“Manatın devalvasiyasını heç bir ekspert proqnozlaşdıra bilməz”

Əli Məsimli: “Azərbaycan manatının indiki vəziyyəti onu tam üzən məzənnəyə keçməyə imkan vermir”



"Son zamanlar Mərkəzi Bank (MB) bilərəkdən sırf monitar siyasət yürüdür və manat kütləsini iki dəfəyə qədər azaldıb. Amma bu hal uzun müddət davam edə bilməz”.

Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Ekspertin sözlərinə görə, iqtisadi aktivlik getdikcə zəifləyir və bu da iş yerlərinin azalmasına, ticarət dövriyyəsinin zəifləməsinə gətirib çıxarır: "Mart ayında bu monitar siyasətin daha da yumşalmasının şahidi ola bilərik. Monitar siyasət yumşalacaqsa, manatın dövriyyəsi artacaqsa, bu da manatın məzənnəsinə tələbatı çoxaldacaq. Mümkündür ki, martda yenidən dollara olan tələbat artsın və yumşaq şəkildə də olsa, dolların bahalaşmasının şahidi olaq”. Əlbəttə, dolların yumşaq da olsa bahalaşması manatın növbəti devalvasiyasını gündəmə gətirib. Hətta ictimaiyyətdə mart ayında manatın 3-cü dəfə ucuzlaşacağına dair iddialar dolaşır. Şübhəsiz ki, bu hal cəmiyyətdə bir sıra narahatlıqlar yaradıb və müəyyən ajiotaja səbəb olub. Narahatlıqları nəzərə alıb, iqtisadçı millət vəkili Əli Məsimlinin məsələyə dair fikirlərini öyrəndik. Parlamentari qeyd etdi ki, manatın 3-cü dəfə devalvasiyasını proqnozlaşdırmaq çətindir: "Manatın məzənnəsinə təsir göstərən amillərin çoxu bizdən asılı olmayan amillər olduğundan, dəqiq proqnoz vermək olmur. Azərbaycan manatı 21 dekabrda ikinci dəfə devalvasiyadan sonra MB üzən məzənnəyə keçidlə bağlı qərar qəbul edib. Amma Azərbaycan manatının indiki vəziyyəti onu tam üzən məzənnəyə keçməyə imkan vermir. MB manatı tənzimləyir. Artıq bir müddətdir ki, sabahın məzənnəsi axşamdan elan edilir. Ölkənin ödəniş balansında olan dəyişikliklərlə yanaşı, qlobal miqyasda dolların qiymətində, neftin qiymətinin qalxıb-enməsində, bizim daha çox ticarət etdiyimiz ölkələrin milli valyutalarındakı olan dəyişikliklər, bilavasitə Azərbaycan manatına təsir göstərir. MB tərəfindən tənzimlənmə prosesi davam edir. Belə olan halda manatın növbəti devalvasiyasını heç bir ekspert proqnozlaşdıra bilməz”.

Ayyət Əhməd