“Makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalma olmayıb”




Bu gün parlamentin yaz sessiyasının sonuncu iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.

Sherg.az xəbər verir ki, müzakirə zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata rəhbərlik etdiyi qurumun rəyini açıqlayıb.
O bildirib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınmış və 10,5 milyard manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib:

"Ötən il dövlət büdcəsinin gəlirləri 104,1 faiz icra edilib. 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir”.

Palata sədri bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib. 

V.Gülməmmədov vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biri artıq ödəmə və borc məbləğləri olub: "2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2 faiz artıb. Ümumi artıq ödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb. Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib.

Palata sədri dövlət büdcəsi xərclərinin icrası vəziyyətinə Nazirlər Kabinetinin funksional bölmə daxilində birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilməsi ilə yanaşı, bu vəsaitin müəyyən hissənin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsi ilə icra edilməsi ilə bağlı sərəncamlarının da təsir göstərdiyini qeyd edib.

Anar