Marketlərdə gizli bahalaşma müşahidə olunur

Bu cür halların qarşısını almaq üçün normal rəqabət mühitinin yaradılması vacibdir



Ölkədə yenə də çörəyin qiyməti 30-40 qəpikdən başlayır. Ötən il ərzində baş verən iki kəskin devalvasiyaya rəğmən qiymətlər dəyişməyib, amma təəssüflər ki, bu, məsələnin görünən üzüdür. Çünki çörəyin çəkisinin azalması da dolayısı ilə qiymət artımı deməkdir. Son zamanlarda çörəklərin hiss olunacaq qədər balacalaşdığı və bunun alıcıları narahat etdiyi ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, supermarketlərdə digər ərzaq məhsullarının da gizli şəkildə bahalaşdığına dair iddialar var.

Ölkədəki gizli bahalaşmanı dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bütün bunları hökumətin yeritdiyi qiymət siyasətinin düzgün olmaması ilə əlaqələndirib. Çörəyin çəkisinin azaldılması ilə bağlı problem olduğunu vurğulayan AİB sədrinin sözlərinə görə, qiyməti sabit saxlamaq üçün belə problem gözləniləndir: "Çörək bazarın ən liberal, monopoliyaya məruz qalmayan seqmentidir. Bununla belə hökumət çörəklə bağlı səhv siyasət yürüdür. Azad bazar iqtisadiyyatı şəraitində dövlətin çörəyin qiymətinin 10 qəpik bahalaşmasının qarşısını almasını guya istehlakçılara böyük bir töhfə etməsi kimi dəyərləndirirlər. Hansı ki, çörəyin qiymətinin 10 qəpik bahalaşmasınını ümumi ailə iqtisadiyyatında çox kiçik təsiri var. Digər ərzaqların qiyməti az qala ikiqat qalxıb, hökumət fikrini həmin sahələr üzrə cəmləşdirmək əvəzinə çörəyin qiymətini tənzimləyir. Bu siyasət kökündən yanlışdır. Əgər dövlət çörəyin keyfiyyətinin artmasını, qiymətlərin enməsini, çəkinin normallaşmasını istəyirsə, bazarın bu seqmentinə müdaxilə etməsin, süni manelər aradan qaldırılsın”. Ekspertin sözlərinə görə, qiyməti dövlət tərəfindən tənzimlənməyən malların qiymətinə dövlət orqanlarının müdaxiləsi bu cür anormal nəticələrə səbəb olur.

Son günlər iri marketlərdə müşahidə olunan gizli bahalaşma ilə bağlı narazılıqlara gəldikdə isə AİB sədri deyib ki, ölkə başçısı 2011-ci il 16 yanvar tarixində Nazirlər Kabinetinin yığıncağında ölkədə qiymətlərin şişirdilməsi probleminə toxunub. Bunun fonunda isə qiymətlərə nəzarət edən dövlət orqanlarının üzərinə düşən vəzifə inhisarçı qurumları tapmaq və karter sövdələşmələrini aşkara çıxarmalıdır ki, marketlərdə süni qiymət artımları müşahidə olunmasın. Bu cür süni bahalaşmanın qarşısını almaq üçün normal rəqabət mühitinin yaradılması vacibdir. İllərdir bu məsələ qaldırılsa da, bir nəticəsi olmur. Əgər bu 25 illik müstəqillik dövründə rəqabət mühiti yaransaydı, bazar qaydalarının tamamı tətbiq olunsaydı, ədalətli bir sistem olsaydı, təbii ki, süni qiymət artımı olmazdı. Bazarda da tələb və təklifin yaratdığı məsələlər qiymətə təsir göstərir”.

Marketlərdə süni qiymət artımı ilə yanaşı, vergidənyayınma hallarının kütləvi hal aldığını vurğulayan E.Hüseynov deyib ki, bu sahəyə də nəzarət artırılmalıdır.

Şəymən