"Manatın uzun müddət bu məzənnədə qalması mümkün deyil” - Ucuzlaşma




"Ola bilər, manatın hazırkı vəziyyəti bir müddət qorunub saxlansın, amma uzun müddət bu məzənnədə qalması qeyri-mümkündür”.

Bunu Sherg.az-a manatın taleyi barədə danışarkən iqtisadçı millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, manatın ucuzlaşması və ya bahalaşması barədə proqnoz vermək həddən artıq çətindir:

"Çünki milli valyutanın qorunub saxlanması istər dövlətin, istərsə də vətəndaşların borcudur. Ona görə, hökumət çalışır ki, milli valyutanı qoruyub saxlasın. Bir müddət əvvəl milli valyuta dollar qarşısında ucuzlaşmışdı, hətta 1,80-i keçmişdi. İndi ancaq dolların müəyyən qədər ucuzlaşması müşahidə olunur. Hazırda dollar 1,74-dür. Manat dollar qarşısında möhkəmlənir. Bütün bunların hamısının iqtisadi bazası olmalıdır. Manatı dollar qarşısında bahalaşdırmaq üçün idxal-ixrac əməliyyatlarında müsbət irəliləyiş olmalıdır. Azərbaycanın əsas iqtisadiyyatını təşkil edən neftin qiymətində də ciddi artımlar olmalıdır. İndi Mərkəzi Bankın hökumətin razılığı əsasında apardığı müəyyən siyasət nəticəsində manat müəyyən qədər möhkəmlənir. Dövriyyəyə faktiki olaraq, vəsait buraxılmır. Bu qısa müddət üçün müəyyən effekt verir. Azərbaycanda ölkə başçısının təsdiq etdiyi "Strateji Yol Xəritəsi”ni həyata keçirməliyik. 

Buna əsasən qeyri-neft sahəsi inkişaf etməlidir. Bunun üçün də vəsait, investisiya qoyulması lazımdır. Belə hesab edirəm ki, qısa müddət üçün manat qıtlığının yaradılması effekt versə də, uzun müddət effektli ola bilməz. Çünki real sektor inkişaf etdirilməlidir. Əgər biz Azərbaycan iqtisadiyyatının, real sektorun inkişafını istəyiriksə, manat bazarda həqiqi dəyərini almalıdır. Həm də Azərbaycanda qeyri-neft sahəsi inkişaf etməlidir ki, gələcəkdə dünya bazarlarında neftin qiyməti yenidən aşağı düşərsə, neftin hasilatında problem yaranarsa, ciddi risklərlə üzləşməyək”.

Aysel Aslan