Martirosyan üçüncü ölkəyə yola salınıb

Novella Cəfəroğlu: “Erməni müxalifətçisinə Azərbaycanda lazımi şərait yaradılmışdı”



Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib, ölkəmizdən siyasi sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ailəsi ilə birlikdə üçüncü ölkəyə yola salınıb.

Bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. "Şərq”ə üçüncü ölkənin adını açıqlamayan hüquq müdafiəçisi erməni müxalifətçi üçün Azərbaycanda lazımi şərait yaradıldığını, onun hər cəhətdən təmin olunduğunu, lakin hazırkı şəraitdə ölkəmizdə olmağının əhəmiyyət kəsb etmədiyini deyib. Onun sözlərinə görə, Vaan Martirosyan öz istəyi ilə seçdiyi ölkəyə yola salınıb. Xatırladaq ki, ölkəmizdən siyasi sığınacaq istəyən V.Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə ötən ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Aysel Aslan