Media qurumlarımızın xarici büroları...

Elçin Şıxlı: “Məncə, bu məsələdə üzərimizdə çox işləməliyik”
Azər Həsrət: “Problemi aradan qaldırmaq üçün mediamız çox böyük yol qət etməlidir”

Yadigar Məmmədli: "Bir sıra qəzetlər maddi çətinlik yaşadıqları, gəlirləri olmadıqları üçün xarici nümayəndəliklərə ehtiyac duymurlar”

İlqar Vəlizadə: "İnkişaf etmiş ölkələrdə bu proses daha sürətlə yayılıb”

Məmməd Gülməmmədov: "Təəssüflər olsun ki, menecment işinin zəif qurulmasına görə, mətbu orqanlarımız nəinki xarici ölkələrdə büro saxlamaqda çətinlik çəkir, hətta ölkəmizin regionlarında belə müxbir saxlamaq iqtidarını itiriblər”



Ölkə mediasının problemlərindən, jurnalistlərin qeyri-peşəkarlığından çox danışılıb. Demək olar ki, medianın müxtəlif sahələri ilə bağlı məsələlər gündəmə gətirilərək müzakirə edilib. Həmçinin, beynəlxalq təcrübəyə malik olan, əcnəbi dilləri yaxşı bilən jurnalistlərin xarici ölkələrin media orqanlarında çalışması da zaman-zaman araşdırılıb, bu istiqamətdə problemlər diqqətə çatdırılıb.

Azərbaycan mətbuatında diqqət çəkən mühüm məqamlardan biri də yerli media quruluşlarını təmsil edən junalistlərimizin xarici ölkələrdə fəaliyyəti ilə bağlıdır. Azərbaycanda mövcud olan televiziyaların, agentliklərin, bəzi qəzet və saytların dünyanın müxtəlif ölkələrində büroları, mərkəzləri fəaliyyət göstərir. Bir sıra mətbuat orqanları isə müxbirlərini fərdi qaydada hansısa ölkəyə ezam edirlər. Xarici ölkələrə ezam olunmuş jurnalistlər həmin dövlətdə baş verən mühüm hadisələri, siyasi və ictimai prosesləri informasiya şəklində yerli media qurumlarına ötürürlər. Bununla yanaşı, konkret vəzifə ilə xarici ölkəyə göndərilən müxbirlər xüsusi reportajlar hazırlayaraq, Azərbaycan oxucularını əcnəbi ölkələrin tarixi, mədəniyyəti və həyat tərzi ilə yaxından tanış edirlər. Bu ənənə xarici ölkələrin media strukturlarında daha geniş yayılıb. Məsələn, qonşu Türkiyə və Rusiyada fəaliyyət göstərən nüfuzlu media orqanları onlarla ölkəyə öz müxbirlərini ezam ediblər. Onların bir çoxu getdikləri ölkələrdə daimi məskunlaşsalar da, digərləri müvəqqəti müddətə ezam olunurlar. Konkret iş üçün xaricə yollanan jurnalistlər vəzifəsini tamamladıqdan sonra Vətənlərinə geri dönürlər. Ancaq Azərbaycan mətbuatında bu sahədə ciddi boşluqlar var. Ölkədə fəaliyyət göstərən çox az sayda media qurumlarının, agentlik və saytların xarici ölkələrdə büroları və ya nümayəndələri çalışır. Ən tanınmış media qurumlarının maksimum iki-üç ölkədə mərkəzləri var. Əksəriyyət mövcud problemi mətbu orqanların maddi durumu ilə izah edirlər. Digərləri isə hesab edirlər ki, ölkəmizdə xarici ölkələrdə çalışmaq bacarığına, təcrübəsinə sahib olan jurnalistlər çox deyil. Bəs ekspertlər məsələni necə dəyərləndirirlər? Jurnalistlərimiz xarici ölkələrdə qaneedici səviyyədə işləyə bilirlərmi, yaxşı reportajlar, lazımlı informasiyalar hazırlayıb təmsil etdikləri media qurumuna göndərirlərmi? Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, əgər hansısa media orqanı öz nümayəndəsini fərdi qaydada xarici ölkəyə göndərirsə, bunu təqdirəlayiq hesab etmək lazımdır: "Hadisə yerindən məlumatların ötürülməsi çox yaxşı üsuldur. Əgər media qurumunun özü peşəkardırsa, onun göndərdiyi jurnalist də peşəkar olacaq, ya da əksinə. Burada dil məsələsi də önəmlidir. Bizdə dil bilən peşəkar jurnalistlərimiz demək olar ki, yoxdur. Maksimum dil bilənlər sadəcə ingilis dilində danışırlar. Rus dilində danışan, yazan jurnalistlərimizin sayı da o qədər çox deyil. Ona görə də əksəriyyət Türkiyədə çalışmağa üstünlük verirlər. Çünki orada dil çətinliyi yaşamırlar. Məncə, bu məsələdə üzərimizdə çox işləməliyik. Onu nəzərə almalıyıq ki, ölkənin əksər media qurumları maddi problemlər yaşayırlar. Azərbaycanda özünü birtəhər dolandıran, qəzeti saxlayan rəhbərlər xaricə necə nümayəndə göndərsinlər?”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib ki, bir sıra mətbu orqanların, informasiya agentliklərinin xarici ölkələrdə büroları fəaliyyət göstərir. Ancaq ekspertə görə, ümumi halda vəziyyət heç də ürəkaçan deyil: "Moskvada, Avropa şəhərlərində tanınmış agentliklərin nümayəndəlikləri var. Hətta okeanın o tayında, Vaşinqtonda belə bürosu olan media qurumlarımız mövcuddur. Əslində onların sayı nə qədər çox olarsa, bizim üçün o qədər faydalı olar. Amma ümumilikdə Azərbaycan mediasının bütün dünyanı əhatə edən jurnalist şəbəkəsi qurması, yaxud müxbir məntəqələri formalaşdırması çətin məsələdir. Maddi çətinliklər və digər çatışmazlıqlar vurğulanan sahənin geniş yayılmasına maneçilik törədir. Ona görə də xarici büroları olmayan KİV-lərimizi başa düşmək lazımdır. İndiki çətin vaxtda onların üzərinə çoxlu yük qoymaq olmaz. Türkiyədə bizim bir çox media orqanlarının xüsusi mərkəzləri fəaliyyət göstərir. Bu da ondan irəli gəlir ki, Türkiyə bizim üçün rahat ölkədir, yaxındır. Qardaş ölkədə jurnalistlərimiz dil problemi yaşamırlar, mədəniyyət ayrıseçkiliyi görmürlər. Amma ümumilikdə məsələ ürəkaçan deyil. Problemi aradan qaldırmaq üçün mediamız çox böyük yol qət etməlidir”. A.Həsrət bildirib ki, bizim KİV nümayəndələri arasında xaricdə çalışma bacarığına malik jurnalistlər elə də çox deyil: "Düzdür, ölkəmizdə peşəkar jurnalistlər kifayət qədərdir. Ancaq Vaşinqtonda, Londonda, Parisdə oturub normal işləyə biləcək müxbirlərimiz azdır. İlk növbədə dillə bağlı ciddi problemlərimiz var. Dildən əlavə həmin ölkələrin tarixini, coğrafiyasını, mədəniyyətini, siyasətini yaxından bilən media nümayəndələrimiz də yox səviyyəsindədir. Mövcud problemlərdən dolayı ölkə mediası xarici bürolara güclü maraq göstərmirlər”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə deyib ki, bu sahədə danışarkən müəyyən məsələləri biri-birindən ayırmaq lazımdır: "Yerli televiziyalar bir sıra xarici ölkələrdə öz bürolarını yaradıblar. Onların müxbir postları vəzifələrini icra edirlər. O cümlədən, bəzi agentliklərin, məsələn, "APA”nın bir sıra xarici ölkələrdə nümayəndələri var. Yəni maddi imkanı olan, ictimaiyyətdə kifayət qədər tanınan media quruluşları çalışırlar ki, daha çox dövlətdə öz bürolarını açsınlar. Amma əksəriyyət qəzetlərin, xüsusən yeni yaranmış portalların bu sahədə fəaliyyəti çox zəifdir. Bir sıra qəzetlər maddi çətinlik yaşadıqları, reklam gəlirləri olmadıqları və az tirajla çıxdıqları üçün xarici nümayəndəliklərə ehtiyac duymurlar. Ona görə də qəzetləri anlamaq çətin deyil. Ancaq yeni media qurumlarında, internet portallarında bu məsələdə boşluğun olması qəbuledilən deyil. Onlayn media quruluşları xaricdə baş verən xəbərləri internet vasitəsi ilə başqa saytlardan götürür. Amma yaxşı olar ki, hər bir mətbu orqanın həm ölkə daxilində, həm də xaricdə özünəməxsus xəbərləri olsun”.

"RİA-Novosti” agentliyinin əməkdaşı İlqar Vəlizadə isə hesab edir ki, problemin əsas səbəbi maliyyə çətinliyidir: "İnformasiya agentlikləri xarici ölkələrdə daimi nümayəndələr açmaq imkanında olmadıqlarına görə, müəyyən müddətə jurnalistləri xaricə ezam edirlər. Ezam olunmuş jurnalistlər də müəyyən bölgələrdən xəbər əldə edərək yerli media orqanına ötürürlər. Ancaq maddi imkanı olanlar üçün dünya praktikasında fərqli üsullar da mövcuddur. Məsələn, bir çox xarici ölkələrdə informasiya satan xüsusi mənbələr var. Onlar pul müqabilində istənilən sayta xəbər verirlər. Təbii ki, yerli media qurumlarının xaricdə bürolarının olması daha məqsədəuyğundur. İnkişaf etmiş ölkələrdə bu proses daha sürətlə yayılıb. Amma təəssüflər olsun ki, Azərbaycan mediasında vəziyyət yaxşı deyil. Əgər mətbu orqanlarımız region şəbəkələşməsini reallaşdıra bilsələr, çox yaxşı olar”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov deyib ki, bir neçə televiziya kanalını və xəbər agentliyini çıxmaq şərtilə ölkə mediasının xarici ölkələrdə demək olar ki, mərkəzləri yoxdur: "Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu səbəblərə qısa nəzər yetirsək görərik ki, ölkəmizdə əksər media orqanları menecment işini düzgün qurmayıb. Müasir dövrdə KİV rəhbərləri davamiyyət və maliyyə dayanıqlılığı üçün düzgün strategiya seçməlidirlər. Sadəcə işin informasiya tərəfi yox, marketinq tərəfi də düzgün qurulmalı, peşəkar jurnalistlərlə yanaşı, peşəkar marketoloqlarla əməkdaşlıq edilməlidir. Təəssüflər olsun ki, menecment işinin zəif qurulmasına görə, mətbu orqanlarımız nəinki xarici ölkələrdə büro saxlamaqda çətinlik çəkir, hətta ölkəmizin regionlarında belə müxbir saxlamaq iqtidarını itiriblər. Xaricə ezam edilmiş jurnalistin yaxşı reportajlar hazırlaması, qaneedici informasiyalar verməsi məsələsi də mühümdür. Bu, həm jurnalistin peşəkarlığından, onun əzmkarlığından, həm də mərkəzi ofisin tələbkar olmasından irəli gələn məsələdir. Düşünürəm ki, ölkəmizdə bu işin öhdəsindən gələcək kifayət qədər peşəkar jurnalist var”.

Baş redaktor bəyan edib ki, əgər KİV öz əməkdaşını xaricə ezam edirsə, deməli, ona verdiyi tapşırıqlar doğrultusunda nəticələr almalıdır: "Burada çox vacib bir məqama toxunmaq istəyirəm. Hər sahənin öz jurnalisti olmalıdır, əgər siyasətdən yazan jurnalisti iqtisadi foruma göndərirsənsə, burada ondan yaxşı informasiya gözləmək bir az sadəlövhlük olardı. Ona görə də redaktorlar jurnalistlərini yaxşı tanımalı, verdikləri tapşırıqları təqib etməli, tələbkar olmalı, ən əsası da "yola verməməlidirlər”. M.Gülməmmədov bildirib ki, informasiya istehsalçılarımız sayılan xəbər agentliklərinin xarici ölkələrdəki bürolarının işini dəyərləndirsək, bunu qaneedici hesab etmək olmaz: "Həmin bürolardakı jurnalistin işi sadəcə o ölkədəki informasiyanı əldə etmək və onu yazmaq olmamalıdır. Müxbirlər ayaq basdığı ölkənin mətbuat orqanları, jurnalistləri ilə sıx əlaqələr qurmalı, onlara ölkəmiz, Azərbaycan həqiqətləri haqqında məlumatlar verməli, bu məlumatların dərcinə nail olmalıdırlar. Əgər bunu bacarmırlarsa, həmin büroların fəaliyyət göstərməsini lüzumsuz hesab edirəm”.

(Davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb