Mayda toy etmək qəbahətli deyil

Atif İsmayılov: “Şəriətdə bu ayda toyun uğursuz olması ilə bağlı heç bir fikir yoxdur”
Əhməd Qəşəmoğlu: “O vaxt buna dair araşdırmalar apardım. Məlum oldu ki, bu “kultu” Bakıda ermənilər yaradıb”


Elnur Rüstəmov: "Bu düşüncədən qurtulmaq lazımdır. Əgər xeyir iş varsa, onu təxirə salmaq
olmaz”






Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxur. "Mayda toy etmək olmaz, düşər-düşməzi var”, "mayda qurulan ailə tez dağılar”, "may ailə həyatı qurmaq üçün ağır aydır” və s. kimi inanclarla insanlar mayda toy etməkdən imtina edirlər.

Tarixdə də may ayının "toxunulmazlığı” barədə bəzi məlumatlar qeyd edilib. Mayda toylara "qadağa” qoyulması Qədim Romaya gedib çıxır. Bəzi fikirlərə görə, may sözü "Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb.

Yasəmən, bol yağışlar, yoxsa bərəkətsiz ay?..

Bir qədər lətifəni xatırladan səbəblər də var. Məsələn, batil inanclara görə, may ayında toy olmamasının səbəbi yasəmənin çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası "ya sən, ya mən” deməkdir. Yəni həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən.

Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermisizsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına salırlar. Bu da toyun ucuza başa gəlməsi, qurulan ailənin bərəkətli olmasına hesablanıb.

May ayında yağışların çox olması da "potensial xoşbəxt cütlüklərin” qarşısını alan faktordur. Belə ki, bu ay təbiətin ağlayan dövrü kimi xarakterizə edilir. Təbiət ağlayarkən insanlar şadlıq etmək istəmirlər.

Səbəbkar ruslar və ermənilərdir

Yaşlı nəsil düşünür ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki bu miflə gerçəklik biri-birinin əksidir. Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Erməni faktoruna gəlincə, düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın 24-dək davam edir. Onlar hələ iyunun əvvəlindən 1-2 gün də daxil etməklə bu müddəti matəm kimi qeyd edirlər.

Ekspertlərdən may ayının "ağırlığının” səbəbini öyrənməyə çalışdıq

İlahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə, şəriətdə may ayında toyun uğursuz olması ilə bağlı heç bir fikir yoxdur: "Dinimizdə ilin öz xüsusiyyətlərinə görə müəyyən olunmuş bəzi günlər var. Məsələn, əgər ay əqrəb bürcündə olarsa, bu vaxtı nikah etmək uğursuzluq gətirəcək. İslam təqvimi ilə baxanda ildə bir neçə məxsusi ayların axırında şəriət nikah etməyi qadağan qoyur. Çünki bu aydakı nikahlardan olan övladın, ümumiyyətlə ailə üzvlərinin uğursuzluğu baş verə bilər.

Şəriətimizdə konkret olaraq "may ayında toy etmək qadağandır” ifadəsi yoxdur. Belə fikir sadəcə insanlar arasında formalaşıb. Artıq bəzi gənclərimiz var ki, bu cür el adət-ənənələrini sındırmaqla may ayında toylarını edirlər. Bunun heç bir qəbahəti yoxdur. Dediyim kimi, şəriətin müəyyən elədiyi konkret günlər var. 

Həmin günlərdə nikah kəsmək uğursuz adlandırılır. Ay əqrəb bürcündə olarsa, o təqribən 10-14 gün müddətində çəkə bilir. Bu zamanlarda şəriət nikahı konkret olaraq qadağan edir”.
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bunun nə dini, nə elmi, nə də tibbi əsası var: "Baxın, may ayında ailə quran cütlüklərin övladları fevral ayında dünyaya gəlir. Fevral ayında dünyaya göz açanlar arasında isə çox dahi şəxsiyyətlər var. Məsələn, Nəsrəddin Tusi də fevral ayında doğulub. Bu ay dolça bürcü sayılır. Bu bürc də ən yaxşı bürclərdən biridir. O ayda doğulanların analitik təfəkkürü kifayət qədər zəngin olur. Deməli, bu ayda uşaqların doğulması məsələsi ilə bağlı heç bir problem yoxdur. Amma mənim gəldiyim qənaət odur ki, ermənilər aprel ayında matəm elan edirlər. Bu "ənənə” uydurma erməni soyqırımı ilə bağlı yaranıb. Ermənilərin uydurma soyqırımına tutduqları yasın əsas hissəsi may ayına düşdüyündən düşmən ölkədə bu ay toy olmurdu.

 Həmin "ənənə” özümüz də bilmədən Azərbaycanda hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. O vaxt buna dair araşdırmalar apardım. Məlum oldu ki, bu "kultu” Bakıda ermənilər yaradıb. Bu iş əksər rayonlarda yoxdur. Gedib rayon əhalisinə desən ki, may ayında toy etmək olmaz, onlar buna təəccüblənərlər. Bu, yalnız Bakıdadır. Onu camaatımız arasında ermənilər yayıb. Bir daha qeyd edirəm ki, bunun nə tibbi, nə də dini əsası var. Ona görə də həmin ənənəni erməni təbliğatına bağlamaq daha doğrudur”.


Psixoloq Elnur Rüstəmov diqqətə çatdırıb ki, may ayında, ümumiyyətlə, toyun olub-olmamağı ilə bağlı zaman-zaman xeyli müzakirələr olub: "Adət-ənənə baxımından buna bizdə yox, xristianların adət-ənənəsində rast gəlinir. Əvvəllər may ayında biçim vaxtı olurdu. Bu aylarda insanlar daha çox iş görməklə məşğul olmalı idilər. Ona görə də fikirləşirdilər ki, hər hansı bir şənlik və ya toylar onları işlərdən uzaqlaşdıra və ehtiyat tədarükünü azalda bilər. Və bu psixoloji təsir də zaman-zaman bizim xalqımıza yansımağa başladı. İndinin özündə də görürük ki, may ayında toyların intensivliyi azalmağa başlayır. Əslində bu, düzgün bir yanaşma deyil. Bu düşüncədən qurtulmaq lazımdır. Əgər xeyir iş varsa, onu təxirə salmaq olmaz. Bunu etmək heç bir mənfi fəsad verməz”.

Yeganə Bayramova