Martı gözləmək lazımdır

“Valyuta bazarında ciddi proseslər yaşanacaq”



"Manatın ikinci dəfə ucuzlaşmasından sonra dolların manata nisbətən rəsmi məzənnəsi 1, 55 qəpik idi. İndi isə rəsmi məzənnə 1, 57 qəpiyə yaxındır. Yəni ikinci devalvasiyadan sonra manat ucuzlaşmayıb”.

Bu sözləri "Şərq”ə tanınmış iqtisadçı Natiq Cəfərli manatın növbəti dəfə ucuzlaşma ehtimalını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, son zamanlar iqtisadi aktivliyin zəifləməsi və dolların əməliyyatlarına inzibati nəzarətlərin güclənməsi bu valyutaya olan tələbatı azaldıb: "Mərkəzi Bank (MB) bilərəkdən sırf monitar siyasət yürüdür və manat kütləsini iki dəfəyə qədər azaldıb. Ötən ilin müvafiq dövründə 11 milyard yarım manat vardı. İndi isə dövriyyədə 6 milyard manat mövcuddur. MB bilərəkdən bunu azaldır. Amma bu hal uzun müddət davam edə bilməz. Çünki iqtisadi aktivlik də getdikcə azalır və bu da iş yerlərinin azalmasına, ticarət dövriyyəsinin zəifləməsinə gətirib çıxarır. Mart ayında bu monitar siyasətin daha da yumşalmasının şahidi ola bilərik. Monitar siyasət yumşalacaqsa, manatın dövriyyəsi artacaqsa, bu da manatın məzənnəsinə tələbatı çoxaldacaq. Mümkündür ki, martda yenidən dollara olan tələbat artsın və yumşaq şəkildə də olsa, dolların bahalaşmasının şahidi olaq. Açığı, hökumətin yaxın zamanlarda kəskin addım atacağına və 3-cü devalvasiyaya gedəcəyinə inanmıram. Çünki bu, iqtisadi aktivliyə daha da kəskin zərbə vura bilər. Yumşaq şəkildə də olsa, manatın dəyərdən düşməsi prosesi baş verə bilər”.

Ölkəyə daxil olan valyutanın azaldığını deyən N.Cəfərli hesab edir ki, bu hal manata olan basqını artıracaq: "Hər şey mart ayında hökumətin verəcəyi qərardan asılı olacaq. Dövriyyədə manat kütləsi artacaqsa, milli valyutanın dəyərdən düşməsi yumşaq şəkildə davam edəcək. Bu da iqtisadi aktivliyi artıra bilər. Əslində iqtisadi aktivliyin artması pis hal deyil. Az da olsa, manatın dəyərdən düşməsi iqtisadi aktivliyi artıracaqsa, bunun özü bir pozitiv addım olacaq. Ona görə də, mart ayında atılacaq addımları gözləmək lazımdır. Hökumət manatın daha çox dövriyyəsini təşkil etməyi, ticarət dövriyyəsini artıraraq iqtisadi aktivliyi canlandırmağı düşünürsə, mart ayında atılacaq addımlarda bunu görəcəyik. İşin pis tərəfi odur ki, belə olan halda dollara olan tələbat artacaq və manatın dəyərdən düşməsi sürətlənəcək. Mənə elə gəlir ki, mart ayında valyuta bazarında ciddi proseslər yaşanacaq”.

Ayyət Əhməd