən imtahan 
verməlidir”.

Şəymən