Mədəniyyətdən yazan jurnalistlərin faydası varmı?
Ekspertlərin rəyindən belə anlaşıldı ki, bu sahə jurnalistikamızın ən bərbad yeridir
Bu gün bəşəriyyət mədəniyyətlərarası dialoq və fərqli sivilizasiyaların toqquşması xofundan yaxa qurtarmağa çalışır. Ona görə də hər fürsətdə Azərbaycan mədəniyyətinin varlıq faktını, özünü isbat dairəsini daha da genişləndirməli və dərinləşdirməliyik. Mədəniyyətin ən güclü təbliğ vasitəsi kütləvi informasiya vasitələridir.
Demək olar ki, bütün media qurumları öz səhifələrində mədəniyyətə ayrıca yer ayırır, xüsusi rubrikalar vasitəsi ilə incəsənət xəbərləri verirlər. Mədəni həyatımızda baş verənlər cəmiyyət tərəfindən hər zaman maraqla qarşılanır. Milli musiqinin, teatrın, kinonun, rəssamlığın və digər incəsənət sahələrinin təbliğində mətbuatın rolu danılmazdır. Amma burada kəmiyyətlə yanaşı, keyfiyyət faktı da önəmlidir. İncəsənət sahəsinə meyl edən müəllifin ideya, fikir və mənəviyyatı da xüsusi önəm daşıyır. Hər mövzuya "mədəniyyət” donu geyindirmək olmaz. Təəssüflər olsun ki, mədəniyyət rubrikalarında sadəcə şou-biznes aləmini, hansısa müğənninin, aktrisanın şəxsi həyatını müşahidə edirik. Yüngül şou-biznes informasiyalarına üstünlük verən yazarlar "cəmiyyətin belə şeylərə daha çox maraq göstərdiklərini” iddia edirlər. Hər şeyə rəğmən mətbuat səhifələrində, sadəcə, bu tipli "mədəni” yazıların dərc olunması yolverilməzdir. Yaxşı olar ki, mədəniyyət yazarları incəsənətin müxtəlif sahələri ilə bağlı elmi məqalələr hazırlasınlar. Tanınmış sənət sahiblərinin, milli kino və teatrlarımızın, maraqlı mədəni olayların təhlilini aparsınlar, araşdırma yazılar ortaya qoysunlar. Təbii ki, əgər bunu həyata keçirəcək potensiala və istedada sahibdirlərsə..
Ekspertlərə görə, hər işi öz peşəkarı görməlidir. Mədəniyyət müxbirlərinin işi mədəniyyətdən sadəcə xəbər hazırlamaqdırsa, onda olaya qəti münasibət bildirməməlidir. Münasibət bildirəndə, bu artıq xəbər olmaqdan çıxır, yazıya, fikrə, mülahizəyə çevrilir. Məsələn, teatrşünas Elçin Cəfərov deyib ki, total savadsızlıq və bayağılıq tendensiyası cəmiyyətin bütün sahələri kimi jurnalistikaya da təsirsiz ötüşməyib. Televiziya kanallarında müşahidə olunan qeyri-peşəkarlıq bir sıra obyektiv və subyektiv səbəblərdən mədəniyyət jurnalistikasında da qabarıq şəkildə özünü göstərir. Azərbaycanda mədəniyyət jurnalistikasının bugünkü səviyyəsini, 100 ballıq şkala ilə götürsək, ən yaxşı halda, 10 balla qiymətləndirə bilərik. Çox zaman jurnalistlər teatr jurnalistikasının spesifik sahə olduğunu nəzərə almırlar. Yaxşı olardı ki, teatr jurnalistikası ilə teatrşünaslar, ən azından, teatr sənətinin sirlərinə bələd olan insanlar məşğul olsun. Söhbət ali təhsildən, diplomdan getmir. Söhbət jurnalistin hazırlıq səviyyəsindən, işə münasibətindən, predmeti bilmə dərəcəsindən gedir. Bəzi jurnalistlərin sensasiya axtarışı, qalmaqal sevdası həqiqi mədəniyyətin yaradıcılıq problemlərini qabartmaqdan daha çoxdur”. Bununla yanaşı, teatrşünas bütün mədəniyyət müxbirlərindən peşəkar analiz, nəzəri təhlil gözləməyi sadəlövhlük hesab edir: "Hər bir mədəniyyət müxbiri teatr haqqında xəbər hazırlaya, sənəti təbliğ edə bilər, hansısa tamaşa, yaxud sənətçi haqqında fikirlərini, təəssüratlarını qələmə ala bilər. Ancaq sahənin spesifikasına bələd olmadan dəyərli bir yazı yazdığını zənn etmək və incəsənət adamlarının onunla hesablaşmasını gözləmək gülüncdür”. Mütəxəssislər hesab edir ki, əgər mədəniyyətlə bağlı yazı kifayət qədər əhatəlidirsə, yəni müəllif məqaləsində aktyorun, rejissorun, dramaturqun yaradıcılığına baş vura bilibsə, bu onun üz tutduğu sahəni mütəxəssis səviyyəsində bilməyinin təsdiqinə çevrilir.
Bilik Fondunun məsləhətçisi, jurnalist-publisist Ramilə Qurbanlı deyib ki, istənilən sahədən yazan jurnalist öz peşəsinə hörmətlə və sevgiylə yanaşmalıdır. Yalnız işinə can yandıran müxbir ortaya daha maraqlı və faydalı məqalələr qoya, araşdırma yazılar təqdim edə bilər: "Yüngül yazılar yazıb buna görə də günahı cəmiyyətdə görənlərin özləri ən böyük qəbahət sahibidir. Çünki biz cəmiyyətə nəyi təqdim ediriksə, o da qəbul edilir. Daha doğrusu, nə dərəcədə qəbul edilib-edilmədiyini yoxlayan meyarlar yoxdur. Saytlarda bunu oxu sayı ilə guya müəyyən edirlər. Əslində, bu da yanlışdır, yaxud yumşaq desəm, dəqiq deyil. Problem ondadır ki, mədəniyyət yazarları özlərini əziyyətə salıb, üzərlərində işləmirlər. Dünyagörüşlərini, sənət qabiliyyətlərini, intellektlərini artırıb sanballı yazılar yazmağa vaxt sərf eləmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var, amma məncə, hər bir halda yazarın məsuliyyəti yüksək olmalıdır. Yaxşı yazar oxucusuna münasibətdə "xalturaya” yol verməməlidir, öz imzasına hörmətlə yanaşmalıdır. Kinonu, tamaşanı, hər hansı bir sənət əsərini təhlil edəcək səviyyəyə çatmaq üçün isə daha çox çalışmaq lazımdır. "Nəyimə lazım, Aygünün paltarından, Nadirin sərsəmləmələrindən yazıb həmin qonorarı alaram da” prinsipi çox qəbahətli və təhlükəlidir. Həmkarlarıma məsuliyyət arzulayıram, özlərini, imzalarını, gördükləri işi və oxucuları sevsinlər. O zaman qalan problemlər öz-özünə düzələcək”.
Gənc yazar Qan Tural da bildirib ki, əslində "Kulis.az” saytı sırf bu işlə məşğuldur: "Bizim saytda elmi və mədəni yazılar üstünlük təşkil edir. Oxucu sayımızdan da narazılığımız yoxdur. Azərbaycanda keyfiyyətli yazılar tələb edən keyfiyyətli oxucular var. Amma onların sayını artırmaq lazımdır. Mətbuatın bir funksiyası da maarifləndirməkdir. Təsəvvür edin ki, "Molla Nəsrəddin” jurnalı olmasaydı, halımız necə olardı?! Təəssüf ki, bəzi mətbu orqanlar bu funksiyanı unudaraq insanlarda axmaqlıq hisslərini inkişaf etdirməyə çalışır. Bununla belə mətbuatın maarifçilik apardığını da gözardı etmək olmaz”.
Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov da deyib ki, mətbuat səhifələrində idmana verdiyimiz önəmin ən az yarısını elmə, sənətə, mədəniyyətə verməliyik. Siyasət də, idman da elmin, mədəniyyətin içində formalaşmalıdır: "Mən milli ideologiyamızın təbliğatının içində yer alan və müxtəlif ictimai-siyasi formasiyaları görən bir şəxs kimi danışıram. Belə bir məsəl var, deyirlər "sürü geri qayıdanda, axsaqlar qabağa düşür”. Yeni dövlətçilik sistemi yarananda, ictimai-siyasi qanunlar formalaşanda, istər-istəməz cəmiyyət bu cür eybəcərliklərlə üzləşir. Bu, təbii prosesdir. Ancaq burada ən qorxulu və arzuolunmaz məqam odur ki, bu proses həddindən artıq uzun çəkir. Tör-töküntülər, şouçular, çör-çöplər cəmiyyətdə meydan sulayır. Halbuki, qədim xalqımızın dünyaya bəs edəcək qədər sözləri, dəyərləri, tarixi, mədəniyyəti var. Çox təəssüflər olsun ki, bunlar hələ arxa planda qalıb. Biz hələ ki, zir-zibilin təbliği ilə məşğuluq. Çoxları da bunu müəyyən maraqlar xatirinə və bir az da qəsdən edir. Onların məqsədi tariximizi, xalqımızı aşağılamaqdır. Təəssüflər olsun ki, məqsədlərini həyata keçirmək üçün çox asanlıqla bambılı adamları tapır və "üç badam, bir qoz” prinsipi ilə prosesi davam etdirirlər. Bu axının qarşısını almaq üçün milli ideologiyamızı mərhələli şəkildə, dünyanın anlaya biləcəyi tərzdə təbliğ etmək lazımdır”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb