"Maşın bazarında qiymətlər bahalaşmaya doğru gedir"

Elməddin Muradlı: "Devalvasiyadan əvvəl 20-30 min manata satılan maşınlar indi 45-50 min manata qədər bahalaşıb"

"Maşın bazarında yeni avtomobillərin satışı ancaq ucuz modellərdə özünü göstərir”.

Bunu Sherg.az-a avtomobil bazarında mövcud olan vəziyyətlə bağlı məlumat verərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti  Elməddin Muradlı deyib. 

O bildirib ki, ən çox üstünlük verilən yeni maşınlar Çin istehsalı olan avtomobillərdir:

"Çünki devalvasiyadan əvvəl 20-30 min manata satılan maşınlar indi 45-50 min manata qədər bahalaşıb. Buna görə insanlar da öz büdcəsini fikirləşir. Eyni zamanda görünür, Çin istehsalı olan avtomobillərə inam artıb deyə alıb, istifadə edənlər də çoxalıb.

İşlənmiş avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı "Avro-4” standartı tətbiq edildiyindən onların satışında da azalma var. Son günlərdə avtosalonların da əksəriyyəti daxili bazarla işləyirlər.

Maşın bazarında bir az canlanma ikinci əl avtomobillərdə hiss olunur. Amma qiymətlər bahalaşmaya doğru gedir. Maraqlı məqam ondan ibarədir ki, avtomobil bazarı Rusiya istehsalı olan maşınların "əlinə keçib". Xüsusilə, "Lada”, "Priora” və "Niva” markalı avtomobillərin müxtəlif modelləri bazarda özünə yer alıb. Bu qədər inkişafın qarşısında Rusiya istehsalı olan avtomobillərdə təhlükəsizlik məsələlərinə hələ də önəm verilmir. Belə halda həmin avtomobillərin geniş satılması isə təəssüfləndiricidir”.

Aysel Aslan