Martın 10-dan Dilqəm və Şahbazdan xəbər yoxdur

Beynəlxalq Qızıl Xaç Komitəsi isə bildirir ki, girovların həyatı ilə bağlı problem yoxdur
2014-cü ilin iyul ayında Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi onun taleyindən narahatdır.
Sonuncu dəfə atasından martın 10-da məktub aldıqlarını deyən Kürdoğlu Əsgərov gəlib cəbhədəki son hadisələrdən sonra ondan xəbər tuta bilmədiklərini deyib. Onun sözlərinə görə, ailəsi atasının taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından cavab gözləyir: "Atamın taleyindən narahatıq. İstəyərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları yenidən atamın vəziyyəti ilə maraqlansınlar, bizə xəbər versinlər. Sonuncu məktubun gəlməsindən bir ay vaxt keçib. Yazmışdı ki, su var, çörək var. Elə fikirləşirəm ki, ona su və çörəkdən başqa heç nə vermirlər”.
Dilqəm Əsgərov və onunla birlikdə girov götürülən Şahbaz Quliyev barəsində məlumat almaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun mütəmadi olaraq girov və əsir düşmüş vətəndaşların taleyi ilə maraqlandıqlarını deyib: "BQXK sonuncu dəfə mart ayının 10-da
həmin şəxslərə baş çəkib. Həmin vaxt BQXK-nin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək. Onu da deyim ki, sözügedən şəxslər mütəmadi olaraq Komitənin nəzarətindədir. Girovların həyatı ilə bağlı ciddi problem yoxdur. Sadəcə biz ancaq Komitə nümayəndələri onlara baş çəkəndən sonra bu barədə ictimaiyyəti məlumatlandırırıq. Martın 10-dan sonra belə bir görüş olmayıb”.
Şəymən