"Martirosyanla bağlı məsələ HƏYƏCAN SİQNALI OLMALIDIR"

Elçin Mirzəbəyli: "O, sırf erməni millətçisi idi və Bakıda verdiyi bəyanatlarda da millətçi davranışlar və notlar açıq, aşkar bilinirdi" "
"Vahan Martirosyanla bağlı baş verənləri Azərbaycana gələn bütün ermənilərə  aid etmək istəməzdim”.
Bunu Sherg.az-a bir müddət əvvəl Azərbaycana sığınacaq üçün müraciət edən erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Azərbaycan əleyhinə bəyanat yaymasına münasibət bildirərkən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. 
O bildirib ki, Martirosyan məsələsi Azərbaycana üz tutan digər ermənilərdən bir qədər fəqlidir:
"Azərbaycana gəlməzdən öncə həmin şəxsin fəaliyyətini erməni mediasından izləyirdim. Azərbaycana gəldikdən sonra da məlumatları təyin edirdim. Təbii ki, ermənilər həmin dövrdə onun əleyhinə daha çox məlumatlar yaymağa çalışdılar. Amma bunların hamısını təyin etmək mümkün idi. Bu şəxsin bütövlükdə etibarsız və pis insan olduğu da ortalıqda idi. Digər aspektdən, o, sırf erməni millətçisi idi və Bakıda verdiyi bəyanatlarda da millətçi davranışlar və notlar açıq, aşkar bilinirdi. Bu konteksdən dəyərləndirərək düşünürdüm ki, məsələyə ehtiyatlı yanaşmaq lazımdır. Xüsusilə, üçüncü ölkəyə köçmək istəyən ermənilərlə bağlı məsələlərə bir az fərqli yanaşmağa ehtiyac var. Çünki onların bura hansı məqsədlə gəldiyi və hansı məqsədlərlə gedəcəyi heç kimə məlum deyil”.
E.Mirzəbəylinin sözlərinə görə, maraqlı detal ondan ibarətdir ki, V.Martirosyan başqa ölkəyə deyil, məhz Ukraynaya getdi:
"Avropa ölkələrindən birinə də üz tuta bilərdi. Onun Ukraynaya getməsində bəzi məqamlar diqqət çəkir. Məncə, Ukraynadakı indiki şəraitdə ermənilərin mövqeyinin möhkəm olması, azərbaycanlılara qarşı oranın daxili işlər üzrə qurumları tərəfindən bir çox hallarda ədalətsiz mövqe sərgilənməsi özünü göstərir. Bu konteksdən Martirosyanın ora səfəri də diqqət çəkir. Zənnimcə, bu məsələlərin təyin olunmasına və nəticə çıxarılmasına ehtiyac var. Kimsə, hansısa erməni öz hakimiyyətinin əleyhinə fikir səsləndirirsə, bu, o demək deyil ki, həmin adam sözün əsl mənasında sülh tərəfdarıdır, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri səmimi qəlbdən qəbul edir və Dağlıq Qarabağda yaşayan ermənilərin məhz Azərbaycanın tərkibində yaşamasının düzgünlüyü prinsipindən çıxış edir. Ola bilər ki, məcburiyyətdən müxtəlif fikirlər səsləndirsin. Lakin onların sonrakı simasını da görmək mümkündür. Bütün bu məsələlərdə maksimum dərəcədə ehtiyatlı olmaq, ciddi təhlil etmək lazımdır. Bunlarda özfəaliyyət davranışları sərgiləmək olmaz. V.Martirosyanla bağlı məsələ də həyəcan siqnalı olmalıdır ki, bundan sonra hansı konteksdən dəyərləndirməliyik”.
Aysel Aslan