“Son dövrlər Rusiyaya qarşı olan iqtisadi sanksiyalar müəyyən qədər Azərbaycana da təsir göstərib”
“Manatın məzənnəsi ilin axırına qədər saxlanılacaq”
Vahid Əhmədov: “Neftin qiyməti kəskin düşərsə, manat öz dəyərini itirə bilər”
“Son dövrlər Rusiyaya qarşı olan iqtisadi sanksiyalar müəyyən qədər Azərbaycana da təsir göstərib”
“Son dövrlər Rusiyaya qarşı olan iqtisadi sanksiyalar müəyyən qədər Azərbaycana da təsir göstərib”
Dünya bazarında neftin qiyməti aşağı düşüb. London birjalarında "Brent” markalı neftin bir barelinin qiyməti 0.06 dollar aşağı düşərək, 63 dollar olub. Nyu-York birjasında isə neftin qiyməti 59 dollar təşkil edib. Neftin qiyməti ilə yanaşı, dolların məzənnəsində də dəyişiklik baş verib. Azərbaycanda manata nisbətdə rəsmi məzənnəyə görə dollar ucuzlaşıb, avro isə bahalaşıb. Ölkədə dolların rəsmi məzənnəsi 1.04 manat səviyyəsində müəyyən edilib.
Əksər ekspertlərə görə, son günlər dünyada baş verən dəyişkən iqtisadi proseslər ümumi qlobal böhranın və Qərblə Rusiya arasındakı gərginliyin təzahürüdür. Prosesin hələ davam edəcəyini düşünən bəzi iqtisadçılar neftin qiymətində, eyni zamanda dolların məzənnəsində tez-tez müşahidə olunan gözlənilməz qalxmaların və enmələrin Azərbaycan iqtisadiyyatına da müəyyən mənada təsir göstərəcəyini iddia edirlər. Onların fikrincə, Rusiyaya qarşı tətbiq edilən ağır iqtisadi sanksiyalar da dolayısı yolla Azərbaycana problem yaradır. Dünyadakı iqtisadi proseslər və bunun ölkəmizə təsiri, eləcə də bank sistemindəki ciddi problemlərlə və ölkə sahibkarlığı ilə
bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov maraqlı məqamlara toxunub.
- Vahid müəllim, dünya bazarında neftin qiymətinin düşməsi və dolların ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir?
- Müşahidə olunan iqtisadi proseslərin ölkə iqtisadiyyatına elə də ciddi təsiri yoxdur. Nəzərə almaq lazımdır ki, manatın məzənnəsi birbaşa neftin qiymətindən asılıdır. Neftin qiyməti düşərsə, manat da adekvat olaraq düşür, yaxud əksinə, bahalaşırsa, manat da qalxır. Bu, təbii prosesdir. Amma ümumi götürəndə iqtisadi proqnozlar o qədər də ürəkaçan deyil. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ilin sonuna qədər uzadılması həm Avropa ölkələrində, həm də Rusiyada böhranlı vəziyyətin davam etməsinə səbəb olacaq. Rusiyaya qarşı iqtisadi təzyiqlərin davam etməsi neftin qiymətində müəyyən enmələrə gətirib çıxaracaq. Təbii ki, Rusiyada baş verən istənilən proseslər birbaşa olmasa da, dolayı yolla onunla qonşu olan ölkələrə də sirayət edir. Ancaq neftin qiymətində ciddi narahatlığa əsas yaradacaq yüksək artım və ya azalma gözlənilmir. Neftin qiyməti 60-65 dollar səviyyəsi arasında qalacaq. O cümlədən manatın da məzənnəsi ən azından ilin sonuna qədər qorunub saxlanılacaq. Amma yenə təkrar edirəm, neftin qiyməti kəskin düşərsə, manat öz dəyərini itirə bilər.
- Əgər Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmasaydı, tərəflər arasında son günlər müşahidə olunan yaxınlıq dünyadakı iqtisadi böhranı nisbətən aradan qaldıra bilərdimi?
- Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar Ukrayna məsələsi ilə bağlıdır. Rusiya inadkarlıq edərək bu məsələdə qətiyyən yumşalma siyasəti yeritmir və geri addım atmır. Tam əksinə, ölkənin xarici işlər nazirinin dili ilə müəyyən siyasi manevrlər edir və sərhəd bölgələrində hərbi təlimlər keçirir. Əgər Rusiya müəyyən qədər öz mövqeyindən geri çəkilsəydi və Ukrayna məsələsində Qərb ölkələri ilə ilkin razılığa gəlsəydi, sanksiyalar yumşalardı. Sanksiyaların yumşalması isə dünyadakı iqtisadi proseslərə müsbət təsir edərdi. Bilirsiz ki, Rusiya da ABŞ kimi dünyaya ən çox silah satan ölkələrdəndir. Qərb ölkələri öz sanksiyaları ilə Rusiyanın silah ixracatına da mühüm əngəl yaradır. Bu, Rusiya üçün çox ciddi problemdir. Ümumiyyətlə, sanksiyaların müddətinin uzadılması dünya iqtisadiyyatına ciddi təsir edəcək.
- Bəzi ekspertlərə görə, yaxın aylarda Azərbaycan iqtisadiyyatında müəyyən problemlər üzə çıxacaq. Bu cür iddialar nə dərəcə reallığı əks etdirir?
- Azərbaycan iqtisadiyyatı ən çox neftdən asılıdır. Dövlət büdcəsi də neftdən asılıdır. Əgər dünya bazarında neftin qiymətində kəskin azalma olarsa, ölkə iqtisadiyyatında ciddi problemlər yaşana bilər. Düzdür, mühüm sosial layihələr nə olursa-olsun həyata keçiriləcək. Ancaq ciddi layihələrdə müəyyən ləngimələr istisna edilmir. Yəni hər şey neftin qiymətindən asılıdır. Rusiyaya qarşı sanksiyaların məqsədi də elə neftin qiymətini aşağı salmaq və istehsalatı azaltmaqdır. Təbii ki, bu zaman neftə olan tələbat da azalır.
- Problemli bank kreditləri məsələsi hələ də gündəmdədir. Verdiyi pulları yığa bilməyən banklar əhaliyə kredit verməkdən imtina edirlər. Bu da insanların narazılığına səbəb olur. Sizcə, bank sektorundakı problem nə qədər davam edəcək?
- Bankların əhaliyə kredit verməməyə ixtiyarı yoxdur. Bank sektoru haqqında konkret qanunlar var. Burada problem başqadır. Problem ondadır ki, banklar bu vaxta qədər kreditləri düzgün qaydada verməyiblər. Açıblar bankın ağzını, kimə gəldi kredit veriblər, indi də yığa bilmirlər. Son vaxtlar bank sektoru və kredit məsələsi ilə bağlı cənab Prezident tərəfindən müəyyən göstərişlər verilib və ona uyğun olaraq yoxlamalar aparılıb. Elə həbslər də həmin məsələyə görə oldu və bir miqdar yüksək məbləğdə olan kredit geri ödənildi. Ancaq vəziyyət tam düzəlmədi. İlin əvvəlində problemli kreditlər 1 milyard 247 milyon manat idisə, indi artaraq 1 milyard 300 milyon manata çatıb. Əslində niyə belə olur, başa düşmək mümkün deyil. Ümumiyyətlə, mən bir iqtisadçı kimi bankların siyasətini anlaya bilmirəm. Kredit verməyən bank işləyə bilməz axı. Banklar əhaliyə xidmət göstərmək üçün qurulur. Sadəcə krediti verəndə baxmaq lazımdır ki, kimə, nə qədər, hansı formada verirlər. Burada söhbət kiçik yox, əsasən iri məbləğdə olan kreditlərdən gedir. Banklar iri kreditləri hansı əsaslarla veriblər, krediti götürən şəxs onu qaytarmaq imkanına sahibdirsə, niyə vaxtında qaytarmayıb və s. bu məsələləri araşdırmaq lazımdır.
- Bu yaxınlarda bəzi iddialar gündəmə gəldi, hətta konkret rəqəmlər də açıqlandı. Aydın oldu ki, son aylarda bir neçə azərbaycanlı sahibkar öz kapitalını Türkiyəyə və Gürcüstana köçürüb. Ölkəmizdə iş adamlarını narahat edən amillər nələrdir?
- Faktiki olaraq Azərbaycan stabil ölkədir. Ölkəmiz MDB məkanında və hətta bir çox Avropa dövlətləri arasında son 10 ildə öz stabilliyini qoruyub saxlaya bilib. Bu, Azərbaycan dövləti və hakimiyyəti üçün böyük bir uğurdur. Dövlətin stabil olaraq qalmasında ölkə başçısının da mühüm rolu var. Stabil ölkələrə inhisar axını olur və sahibkarlar normal şəraitdə işləyirlər. Amma son dövrlər Rusiyaya qarşı olan iqtisadi sanksiyalar müəyyən qədər Azərbaycana da təsir göstərib. Xüsusən, sahibkarların banklarla yaranan problemləri, qaytarılmayan kreditlərin ödənilməsi üçün atılan addımlar və həbslər iş adamları arasında narahatlıq yaradıb. Elə bu səbəbdən də sahibkarlar kapitallarını götürüb qonşu ölkələrə üz tutublar. Amma mən onların yerinə olsaydım, qətiyyən bunu etməzdim. Çünki Azərbaycan öz dövlətimizdir, Vətənimizdir. Nəyimiz varsa, çalışmalıyıq ki, burda olsun, burda qalsın. Hesab edirəm ki, yaxın zamanlarda ölkədən kapital axını səngiyəcək və tamamilə dayanacaq.
İsmayıl