"Manatın məzənnəsi ilə bağlı narahatlıq doğuran heç bir amil yoxdur"

"Azərbaycan manatının ucuzlaşması üçün  heç bir əsas yoxdur". 
Bu sözləri "Sherg.az"a manatın yenidən ucuzlaşmasına dair ehtimalları şərh edərkən iqtisadçı-ekspert Fikrət Yusifov deyib. 
Onun sözlərinə görə, milli valyutanın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir: 
"Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni, real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. 
Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin, Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı narahatlıq doğuran heç bir amil yoxdur".  
Son vaxtlar insanların manata inamının  xeyli artdığını vurğulayan ekspert diqqətə çatdırıb ki, bu etimadın  əsas göstəricisi banklarda əhalinin manatla olan əmanətlərində müşahidə olunan müsbət dinamikadır: 
"Yəni, Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.
Aysel Aslan