“Media orqanlarının çoxluğu bizi qorxutmalı deyil”

“Bu bir bazardı. Ələnəcək və yalnız keyfiyyətli olanlar qalacaq”
Ələsgər Məmmədli: “Əgər reket jurnalistika varsa, onu bəsləyən reket məmurlar da mövcuddur”


Azərbaycanda 5100-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli "Şərq”ə açıqlamasında söyləyib ki, bunun qarşısı alınmalı hal deyil: "Ölkədə hansısa media quruluşunun təsis edilməsi Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra qərarlaşdırıldı. Düzdü, son Nardaran hadisələrindən sonra dini məqsədli KİV-lər təsis olunmur. Bu qanunla qadağa olunub. Amma digər hallarda qanun buna imkan verir. Kim işini düzgün qurur, auditoriyanı yaxşı hesablayır, onlar peşəkarlar cəlb edə bilir. Media bazarlarında özlərinə yer tapa bilir. Kiminki hazırlığı yoxdur, redaktorluğu və jurnalistikanı bilmir, əlbəttə, onlar müvəffəqiyyət qazana bilmir. Bu aspektdən baxanda KİV-lərin sayının 5100 olması elə də böyük bir rəqəm deyil. Çünki qeydiyyatdan keçmək hələ fəaliyyətdə olmaq demək deyil. Aktiv olmaq üçün peşəkar olmaq lazımdır. Həmin media orqanının maliyyəsi olmalıdır. Jurnalistikanın prinsiplərinə sadiq qalmalıdır. Yəni mətbuat orqanı oxucuya doğru informasiya verməlidir. Media nümunələrinin çoxluğu bizi qorxutmalı deyil. Ona qarşı da mübarizə aparmalı deyilik. Bu bir bazardı. Ələnəcək və yalnız keyfiyyətli olanlar qalacaq. Keyfiyyətsizlər isə sıradan çıxacaq”.

Reketçiliklə məşğul olmaq məqsədilə sayt, qəzet təsis edənlərə gəlincə, ekspert vurğulayıb ki, bu məsələnin iki tərəfi var: "Birinci tərəf odur ki, əvvəla qanunvericilikdə redaktor olacaq şəxslərlə bağlı ali təhsil şərti və jurnalistika peşəsinə sahiblənmə məsələsi var. Yəni hər istəyən redaktor ola bilməz. İkinci bir məqam odur ki, əgər reket jurnalistika varsa, onu bəsləyən reket məmurlar da mövcuddur. Nədən reket jurnalistikası yaşayır, onu kim yaşadır? Onu yaşadan oğru məmurlardır. Onlar öz oğurluqlarının mətbuatda işıqlanmasından qorxurlar. Baxın, mən əgər şəffaf fəaliyyət göstərirəmsə, bir "jurnalist” gəlib desə ki, səndən yazacam. Deyəcəm ki, get yaz. Çünki biləcəm ki, yazdığı böhtan olacaq və məhkəməyə verib, hüququmu bərpa edəcəm. Bu vəziyyətdə reket jurnalistikanın şansı qalmır. Amma deyək ki, məsələn rayonlarda bələdiyyə hesabatlarında göstərilir ki, yola hər il 30 min maşın daş tökülüb, gedib baxırsan ki, 30 ildə bircə maşın daş tökülüb. Bu məsələni yazıb, bələdiyyə sədrinin masasının üstünə qoyan adamın niyyəti təmiz deyil. Həmin adam bunu ciddi şəkildə reketçilik düşüncəsi ilə edib. Amma o bələdiyə sədri də bilir ki, mahiyyət etibarilə yarıtmaz fəaliyyət göstərir. Məhz, bu səbəbdən onlar reket jurnalistlərlə bazarlığa gedir. Baxın, bataqlığı qurutmadan ağcaqanaddan xilas olmaq olmaz. Reket jurnalist ağcaqanatdırsa, onu bəsləyən bataqlıq isə məmurların korrupsiyasıdır. Buna qarşı birgə mübarizə aparmalıyıq ki, nə reket jurnalist qalsın, nə də onu bəsləyən məmur. Doğrudur, əziyyət çəkən, doğruları obyektiv şəkildə cəmiyyətə çatdıran jurnalistlərin adını ləkələyən reketlər mövcuddur. Eyni zamanda, onları ifşa etmək imkanımız var və edəcəyik də. Onları bəsləyən mənbələri də qurutmalıyıq. Bataqlığı qurutmasaq, ağcaqanadlar çəkilməyəcək”.

Ayyət Əhməd