Media əhli necə yazır?

Kompüter ortaya çıxandan qələm və kağız hörmətdən düşüb
İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı bəşəriyyətə müsbət çalarlarla yanaşı, mənfi tendensiya da bəxş edib. Müsbət hal odur ki, müasir texnologiyaların vasitəsilə insan dünyaya açılır və bütün proseslərdən məlumatlı olur.
Arzuolunmaz məqamalar isə budur ki, bəzən müasir texnologiya bizə qədimdən, dədə-babadan yadigar qalan və ənənəyə çevrilmiş dəyərləri unutdurur. Necə ki, kompüterlər əksər qələm adamlarına qələmlə yazmağı unutdurub. Bəli, bu gün bir çoxları üçün qələmlə yazmaq arxa plana keçib. Səbəbi isə qələmlə kağızın yorucu olması və korrektə imkanlarının olmaması ilə izah edilir. Bununla yanaşı, qələmi əvəzolunmaz hesab edib, "kağızın ağı, qələmin qarası” deyib, bu ənənəni hələ də davam etdirənlərə də rast gəlinir. Bu kateqoriyaya aid olanlar isə yazılarını silinmə təhlükəsinə görə kompüterə etibar etmirlər və iddia edirlər ki, qələmlə yazanda özlərini daha rahat, dolğun ifadə edirlər və fikirləri aşıb-daşır. Bir sözlə qələm onlara daha da güc və ruh yüksəkliyi verir. Biz də bu fərqli yanaşmaları nəzərə alıb, baş redaktor, yazıçı və jurnalistlər arasında sorğu keçirdik.
Fəaliyyəti dayanmış "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı söylədi ki, hazırda yazılarını kompüterdə yazır: "Uşaq olanda qələmlə yazırdım. Sonra da özüm makinaya köçürürdüm. İndi isə birbaşa klavyatura ilə yazıram. Təbii ki, qələmlə müəyyən qeydlər aparıram”.
Baş yazar diqqətə çatdırıb ki, qələm və yaxud klavyaturada yazmaq fərdi məsələdir: "Hər kəsin fərqli qavraması və yanaşması var. Bu işdə heç kimi qınamaq olmaz. Kimsə qələm-kağızla daha rahat yazırsa, özünü daha yaxşı, dolğun və rahat ifadə edə bilirsə, burada pis heç nə yoxdur. Kimsə də kompüterdə rahatdırsa, heç bir qəbahət yoxdur. Əsas odur ki, yazıların mahiyyəti və dəyəri yaxşı olsun. Çünki indi yazılanların əksəriyyəti yalan-palandır. Ortaya ciddi yazı qoyulursa, bunun kompüter və ya qələmlə yazılmasının heç bir fərqi yoxdur”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, qələm və ya kompüter yazmaq üçün vasitədir, alətdir: "İnsanın ruhu, ürəyi, düşüncəsi və intellekti varsa, qələmin və klavyaturanın fərqi yoxdur. Mənim üçün heç bir fərqi yoxdur. Qələmlə də eyni formada yazıram, klavyatura ilə də”.
Yazıların kompüterdə itmə təhlükəsinə gəlincə, baş redaktor çıxış yolunu göstərib: "Kompüterdə yazıb sonra da printerə verib çıxardırsan və yazı kağızda qalır: "Başa düşürəm, bəzi həmkarlarımız öz əhval-ruhiyyələrinə bir az romantika qatmaq istəyirlər. Guya qələmin hansısa bir möcüzəli təsiri var. Ədəbiyyat adamları lələklə də yazanda eyni ruhla yazırdılar, karandaş və diyircəkli qələmlə də. Bunun heç bir fərqi olmayıb”.
"Qələminə qüvvət” deyimi əvəzinə formalaşmış "klaviaturana qüvvət” ifadəsinə toxunan E.Mirzəbəyli vurğulayıb ki, bu, modernləşmiş formadır: "Hər halda qələminə qüvvət daha klassik və geniş məna verən anlayışdır. Çünki qələm təkcə yazı vasitəsi təəssüratı yaratmır axı. Hətta belə misal da var. Deyirlər ki, filankəsin qələmi qırıldı. Yəni qələm insan həyatının obrazı kimi də təqdim olunur. "Qələminə qüvvət” daha doğru olardı”.
"Ədalət” qəzetinin təsisçisi, yazıçı Aqil Abbas isə həmişə qələmlə yazdığını və bundan sonra da qələmlə yazacağını deyib: "Qələmin üstünlükləri odur ki, yaxşı fikirləşmək imkanın olur. Qələmlə yazanda sən yazmırsan, onun özü yazır. Doğrudur, çox adam klavyaturada yazır. Amma mən kompüterlə yaza bilmirəm. Bu o demək deyil ki, müasir texnologiyadan istifadə qaydalarını bilmirəm. Bilirəm. Amma qələm ayrı şeydi”.
Jurnalist Rüfət Soltan da qeyd edib ki, yazar adamının əlində hər zaman qələm olmalıdır. Qələmi olmayan necə yazardır axı: "Əvvəllər mən də kağıza yazırdım. Amma indi mənə desələr ki, qələmlə yaz, səbrim çatmaz. O fikirlə də razıyam ki qələmlə yazanda fikirlər daha dolğun və məntiqli olur. Çünki klavyatura ilə yazılarkən mövcud proqramın funksiyaları fikri yayındırır. Birinci üsul sadə olduğu üçün üstündür. Onun üçün sənə qələm və kağız lazımdır, başqa heç nə. Digər tərəfdən isə müasir tələbləri də nəzərə almaq lazımdır. Sözsüz ki, yazarların əksəriyyəti (xüsusən də gənc nəsil) kompüterdə işləməyi üstün tutur. Bu, daha intensiv məhsul əldə etməyə imkan verir. Yəni sürətli və rahat işləmək üçün vaxta qənaət cəhətdən klaviaturada yazmaq daha əlverişlidir. Yazının keyfiyyətinə gəldikdə isə düşünürəm ki, əgər Lev Tolstoy, Dostayevski, Remark kimi klassiklər öz əsərlərini klavyaturada yazmış olsaydılar, bu qədər dünya şöhrəti qazanmış olmazdılar”.
Şair, publisist Aqşin Yenisey hesab edir ki, yazıda əsas məsələ oxucuya hissi, emosiyanı çatdıra bilməkdi: "Yerdə qalanlar texniki məsələlərdir. Hissin, həyəcanın canlı ötürüldüyü sənətlərdən biri də döyüş sənətidir. İnsanlar qılıncla və üzbəüz döyüşdükləri dövrlərdə qəddarlıq, qəzəb, qorxu daha şiddətli formada yansıyırdı iştirakçılara. Bəlkə, o dövrlərdə peşmançılıq, mənəvi əzab, vicdan ağrısı daha güclü olurdu insanlarda. Odlu silahın kəşfindən sonra düşmənlik olduğu kimi qaldı, amma ölüm-dirim məsələsi artıq soyuqqanlı, mexaniki bir işə çevrildi. Bəlkə, elə buna görə insanlar indi daha soyuqqanlılıqla öldürülür. Qılıncdan uzaqlaşma mənəvi əzabdan, mərhəmət hissindən uzaqlaşma ilə özünü göstərdi. Çox güman ki, bu insani buzlaşma ədəbiyyatda da baş verib. Klavyatura ilə yaradılan son illərin romanları demək olar ki, emprik səciyyə daşımır, sırf yeni ədəbi texnikaların mənimsənilməsi ilə yazılır. Klavyaturanın bir üstünlüyü var ki, yazdığını daha rahat poza və yeniləyə bilirsən. Başqa heç bir üstünlük gətirməyib ədəbiyyata”.
"Cümhuriyət” qəzetinin müxbiri Mənsur Rəğbətoğlunun qənaətincə, bunun heç bir fərqi yoxdur. Qələm-kağız, yaxud kompüter - hər ikisi inkişafın məhsuludur: "Əlinin altında nə varsa, onunla yazmaq lazımdır. Doğrudur, kompüter ortaya çıxandan qələm və kağız hörmətdən düşüb. Bu vasitələrdən daha çox dövlət müəssisələrində, ali və orta məktəblərdə istifadə olunur. İndi də deyirlər ki, kompüterlər kağız və qələmlərin tabutu olacaq. Bu fikirlə razı deyiləm. Sabah bu inkişaf bizi aparıb işə raketlə getməyə qədər aparsa, böyük çoxluq bununla razılaşacaq. Çünki biz insan olaraq, həyat şərtlərini dəyişə-dəyişə kompüterləri kəşf etmişik. Birisi gün də avtobus əvəzinə raketə minsək, bunun nəyi pisdir ki? Kağız və qələm də lazımdır. Cəmiyyət arasında hələ əlləri, gözləri kompüter görməmiş nə qədər adamlar var. Lakin şərt "yazmaq üçün mütləq kağız-qələm, yaxud kompüter lazımdır” məsələsi deyil, şərt yaza bilməkdədir. Oğru oturduğu yerdə özündən də oğurlaya bilən adamdır. Yəni, yazmaq istəyi içində varsa, beynində bir mövzu dolaşırsa, bunu hansı vasitə olursa olsun, yazacaqsan. Sabah kompüterləri başqa bir texnoloji yenilik əvəzləyə bilər, bu da bizim inkişafımızdır. Qaldı ki, "qələm və kağızın yerini kompüterlər işğal edib” məsələsini aparıb dəyərlərin ölməsinə bağlamağa, düşünürəm ki, bu, normal düşüncə deyil. Əksinə, kompüterlər və internet həmin ölməkdə olan dəyərlərin inkişaf etdirilməsi, təbliğatı üçün ən ideal vasitələrdir. Axmaqların içərisində ən ağıllı olmaq asan məsələdir. Məsələn, spirtli içkiləri götürək. Hər kəs bilir ki, içkinin aludəsi olmaq normal hal deyil. Şərt onu istəyib içə bilməməkdədir. Bu, iradə tələb edən hadisədir. Yəni yazmaq üçün kompüter daha çoxdursa, bunu mənəvi və milli dəyərlərin aşınması olaraq, qəbul etmək zehni erroziyadır. Tısbağa da çanağında gözəldir. Çanağını itirmiş bir tısbağanı fikirləşin, o paltarsızdır, yoxsa evsiz?”.
"Qələmlə yazanda fikirlər daha yaxşı gəlir” iddiasına gəlincə, həmkarımız söyləyib ki, fikirlər yazanda gəlmir, fikirlər gələndə yazılır: "Bir kompüter, yaxud bir kağız-qələm qarşısında günlərlə durun, əgər beyin fikir istehsal etmirsə, bu gözlənti bir əhəmiyyət kəsb etməyəcək. Düşüncə sahibi olmadan, məsələn, kağıza əl uzatmaq onu korlamaqdan başqa heç nə deyil. Əksinə, sən yüzlərlə kəsilmiş ağacın hesabına hazırlanmış, min cür zəhmət hesabına əmələ gəlmiş bir məhsulu zay edirsən. Ümumiyyətlə, "fikir mən içəndə gəlir”, "kağız mənə ilham verir”, "kompüter fikirləri beynimdən qaçqın salıb” kimi bayağılığa qapılmaq, özünü aldatmaq, bu vəsilə ilə də camaatın tərəzisində özünü ağır çəkmək cəhdidir. Yaxşısı "mən yaza bilmirəm, kağız, yaxud kompüter bəhanədir” etirafıdır. Yaza bilməyənlər həmişə aparıb bu qabiliyyətsizliklərini pərilərin, kəpənəklərin, ilhamların adlarına bağlayıblar. Aqşin Yeniseyin sözü olmasın, biz bir az ələ baxımlılığa öyrəşmişik elə bil. Yazanda həmişə o ilham nədirsə, onu gözləmişiksə, real həyat şərtlərində yaşamaq üçün də əmimizin, dayımızın ciblərinə göz dikmişik. Heç vaxt öyrənmək üçün cəhdlər etməmişik. Yıxılanda da hamıdan qabaq birinci özümüz-özümüzə gülmüşük. Yəni fikir gətirən kağız və kompüter deyil, beyin alışqanlığıdır. Beyin nə ilə yüklənirsə, sonradan onu təkrarlayır”.
(davamı var...)
Ayyət Əhməd