Maştağada aptekdə narkotik tərkibli dərman satılırmış

Millət vəkili bunda problem görmür, amma...
“Əsas məsələ həmin dərmanların qeydiyyatda olub-olmamasıdır”


Ötən gün Maştağada aptekdə qanunsuz olaraq narkotik tərkibli maddə satan qadın saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin” kapsulasını satarkən həbs olunub.

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol”, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin”, 2075 ədəd "Haloperidol” və başqa preparatlar aşkar edilərək götürülüb. Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Şərq”ə açıqlamasında deyib ki, narkotik tərkibli dərmanlar da apteklərdə satılmalıdır. Çünki preparatları ancaq apteklər sata bilər: "Əsas məsələ həmin dərmanların qeydiyyatda olub-olmamasıdır. Bütün dərman preparatları apteklərə leqal şəkildə gətirilməlidir. Dərmanların satışı da iki möhürlü həkim resepti əsasında həyata keçirilməlidir. Əgər dərman göstərilən dozada və reseptin nömrəsi təqdim edilməklə satılırsa, burada problem yoxdur. Amma reseptiz olaraq satışı qadağan olunmuş narkotik və psixotrop dərmanların dövriyyəsi qanunla qadağan olunub. O cür satışla məşğul olmaq birbaşa cinayət məsuliyyəti yaradır. O ki qaldı dərman vasitələrinin saxlanılması ilə bağlı tələblərin pozulmasına, o cümlədən qeydiyyatda olmayan dərmanların satılması "Dərman vasitələri haqqında” qanuna əsasən məsuliyyət yaradan hallardır. Qeydiyyatdan gizlədilən dərmanların da qeyri-qanuni dövriyyəsi yolverilməzdir”.

İsmayıl