Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi

MTN-nin təcridxanasında saxlanan şəxslər ailələri ilə telefonla danışa biləcəklər
Hüquq müdafiəçiləri qərarı uğurlu addım hesab edirlər



Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan şəxslərin ailə üzvləri ilə əlaqə saxlamaları üçün taksofonlar quraşdırılıb.

Bu barədə jurnalistləri məlumatlandıran vəkil Cavad Cavadlı artıq təcridxanada "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə başlanıldığını deyib: "Həmin qanun 2012-ci ildə qanuni qüvvəyə minib. Lakin indiyə kimi saxlanılan şəxslərin ailə üzvləri ilə görüşlərinə və telefon əlaqəsi yaratmalarına şərait yaradılmırdı. Son bir neçə gündə artıq bu məsələlər həllini tapıb. Orada saxlanılan şəxslərə ailə üzvləri ilə əlaqə saxlamağa və görüşə icazə verilir. Mənim əvvəllər həmin qanunun tətbiq olunmaması ilə bağlı məhkəmələrə şikayətlərim də olub. Çox yaxşı haldır ki, bu məsələ həllini tapıb”.

MTN-in İstintaq təcridxanasında saxlanılan şəxslərə ailə üzvləri ilə əlaqə saxlamaları üçün yaradılan şəraiti müsbət dəyərləndirən hüquq müdafiəçisi Səadət Bənənyarlı Mədət Quliyevin bu qərarını uğurlu addım hesab edir.

MTN-in İstintaq təcridxanasında saxlanılan şəxslərin ailə üzvlərindən kənar şəxslərlə görüşməsinə məhdudiyyətlər olduğunu vurğulayan hüquq müdafiəçisi Sahib Məmmədov isə deyib ki, istənilən halda onların ailə üzvləri ilə görüşmək, xarici aləmlə əlaqə qurmaq hüquqları var. Bu hüquqların təmin olunması baxımından taksofonların quraşdırılmasını təqdirəlayiq hal hesab edirəm. Bu həm ölkə qanunvericiliyindən irəli gələn bir addımdır, həm də qəbul etdiyimiz beynəlxalq standartlara uyğundur. Təbii ki, zəruri hallarda onlar üzərində nəzarəti gücləndirmək olar. Amma ümumilikdə ünsiyyət məhdudiyyətlərinin aradan qaldırılmasını ancaq müsbət dəyərləndirmək olar”.

Şəymən