Media orqanlarının vatsap xətti yaradılır

Ekspertlər bu yeniliyin müsbət və mənfi tərəflərindən danışıblar




(Əvvəli ötən sayda)

"Yeni Müsavat” qəzeti oxucularla daha sıx ünsiyyət qurmaq, xəbər mübadiləsini gücləndirmək üçün vatsap xəbər xətt yaradıb. Media qurumu bəyan edib ki, bundan sonra dünyada müasir xəbərləşmə prosesinin ayrılmaz parçasına çevrilən vatsapla xəbərləşmə redaksiyanın əsas iş prosesində yer alacaq. Yəni oxucular xəbər, hadisə dəyərində olan foto-video çəkilişləri media orqanın məlum nömrəsinin vatsap xəttinə göndərərək, onların saytda işıqlandırılmasını təmin edə biləcəklər: "Gözünüzün gördüyü maraqlı olaylar, xəbər dəyərindəki ən müxtəlif hadisələri çəkib, yazıb, eləcə də səsli mesaj şəklində "musavat.com” saytına göndərməniz mümkündür. Yollanacaq mesajlar üçün ölkə və zaman məhdudiyyəti qoyulmayacaq.

Dünyanın bütün nöqtələrindən saytı izləyən oxucular xəbər əhəmiyyətli hadisələri istədiyi saatda bizimlə paylaşa, xəbərləşmə prosesinin bir hissəsinə çevriləcəklər. Yolladığınız materiallarla onlayn şəkildə maraqlanacaq və onları cavablandıracaq, müxbirlərimiz daim xətdə olacaqlar. Amma bunun üçün xəttə zəng etməyə gərək yoxdur, ünsiyyət yazışma şəklində öz həllini tapacaq. Gələn zənglər qəbul olunmayacaq”. "Yeni Müsavat” media qrupu bildirib ki, bu xəbərləşmə sistemi şikayət məktubları üçün nəzərdə tutulmayıb. Bunun üçün qəzet və saytın ayrıca ünvanı fəaliyyət göstərir: 

"Video çəkiliş zamanı telefonu dik deyil, üfüqi vəziyyətdə tutmanız xahiş olunur. Bu, materialın daha sonra sayt versiyası üçün montajında böyük rol oynayır. Sizin xəbərlərinizi gözləyirik. Bizə qoşulun və ölkə gündəminin nəbzini bir yerdə tutaq”. 

Dünyada mobil rabitədən istifadə gündən-günə kütləviləşir. Bu proses təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. 

Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir. Hazırda hər bir vətəndaş üçün mobil telefon və o telefonlardakı texniki funksiyalar çox əhəmiyyətli və vazkeçilməzdir. Təbii ki, kütləvi informasiya vasitələri - televiziya, radio, yazılı və internet media da xəbəri anında ötürən bu mobil aparatlar olmadan işini operativ qura bilmir. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən həm səsli, həm foto, həm də video-görüntülü xəbər ötürəsən. Bu baxımdan KİV-lər mobil rabitənin yeni imkanlarından özünə lazım olan formada istifadə edir. Media ekspertlərinin fikrincə, bu xidməti vətəndaş jurnalistikası hesab edərək doğruluğuna və obyektivliyinə etibar etmək olar. Amma təbii ki, istənilən xəbərin özü və mənbəyi araşdırılmalıdır.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, vatsap və digər sosial şəbəkələr üzərindən qaynar xətt yaradılması təkcə Türkiyədə deyil, Avropa, MDB ölkələrində də geniş yayılıb: 

"Burada söhbət yalnız vətəndaş jurnalistikasından getmir. Həm də bu ona görə lazımdır ki, haradasa bir xəbər olanda, yaxud vətəndaşı narahat edən problem olanda onu ən rahat bir şəkildə media orqanına çatdıra bilsin. Etibarlılıq məsələsinə gəlincə, əlbəttə ki, kimlərsə hansısa bir yanlış və ya qara piar hesab olunan materialları bura yollaya bilər. Amma bu o demək deyil ki, media orqanı, konkret olaraq "Yeni Müsavat” gələn bütün materialları yoxlamadan dərc edəcək. Dəqiqləşdirmə aparacağıq və xəbərin doğruluğu təsdiq olunmayacağı halda dərc edilməyəcək”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "Şərq”ə deyib ki, müasir texnologiyalardan istifadə edilməsi vacibdir. Xüsusən, KİV-lərin modern dünyada mövcud olan yeni texniki vasitələrdən faydalanması olduqca zəruridir. Amma ekspert vurğulayıb ki, burada əsas məsələ həmin yeniliklərdən necə istifadə olunmasıdır: 

"Sosial şəbəkələrdən xəbər əldə edərkən bəzi məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. Bunlar nədən ibarətdir? Birincisi, redaksiyaya müxtəlif mənbələrdən daxil olmuş informasiyaların hansı formada tirajlanacağına və xəbərin dəqiqləşdirilməsi amilinə xüsusi diqqət yetirmək lazımdır. Bütün dünyada sosial şəbəkələrin və vətəndaş jurnalistikasının real mediaya ötürdüyü informasiyalardan geniş şəkildə istifadə edilir. Amma alınan hər xəbərin mənbəyi dəqiqliklə araşdırılır. Çünki xəbərlərin dəqiqləşmədən verilməsi ictimaiyyətdə problemlər yarada bilər. İnformasiya dərindən araşdırıldıqdan sonra yayılır və onun ətrafında müzakirələr açılır”. Ekspertin sözlərinə görə, bəzi media qurumları əldə etdikləri informasiyaları olduğu kimi ictimaiyyətə təqdim edirlər: "Əgər xəbərin mənbəyi, yəni doğru və ya yanlış olduğu yoxlanılmadan cəmiyyətə ötürülürsə, o halda həmin xəbərin yanında xüsusi qeyd yazılmalıdır. Yəni əlavə olaraq bildirilməlidir ki, "bu məlumat vatsap, feysbuk və ya hansısa başqa sosial şəbəkədən götürülüb. Dəqiqliyi araşdırılmayıb”. Bir növ oxucunu informasiyanın obyektivliyi ilə bağlı əvvəlcədən xəbərdar etmək lazımdır ki, vətəndaşlar xəbəri mütləq hadisə kimi qəbul etməsinlər. Bu, çox önəmli məsələdir. Ümumi olaraq, sosial şəbəkələrdən əldə edilən xəbərlərin redaksiyalar tərəfindən araşdırılaraq tirajlanması normal hal kimi qəbul edilir”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev mediada olan bütün yenilikləri və təşəbbüsləri hər zaman dəstəklədiyini deyib:

"Vatsapsız medianın inkişafını təsəvvür etmək mümkün deyil. Mənfi tərəfinə gəldikdə isə belə yeniliklərdə adətən informasiya manipulyasiyasına düşmək ehtimalı çox olur. Ancaq inanıram ki, "Musavat.com”un peşəkar komandası bunun öhdəsindən gələcək. Müsbət tərəfi isə odur ki, onlayn media sosial medianı önləmək və nizamlamaq üçün bir layihəyə start verib. Bu, bir tərəfdən hər kəsin gördüyünü realizə edə bilməsinə yaradılan sosial şəbəkədən daha etibarlı fürsətdir. Digər tərəfdən isə sosial mediadakı "çiy və yarımçıq” xəbərlərin ilkin mənbədən götürülərək, daha mükəmməl, həm də "filtrdən keçirilərək” təqdimatına cəhddir. Dünyanın bir çox böyük media qurumu və məşhur agentliklərində də belə bölmələr fəaliyyət göstərir. Hətta bəzən onların təqdimatında peşəkarlığa da fikir verilmir və olduğu kimi təqdim edilir. Bir daha bu təşəbbüsü dəstəklədiyimizi bildirirəm və həmkarlarımıza uğurlar arzu edirəm”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə xatırladıb ki, sovet dövründə qəzetlərdə "oxucu məktubları” rubrikası var idi:

"Oxucuların redaksiyalara göndərdikləri məktublar bu rubrika altında dərc olunurdu. Düzdür, bu yazıların əksəriyyəti xoş güzərandan, əldə edilmiş nailiyyətlərdən bəhs edirdi. Çox nadir hallarda hansısa problemə diqqət yetirilirdi. Amma redaksiya ilə oxucular arasında sıx əməkdaşlıq mövcud idi. Oxucu təkcə oxumurdu, həm də yazırdı, hansısa məsələyə münasibət bildirirdi, ortaya mövqe qoyurdu. İndi fərqli vəziyyət yaranıb. Oxumaq deyəndə insanların əksəriyyətinin ağlına mikrofon gəlir. Bir çox həmvətənimiz hesab edir ki, oxumaq müğənnilərin, yazmaq isə jurnalistlərin vəzifəsidir. Bədii ədəbiyyata marağın azlığı həm də bu amillə bağlıdır. Cəmiyyəti hərəkətə gətirmək, ictimai rəyi gücləndirmək lazımdır.

Bu baxımdan "Yeni Müsavat” qəzetinin oxucularla canlı təmas ideyasını müsbət qiymətləndirirəm”.

S.Verdizadəyə görə, vətəndaşlar bütün problemlərin həllini mətbuatdan gözləməməlidir: 

"Özləri təşəbbüskar olmalı, onları narahat edən problemləri ictimailəşdirməli, danışmağı, yazmağı öyrənməlidirlər. Heç bir KİV-in bütün ölkəyə nəzarət etmək, ən xırda problemləri belə diqqətdə saxlamaq imkanı yoxdur.

İctimai nəzarət funksiyasını vətəndaşlar özləri həyata keçirməlidirlər. Təəssüf ki, Azərbaycanda vətəndaş jurnalistikası zəif inkişaf edib. Vətəndaşlar öz problemlərinə əksər hallarda laqeyd yanaşırlar. "Yeni Müsavat” oxucularına şans verir. Bu şansı dəyərləndirmək lazımdır. Amma vəziyyətdən sui-istifadə etmək olmaz. Bilirsiz, söz qənbər daşı deyil ki, onu rəqibin başına çırpasan. Redaksiyaya məlumat ötürən şəxs maksimum diqqətli olmalı, obyektivliyi qorumalıdır. Bu xidmət Azərbaycanda yenidir. Amma hansısa problem yaranacağına inanmıram. Ciddi redaksiyaların hamısında peşəkar redaktor korpusu var. Sözsüz ki, tamaşaçıların göndərdiyi məlumatlar "süzgəc”dən keçəcək. Əsas odur ki, oxucular fəal olsunlar”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb