Bəhruz Quliyev: “Ən yaxşı cəza ictimai qınaq və Mətbuat Şurasının əliylə cəzalandırmadır”
Media ombudsmanı reketçiliyin qarşısını ala bilər
Aydın Quliyev: “Media ombudsmanı məsələsini sonrakı illərə saxlamaq daha məqsədəuyğun olar”
Bəhruz Quliyev: “Ən yaxşı cəza ictimai qınaq və Mətbuat Şurasının əliylə cəzalandırmadır”
Bəhruz Quliyev: “Ən yaxşı cəza ictimai qınaq və Mətbuat Şurasının əliylə cəzalandırmadır”
Niyaz Niftiyev: "Saytın və yaxud da hər hansı bir media orqanının fəaliyyəti yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla və ya bağlana bilər”
Cavid İsmayıl: "Hesab edirəm ki, Mətbuat Şurasına əlavə səlahiyyət verilməsi pis olmazdı”
(əvvəli ötən sayda)
Parlamentin iclasında deputat Elmira Axundova ombudsmanın jurnalistlərin müdafiəsinə qalxmasına etiraz edib. Millət vəkili çıxışında bildirib ki, ombudsmanın hesabatında mətbuata təzyiqlərdən danışılır, jurnalistlər müdafiə olunur. Lakin ombudsman demir ki, bəzi media qurumları reketçiliklə pul qazanmaq yerinə çevrilib: "Söz azadlığının təmin edilməsi, informasiya əldə etmək azadlığı bölmələrində siz mətbuata təzyiqlərdən danışırsınız, jurnalistlərin müdafiəsinə qalxırsınız. Bu normaldır və təqdirəlayiqdir.
Amma hesabatın heç bir yerində o məsələyə toxunulmur ki, KİV, xüsusilə bir sıra elektron saytlar son zamanlar kimlərinsə hesablaşması, rəqiblərə divan tutmaq, açıq reketçilik və pul qazanmaq məkanına çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır. Bəs bizi, cəmiyyəti, deputatları, ictimai və dövlət xadimlərini bu cür jurnalistlərin qəddarlığından, azğınlığından kim müdafiə edəcək?”. Deputat düşünür ki, hökumətin jurnalistika və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi: "Biz əvvəllər Milli Məclisdə əlimizdə olmuş vasitəni, yəni İnformasiya üzrə müvəkkil vəzifəsini ixtisar etmişik və onun funksiyasını hörmətli ombudsmanımıza vermişdik. Lakin bu qərarın qəbulundan bir neçə il keçməsinə baxmayaraq informasiya üzrə müvəkkilin fəaliyyəti hələ də görünmür. Bunun da bir sıra obyektiv səbəbləri var. Heç də hər şey hörmətli Elmira Süleymanovadan asılı deyil. Buna görə hesab edirəm ki, biz bu məsələyə ya yenidən qayıtmalı və informasiya üzrə müvəkkil vəzifəsini müstəqil qurum kimi bərpa etməliyik, ya da Ombudsman Aparatı daxilində Elmira Süleymanovaya əlavə səlahiyyətlər verərək bu fəaliyyəti canlandırmalıyıq. Bundan savayı biz müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına daha geniş səlahiyyətlər verməliyik. Məsələn, bu və ya digər saytın fəaliyyətinin müvəqqəti, 1 ay müddətinə dayandırılması yaxşı olar. Necə ki, Milli Televiziya və Radio Şurasına belə geniş səlahiyyətlər vermişik. Düşünürəm ki, həm Ombudsman Aparatı, həm də Mətbuat Şurası jurnalistikada baş alıb gedən bu cür neqativ hallara qarşı daha təsirli mübarizə aparmalıdırlar”. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir: "Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyur, operativ işləyir. E.Axundova jurnalistikanın probleminə yanaşırsa, kompleks yanaşsın”. Məsələ ilə bağlı "Şərq”ə danışan "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, ayrıca mətbuat ombudsmanın yaradılması çoxdan müzakirə olunur: "Biz Mətbuat Şurası olaraq mövqeyimizi bildirmişdik. Amma məsələlərə real baxmaq lazımdır. O vaxt hesab edirdik ki, ayrıca bir qurumun olmasına ehtiyac var. Lakin bu fikir o dövr üçün idi. Ölkənin indiki vəziyyətini və dünyanın neft bazarlarında gedən proseslərin Azərbaycana təsirini nəzərə alsaq, bu gün yeni bir dövlət
orqanının yaradılmasına ehtiyac yoxdur. Media ombudsmanı məsələsini sonrakı illərə saxlamaq daha məqsədəuyğun olar. Düzdür, bu problem aktualdır, amma indiki dövr üçün yox”. Baş redaktorun sözlərinə görə, mövcud qanunları sərtləşdirmək və hüquqi baza yaratmaq lazımdır: "Fikrimcə, mətbuatla bağlı ya indiki ombudsmanın fəaliyyətində ciddi dəyişiklik edilməli, ya da reket media qurumları ilə bağlı Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməlidir. Daha doğrusu, MŞ ilə bağlı ayrıca bir qanun qəbul edilməli və həmin qanun əsasında reketçilik fəaliyyəti ilə məşğul olan, jurnalist adını ləkələyən media orqanlarına qarşı mübarizə aparmaq lazımdır. Bu, ən real çıxış yoludur”. A.Quliyev bildirib ki, jurnalist adından sui-istifadəyə görə cəzaların artırılması, eləcə də medianın qanunsuz və xaricdən maliyyələşdirilməsi ilə bağlı ötən ilin axırlarında inzibati xətalar məcəlləsinə dəyişikliklər edilib və cərimələrin miqdarı artırılıb: "Jurnalist adını kirlədən reketçilərə qarşı qanuna müvafiq olaraq daha ağır cəzalar tətbiq edilməlidir. Ancaq internet resurslarının fəaliyyətinin dayandırılması birbaşa dövlətin müvafiq orqanlarının səlahiyyətində olan məsələdir”.
"Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə bildirib ki, reketçilik artıq yazılı mətbuatdan elektron mediaya transfer edilib: "Bu, çox problemli məsələdir və qarşısını almaq xeyli çətindir. Bilirsiz ki, 1998-ci ildə Ulu Öndərimiz qəzetlər üzərindən senzuranı ləğv etdi. Senzuranın ləğvindən sonra bəzi mətbuat orqanları tam şəkildə dövlət qurumlarını şantaj etmək yolunu tutdular. Lazımsız informasiyaları, şəxsi mənada kiminsə mənafeyinə xidmət edən məlumatları ictimailəşdirdilər. Bəzən elə informasiya olur ki, onlar hər hansı şəxsin əleyhinə yönəlir, onun iş və ya özəl həyatına birbaşa müdaxilə edilir. Bunun qarşısını almaq üçün birinci ictimai qınağa ehtiyac var. Hər bir kəs hansı mətbuatın real informasiya daşıyıcısı olmasını özü təhlil etməlidir”. Baş redaktor bəyan edib ki, Konstitusiyada söz azadlığı və fikir plüralizmi ilə bağlı kifayət qədər müddəalar var: "Yəni bu məsələ qanunla tənzimlənir. Amma təəssüflər olsun ki, media orqanlarına həmin qanunu tətbiq edəndə, demokratik institutlar bunu jurnalistlərə qarşı "təqib” kimi qiymətləndirirlər. Ona görə də hesab edirəm ki, ən yaxşı cəza ictimai qınaq və Mətbuat Şurasının əliylə cəzalandırmadır. MŞ-yə əlavə imkanlar verilsin. Əgər Şura saytları cəzalandırmaq imkanı əldə edərsə, müəyyən uğurlar əldə etmək olar. Amma indiki məqamda Mətbuat Şurası sadəcə "qara siyahı” hazırlaya bilir. Bu da saytın fəaliyyətinə təsir göstərmir, sadəcə onu ifşa və tənqid edir. Amma fikrimcə, reketçiliklə məşğul olan saytları, jurnalistləri ciddi şəkildə cəzalandırmağa ehtiyac var. Sözsüz ki, onların hamısını həbs etmək mümkün deyil. Heç olmasa, MŞ-yə səlahiyyətlər verməklə medianın sağlam fəaliyyətini təmin etməliyik”. "Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev isə jurnalist-deputat xanımın təklifi ilə qətiyyən razı olmadığını deyib: "Azərbaycan hüquqi dövlətdir, internet saytın və yaxud da hər hansı bir media orqanının fəaliyyəti yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla və ya bağlana bilər. Mətbuat Şurasına sırf bu məsələ ilə bağlı əlavə səlahiyyətlərin verilməsi ilə razı deyiləm. Niyə MŞ-yə səlahiyyət verilməlidir ki? Mətbuat Şurası sadəcə o saytları müəyyənləşdirsin, ictimaiyyətə adlarını elan etsin və sənədlərini hüquq-mühafizə orqanlarına göndərsin. Bununla öz işini görmüş olacaq. Əlavə imkanlara ehtiyac yoxdur”.
"APA” informasiya agentliyinin redaktoru Cavid İsmayıl isə millət vəkili Elmira Axundovanın fikirləri ilə razı olduğunu söyləyib: "Elmira Süleymanova media ombudsmanın işini görə bilmir. Mən də hesab edirəm ki, Mətbuat Şurasına əlavə səlahiyyət verilməsi pis olmazdı. Amma bu, hansısa saytın fəaliyyətini 1 ay müddətinə dayandırmaqdan o tərəfə getməməlidir. Çünki biz senzuranı ona görə ləğv etməmişik ki, hansısa başqa formada ona yenidən qayıdaq. Reket jurnalistlərə gəlincə, MŞ-nin reket kimi tanımadığı saytların və qəzetlərin arasında da bu "qədim peşə”yə yoluxanlar var. Əfsus ki, bu problemə tezliklə son qoyulacağına inanmıram”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb